Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Rauf Mirqədirov: “Hazırki qlobal qarşıdurmada Rusiya qalib gəlsə, biz təslim olacağıq”

Rauf Mirqədirov: “Hazırki qlobal qarşıdurmada Rusiya qalib gəlsə, biz təslim olacağıq”

Siyasi şərhçi Rauf Mirqədirov “Azadlıq” radiosuna müsahibəsində 2019-cu ildə Azərbaycanı, regionu gözləyəcək hadisələr haqqında danışıb:

Həmin müsahibəni oxuculara təqdim edirik:

– Azərbaycanda hadisələrin inkişafını proqnozlaşdırmaq mümkün deyil. Hadisələri o zaman proqnozlaşdırmaq mümkündür ki, siyasi sistemin elementləri var və bu elementlər çox dəqiqdir, onların gücü mövcuddur. Yəni oyunçular bəllidir, proqramları bəllidir, onların hadisələrin inkişafında ata biləcəkləri addımlar bəllidir. Azərbaycanda daxili siyasi sistem tamamilə dağıdılıb. Son 15 ildə hər şey bəsitləşdirilib. Amma bunun özü də çox təhlükəlidir. Fors-major situasiyalar yarana bilər, bu da xarici, həm də daxili amillərlə bağlı ola bilər. Bu gün Azərbaycanın gələcəyi üçün çox ciddi bir təhlükə var. Bu da siyasi islamdır. Siyasi islam baş qaldırır. Bu da təbii prosesdir. Hazır ideologiyadır. Düşünürəm ki, 2019-cu ildə siyasi islamın inkişafını görəcəyik. Bu gün tək Azərbaycanda deyil, bütün Şərqdə baş qaldırır. Onun yetərincə ciddi sosial və ideoloji bazası var.

– Siyasi islamın doğuracağı təhlükə nələrdir?

– Təhlükəli amillərdən biri odur ki, bizim demokrat dostlarımız siyasi islamla əməkdaşlığı məqbul sayırlar. Düşünürlər ki, artıq biz şərtlərimizi diktə edəcək qədər güclü deyilik və siyasi islamdan yararlanmağa çalışırlar. Əvvəl siyasi islamla demokratik hərəkat ona görə yanaşı gedə bilirdi ki, demokratik hərəkat güclü idi, öz şərtlərini diktə edə bilirdi və islam hərəkatı oyun qaydalarını qəbul edirdi. İndi isə tərsindədir. Onun gücü demokrat adlandırdıqlarımızın gücündən daha artıqdır.

– Siyasi islamın güclənməsi nə qədər realdır? Azərbaycanda radikal islamçılara qarşı hakimiyyət tədbirlər gördüyünü bildirir. İstər 2015-ci ildə Nardaran əməliyyatları zamanı, istərsə də 2018-ci il Gəncə hadisələrindən sonra çox sayda radikal islamçı olduğu söylənilən, siyasi quruluşu dəyişmək istədiyi iddia edilən vətəndaş tutuldu, öldürülənlər oldu. Hətta hakimiyyət yataq xəstəsi olan şəxsin belə həbs olunmasında güzəştə getmədi.

– Rusiyada inqilab baş verəndə bolşeviklərin partiyası ən kiçik partiya idi və seçkiləri uduzmuşdular. Ancaq hakimiyyəti onlara verməyə məcbur qaldılar. Radikallarla mübarizə aparmaq çətin işdir. Onlar həddən artıq mobil, ideoloji baxımdan güclü və hər şeyə hazır olurlar. Siyasi islamda isə hazır ideologiya var. Özü də bu gün, dünən yaradılmış liberal ideologiya deyil. İkincisi, bizdə iki güclü islam cərəyanı varsa, biri şiəlikdir, ikincisi vəhabilikdir. Hər ikisinin yetərincə resursu var, lazım gələndə xaricdən maliyyə və ya silah baxımından dəstək ala biləcəklər. Ölkənin hər yerində məscidlər var. Yəni hazır struktur, insanların toplaşdığı yerlər var. Bir o qalır ki, lazım olan anda QMİ sədri Allahşükür Paşazadənin təyin etdiyi axundun, ya imamın başından qapaz vurub lazım olan adam lazım olan sözləri desin. Azərbaycandakı situasiyadan danışanda bir məqam da nəzərə alınmalıdır ki, insanlar qəddarlaşıblar. Çünki onları əzirlər, əllərindəki alınır, haqları tapdanır, onlar da susmağa məcburdurlar. Radikal islam isə cəzalandırmağa çağırır. Savadsız kütlə bunun arxasındakı təhlükəni düşünmədən, görmədən ədaləti bu yolla bərpa etməyə, dağıtmağa hazırdır. Təhlükə olan budur. İslam dünyasındakı təcrübələrə baxanda heç birinin sonucunun yaxşı olmadığını görəcəyik.

– Dediklərinizi nəzərə alaraq hakimiyyət müəyyən yumşalmalara gedə bilər?

– Vaxtı olsaydı, gedə bilərdi. Çox şey hazırda gedən qlobal qarşıdurmanın nəticələrindən asılı olacaq. Bu qarşıdurmada Qərb qalib gəlsə, hakimiyyət ciddi yumşalmalara getməli olacaq. Nəticə fərqli olsa… Bu tip hakimiyyətlər könüllü yumşalmırlar. Hamısı düşünür ki, o gözü çıxan qardaşından daha ağıllıdır, qardaşının taleyi onu gözləmir.

– Dediniz ki, hakimiyyətin vaxtı olsa, dəyişikliyə gedərdi. Nəyə vaxtı olsaydı?

– Düşünürəm ki, 2019-cu ildə, ən uzağı 2020-ci ildə Qərb-Rusiya qarşıdurmasına aydınlıq gətiriləcək. İndiki qlobal qarşıdurma uzun müddət davam edə bilməz. Sözsüz ki, qarşıdurma ilə bağlı həll yolu tapılacaqsa, maraq dairələri müəyyənləşəcəksə, bu, Azərbaycana da, eləcə də Cənubi Qafqaza da çox ciddi təsir göstərəcək. Bu il əsas məsələ ABŞ-Rusiya, Qərb-Rusiya qarşıdurmasının nəticələrinin necə olacağı ilə bağlıdir. Bu nəticələr Yer kürəsində yaxın 20 il üçün inkişaf yolunu müəyyənləşdirəcək.

– Azərbaycan bu cür həlledici məqamda iki qüvvənin arasında necə seçim etməlidir?

– Azərbaycan indiyədək çoxvektorlu, balanslaşdırılmış siyasət yeridirdi. Amma bunun sonu çatmaq üzrədir. Proses elə bir mərhələyə çatır ki, ya Rusiya işi nüvə qarşıdurması həddinə çatdırmalıdır, ya da geri çəkilməlidir. Çünki onun silahdan, hərbi resursdan başqa heç bir gücü yoxdur. Söhbət dünya ÜDM-sində 1.7 faiz payı olan Rusiyadan və dünya ÜDM-sində təxminən 60 faiz payı olan Qərbdən gedir. Yəni qüvvələr, resurslar həddən artıq qeyri-bərabərdir, rəqabət üçün Rusiyanın heç bir resursu yoxdur. Ona görə də, bu ölkədə son prezident seçkisindən bu günə qədər Moskvanın ancaq son silah növləri haqda danışmasının şahidi olmuşuq. Bu yaxınlarda mövcud raketlərdən sürətinin 27 dəfə çox olduğu deyilən raketin sınaqdan keçirildiyini iddia etdilər. Rusiyanın məğlubiyyəti qaçılmazdır. Ancaq o həm də şantaj edir, bu da var, bir də vəziyyəti sadəcə, gərginləşdirməklə Qərbi güzəştlərə getməyə məcbur etməsi mümkündür. Bu şantaj resursu da daralıb. Hücum etmək, çevriliş etmək, ərazi zəbt etmək… Hər bir gərginləşmədən sonra bu ölkəyə qarşı iqtisadi sanksiyalar artır. İndi sanksiyalar o həddə çatıb ki, bu mərhələdə ölkənin dağıdılmasından söhbət gedə bilər, beynəlxalq resurslardan məhrum edilə bilər. Bu baxımdan, 2019-cu il həm Rusiya, həm də beynəlxalq aləm üçün mühüm ildir. Cənubi Qafqazda hadisələrin inkişafı o qarşıdurmanın nəticələrindən asılı olacaq.

– Bu zaman Cənubi Qafqazdakı münaqişələrdən də istifadə mümkündürmü?

– Putinin daxildəki reytinqini artırmaq üçün əlində çox az imkanlar qalıb. O reytinqi artırmaq, Qərbi güzəştə vadar etmək üçün bir yolu var – xarici təcavüz. Belə regionlardan biri Cənubi Qafqazdır. Burda Qarabağ münaqişəsi var, Gürcüstanla bağlı problemlər var. Eyni zamanda, regionda Qərbin, ABŞ-n da maraqları var. Cənubi Qafqaz maraq dairələrinə bölünməyib, regionun hansı gücün maraq dairəsində olduğu dəqiq müəyyənləşməyib. Rusiya guya siyasi baxımdan cənub sərhədlərini, Yaxın Şərqdə, məsələn, İrana təsir imkanlarını müəyyənləşdirmək istəyə bilər. Bu regiona nəzarət edəcək tərəf Orta Asiyanın dünyaya çıxışına nəzarət etmiş olacaq. Bu baxımdan region mürəkkəb regiondur və uğrunda mübarizə gedir. Mübarizə qlobal qarşıdurmanın nəticələrinə təsir göstərmək imkanına bərabərdir.

– Azərbaycan bu iki qütbün mübarizəsində ziyan çəkməmək üçün necə davranmalıdır? Sizin dediyiniz kimi, çoxvektorlu xarici siyasətin sonu gəlibsə, seçimi necə etməlidir?

– Biz çox vaxt itirmişik. Azərbaycan özünü beynəlxalq təhlükəsizlik sisteminin tərkib hissəsinə çevirə bilsəydi, ən azından Azərbaycan-Türkiyə hərbi alyansı yaransaydı, bu, bizim təhlükəsizliyimizə müəyyən qarantiyalar verə bilərdi. Hətta Qarabağ probleminə də təsirsiz ötüşməzdi. İndiki vəziyyətdə biz ancaq gözləyə bilərik. Doğrudur, hansısa mərhələdə seçim etmək məcburiyyətində qalacağıq. Amma bizim artıq hadisələrin gedişinə təsir göstərmək imkanımız yoxdur. Bir tərəfdə İrandır, bir tərəfdə Rusiyadır. Regionda, hələlik, Qərb hərbi-siyasi təmsilçiliyi yoxdur. Qərb bu mübarizədə qalib gələrsə, bizə perspektivlər açılır. Ruslar qalib gələrsə, biz ancaq təslim olacağıq.

– Prezident İlham Əliyev son çıxışlarında Qarabağ münaqişəsi ilə bağlı pozitiv danışır. Sizcə, o, bu il baş verə biləcək qlobal proseslərdə uduş əldə etməyi düşünür?

– Məncə, o, qlobal prosesləri nəzərdə tutur. Münaqişənin həllində müəyyən irəliləyişlərə çalışacaq.

– Bu, hərbi əməliyyat yolu ilə olacaq, ya güclərdən birinə söykənərək güzəşt əldə edəcək?

– Mən düşünmürəm ki, prezident İlham Əliyev buna gedər. Hərbi əməliyyatlara gedən insan Kremldən ciddi təminat almalıdır. Yalnız o halda hərbi əməliyyatlarda uğur qazana bilər. Moskva belə təminatı bir halda verə bilər – Azərbaycan Rusiyaya təslim olduğunu bəyan etsin. İlham Əliyevin bunda maraqlı olacağını düşünmürəm.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …