AzNews.az portalı Azərbaycan Xalq Demokratik Partiyasının başqanı Rafiq Turabxanoğlu ilə müsahibəni təqdim edir:

– Rafiq müəllim, vaxtilə Prezident, daha sonra parlament və bələdiyyə seçkilərinə qatılmısınız. Amma son vaxtlar siyasi arenada yoxsunuz…

Mən çalışıram ki, yaşıma uyğun hərəkət edim, hər şeyin öz vaxtı var. Mənim hər zaman əsas fikrim, inamım odur ki, bir türk olaraq böyümək, birgə olmaq lazımdır. Hazırda da böyük Türk dünyasını yaratmaqla bağlı şansımız var. Hər zaman bu yolda çalışıram. 1990-cı illərin əvəllərində bu istiqamətdə imkanımız daha böyük idi, ona görə biz də ciddi cəhcdlə çalışırdıq. İndi imkanlar bir az məhdud olsa da, əsas məramım məhz bu istiqamətdədir.

– Başqanı olduğunuz Azərbaycan Xalq Demokratik Partiyasının fəaliyyəti tamamən görünməzdir. Bəs bunun səbəbi nədir?

– Geniş şəkildə fəaliyyət göstərmək üçün yaxşı maddi imkan olmalıdır. Hazırda nə mənim, nə də partiyada təmsil olunanların elə bir imkanı var. Bununla belə, partiyamız fəaliyyətini dayandırmayıb. Aktiv siyasətdə olmasaq da, öz ideyalarımızı, istiqamətimizi yenə də davam etdiririk.

– Bu günlərdə mərhum prezident Əbülfəz Elçibəyin ölümünün ildönümü olacaq. Eyni vaxtda aktiv siyasi fəaliyyətdə olduğunuz Elçibəyi necə xarakterizə edərdiniz?

İnsan kimi ona hər zaman böyük hörmətim olub. O da qarşılıqlı olaraq mənə hörmət edirdi. Çox mülayim xarakterə malik idi. Heç kimin xətrinə dəyməməyə çalışırdı. Dünyagörüşü, fəlsəfi baxışı zəngin idi.

– Səhv etmirəmsə, prezidentliyə namizəd olanda Elçibəy sizə, siz də ona səs vermisiniz. Bunu necə izah edərdiniz?

– Bəli, səsvermədən sonra Elçibəyə sual vermişdilər ki, kimə səs verdiniz? O da səsini mənə verdiyini demişdi. Mən də öz səsimi heç kimdən gizlətmədən Əbülfəz bəyə vermişdim. O zaman hər kəs buna təəccüblənmişdi. Bizim hər ikimizi millətin taleyi düşündürürdü, dərdimiz bir idi. Hər ikimiz də harada hansı gedişi etdiyimizi bilirdik. Bunu ətraflı izah etmək üçün çox geniş danışmaq lazımdır…

– Azərbaycanda hazırki ənənəvi müxalifətin fəaliyyətini necə dəyərləndirirsiniz? Hər hansı tədbirlər zamanı sizə də dəvətlər olurmu?

– Ümumiyyətlə, müxalifətin böyüməsi, güclü olması cəmiyyət üçün lazımdır. Müxalifət bir növ iqtidarın təkanvericisidir. Müxalifət nə qədər güclü olarsa, o qədər siyasi rəqabət olar. Əslində, hər iki tərəfin məqsədi aydındır. Bu məqsədləri həyata keçirmək üçün isə vasitə lazımdır. Bizim müxalifət isə ola bilsin ki, bu vasitədən istifadəni bacarmır və yaxud hələ o dərəcədə inkişaf etməmişik.

– Rafiq müəllim, təəssüf ki, Azərbaycanda radikal müxalifət bir çox mühüm və müsbət məsələlərdə görünmür, amma ölkəmizi aşağılayan, pisləyən istənilən kiçik bir şey olan kimi üzə çıxıb “biz də varıq” deyirlər.

Bu gün heç bir müxalifət Azərbaycana radikal olmamalıdır. Amma təəssüf ki, müxalifətçilərin bəzi çıxışları vəzifə davası kimi səslənir. Ola bilsin ki, bəzən nəyi hansı formada deyəcəklərini dəyərləndirmirlər, cilalamırlar və ya nə istədiklərini özləri də bilmirlər. Bu gün təbii ki, 19-cu əsr deyil, 21-ci əsrdir. Ona görə də hər kəs nə danışdığına fikir verməli, yüz ölçüb bir biçməlidir.

– Bilirsiniz, bir neçə il öncə “Milli Şura” adlı bir layihə irəli sürüldü. Bir çox siyasətçilər bunun Rusiyanın projesi olduğunu dilə gətirdi. Azadlıq hərəkatında mücadiləsi olan biri kimi bu məsələyə necə baxırsınız?

– Bu “Milli Şura” məsələsi də bayaq dediyim kimi vəzifə davasına oxşayırdı. Bunlar bir oyundur, sənin də o oyunu oynamamaq imkanın yoxdur. Amma indi çox mürəkkəb, məsuliyətli bir dövrdür. Müxalifətin vəzifəsi kütləni yetişdirməkdir. Bugünkü standartlara görə, müxalifət bu vəzifəsinin öhdəsindən gələ bilmir. Görünür, nəyi necə qabartmalaranı hələ dərk edə bilmirlər ki, onları da bir qüvvə kimi saysınlar.

– Uzun illərdir, türkçülük, turançılıq uğrunda çaba göstərirsiniz. Bu gün Türk dünyası lazımi səviyyədə birləşə və ya həmrəy ola bilirmi?

– Vaxtilə müxtəlif adları daşımış bu böyük xalqın əslində kökü birdir və gələcəyi də bir olmalıdır. 1992-ci il 30-31 oktyabrda Bakıda Filarmoniyanın binasında biz Turanın qurultayını çağırmışdıq. Bu qurultayda dünyanın bütün Türk xalqlarının nümayəndəsi var idi. Qurultayın materialları və mənim neçə ildə gördüyüm işlər BMT-yə göndərilmişdi. Yazılı surətdə mənə cavab verildi ki, sizin bu sahədə gördüyünüz işlər BMT-nin informasiya blokundadır və biz sizdən gələcək informasiyaları gözləyirik. Sonra bizə bildirildi ki, belə bir dövləti yaratmağa hazır deyilsiniz. Amma bu gün bu məsələdə internet bizi 50 il qabağa atıb. Yəni artıq internet birlik, həmrəylik məsələmizi həll edib. İndi qalır o zamankı qurutayda qoyulan məsələyə: dövlət üçün bizim bir vasitəmiz olmalıdır. Dünyada ibtidai-icma quruluşu dağılandan sonra ən yaxşı cəmiyyət forması millətdir. Qurultayda qoyulan 15 bəndi yerinə yetirmək üçün nəzərdə tutulurdu ki, Vatikan tipli mənəvi dövlət qurulmalıdır. Bunun da həyata keçirilməməsinin günahı müəyyən qədər məndə oldu. O zaman Orta Asiyanın ən nüfuzlu şəxsi Çingiz Aytmatovla görüşdük, söhbət etdik. Orada Monax deyilən bir düzəngah var, oraya hətta bir vertolyot yolu da çəkdilər. Monax bayramında orada Məkkəyə oxşar bir şey düzəltdilər və dedilər ki, bunun da ortasına Türk dünyasının ərazisinə düşmüş böyük və qiymətli daşlardan abidə qoyacağıq, insanlar gəlib buna baxacaqlar. Bu da bizim mənəvi mərkəzimiz olacaqdı, Vatikana bənzər Turan dövləti. Turqut Özal isə məsələni konkret qoydu ki, siz yeni yaranmış dövlətlərsiniz və bir misal da çəkdi ki, Vatikan ona görə yaşayır ki, İtaliya kimi dünyanın tanıdığı bir dövlətin içindədir. O dedi ki, siz bunu saxlaya bilməyəcəksiniz, gətirin Turan dövlətinə İstanbulun Avropa tərəfini verək, Bosfor boğazından gələn gəlirlə də onu təmin edək. Mən gəldim Əbülfəz bəylə danışdım, o dedi ki, ideya bizim, hər şey bizim, bir azdan da neftimiz çıxacaq, Cavanşir qalasını da tikəcəyik, bu da olacaq rəmzi Turan dövləti. Yəni məhəbbətdən doğan bir mübahisə bunu gecikdirdi, sonra da 4 iyun qiyamı baş verdi. İndi dünyada tanınmış, siyasətçilərimizi, elm adamlarımızı bir araya yığıb demək lazımdır ki, bu işi həll edin. Sadəcə olaraq, əziyyət çəkmək lazımdır. Təkcə Rafiqin deməyi ilə iş düzəlmir axı…

– Rafiq müəllim, 72 yaşınız var, istirahətinizi necə təmin edirsiniz?

– Vaxtımı nəvələrimlə keçirirəm. 3 nəvəm var, onlarla parkda gəzmək mənim üçün böyük istirahətdir…

***

Qeyd edək ki, Rafiq Turabxanoğlu 1946- cı ildə Qubadlı rayonunda anadan olub. 1965-ci ildə Neft Texnologiya Texnikumunu, 1975-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1966-cı ildə Ümumazərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyasını təsis edib. 1967-ci ildə antisovet düşüncəsinə görə həbs olunub. 1968-ci ildə azad ediləndən sonra bu partiyanı Azərbaycan Xalq Demokrat Partiyası adlandırıb və həmin vaxtdan təşkilatın rəhbəridir. 1992-ci ildə prezidentliyə namizəd olub. Bir oğul övladı var.

Elgün MƏNSİMOV
AzNews.az