Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Paşinyan etiraf etdi: İlham Əliyevin mövqeyi erməni cəmiyyətindən daha vacibdir

Paşinyan etiraf etdi: İlham Əliyevin mövqeyi erməni cəmiyyətindən daha vacibdir

Ermənistan növbəti siyasi-ideoloji problemlə üzləşib. Faşizm üzərində qələbənin 76-cı ildönümü qeyd edilir. Ancaq Ermənistan faşist Qaregin Njdeyə abidə ucaltmaqla, özünü bu beynəlxalq bayramdan təcrid etmiş kimi görünür.

Rusiya və ATƏT-ə üzv 10 ölkə Ermənistanı faşist Q.Njdenin abidələrini ləğv etməyə çağırıb. Rəsmi İrəvan hələlik bu çağırışlara cavab verməyib. Bununla belə, uzun müddət cavabdan yayına biləcəyi də qətiyyən inandırıcı görünmür.

Ona görə də, ermənilər istənilən halda, “iki faşist”in – Q.Njdeyə Ermənistan paytaxtı İrəvanda və Azərbaycanın Xocavənd rayonunda (Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə) olan abidələrinin taleyini mütləq həll etmək məcburiyyətindədir. Əks halda, bu məsələ hələ uzun müddət rəsmi İrəvana ciddi problemlər yarada bilər.

qaregin-fashist.jpg (186 KB)

Rusiyalı ekspert Modest Kolerov da ermənilərin artıq seçim etmək məcburiyyətində olduğunu vurğulayıb. Onun fikrincə, Q.Njde böhranı həll edilməzsə, Ermənistanın və Qarabağ ermənilərinin Rusiya ilə münasibətlərindən müsbət perspektiv gözləmək yersizdir.

Eyni zamanda, rus ekspert ermənilərin faşist Q.Njdeni məhz indi, həm də Qarabağda “şöhrətləndirməsi” məqsədyönlü xarakter daşıyır: “Njde rusofobiyanın simvolu və rus xalqına qarşı genosidin iştirakçısıdır. Rəsmi İrəvan da, Qarabağ erməniləri də bunu yaxşı bilirlər. Ona görə də, onların Rusiya ilə münasibətlərdən danışması yalandan başqa bir şey deyil.

Maraqlıdır ki, bu mövzu ermənilərin ən yaxın dostu, türklərin isə qatı düşməni olduğunu qətiyyən gizlətməyən Vladimir Jirinovskini də narahat etməyə başlayıb. Onun fikrincə, ermənilərin Rusiyanı qıcıqlandıracağını bildikləri halda, Q.Njde kimi faşistə heykəl ucaltmaları anlaşılmaz və yolverilməzdir: “Q.Njdenin faşist cəlladı olduğu və nasist Almaniyasına xidmət etdiyi təsdiqlənibsə, deməli, ona heykəl qoymaq olmaz”.

Göründüyü kimi, “Njde böhranı” tədricən gec partlayan “bomba”ya çevrilməyə başlayıb. Böyük ehtimalla bu “bomba” rəsmi İrəvanın əlində partlaya bilər. Çünki ermənilər bu problemi həll etməyə həvəs göstərmirlər. Əksinə, Ermənistan üçün siyasi-ideoloji məzmun daşıdığı üçün inadkarlıq göstərməyə çalışırlar.

modern.az_pass_371_(1).jpg (41 KB)

Ancaq bu məsələnin həlli yalnız Ermənistanın istəyinə bağlı deyil. Əlbəttə, Q.Njdenin Ermənistandakı heykəli ilə bağlı problem ilk növbədə Rusiya və rəsmi İrəvan arasında həll edilməlidir. Kremlin bu məsələdə nə qədər həssas olacağı bir az müəmmalı məqamdır. Hətta Rusiya bu önəmli problemi hələlik görməməzliyə də vura bilər.

Ancaq ermənilərin Azərbaycanın Xocavənd rayonu ərazisində qaraladıqları heykələ münasibət ciddi şəkildə fərqlənir. Belə ki, rəsmi Bakı həmin heykəlin dərhal sökülməsində israrlı mövqe tutur. Bunu həmin əraziyə nəzarət edən Rusiya sülhməramlı qüvvələrindən də tələb edir.

Maraqlıdır ki, bir neçə gün öncə Rusiya sülhməramlı qüvvələrinin komandanı Rustam Mahmudovun Xocavənddəki heykəlin sökülməsi barədə göstəriş verdiyi barədə məlumatlar yayılmışdı. Ancaq bu məlumatlar rəsmən təsdiqlənməyib. Halbuki əgər, heykəl ən qısa zamanda sökülməzsə, rəsmi Bakının sərt addımlar atmağa hazırlaşdığı barədə də məlumatlar mövcuddur.

Hələlik rəsmi Bakı tərəfindən atılması nəzərdə tutulan addımlar haqda detallı danışmağa həvəs göstərilmir. Ancaq bu addımların birmənalı şəkildə sərt və hərbi xarakterli olacağı qətiyyən istisna edilmir. Və bu ehtimal rəsmi İrəvan tərəfindən də ciddiyə alınmaqla, Azərbaycan ilə yeni hərbi qarşıdurma təhlükəsindən yayınmağa üstünlük verilir.

Maraqlıdır ki, rəsmi İrəvan Q.Njdenin heykəli ucbatından Azərbaycan ilə hərbi toqquşma ehtimalını Ermənistan üçün real təhlükə kimi qəbul edir. Hər halda, Ermənistan mətbuatı Paşinyan hakimiyyəti tərəfindən bu məsələnin həllinə cəhd göstərildiyi iddia olunur. Və həmin iddialarda baş nazir Nikol Paşinyanın bu məsələ ilə bağlı mövqeyini qətiləşdirdiyi bildirilir.

indir-araik.jpg (11 KB)

Son məlumatlara görə, erməni baş nazir Qarabağdakı separatçılara Q.Njdenin heykəlinin sökülməsini tapşırıb. Ermənistan mətbuatı iddia edir ki, baş nazir Nikol Paşinyan özünün keçmiş mətbuat katibi Vladimir Karapetyan vasitəsilə Azərbaycan tərəfinə Q.Njdenin heykəlinin söküləcəyini bildirib. Eyni zamanda, N.Paşinyanın artıq bu barədə separatçı Araik Arutyunyana Xocavənddəki heykəlin sökülməsini tapşırdığı vurğulanır.

Bütün bunlara paralel olaraq, digər separatçı Vitali Balasanyanın bu məsələ ilə bağlı Xocavəndə göndərildiyi və onun erməniləri faşistin heykəlini sökməyə çağırdığı da bildirilir. Ancaq V.Balasanyan özü bu məlumatın qismən doğru olduğunu dolayısı ilə etiraf edib. O, bildirib ki, heykəlin sökülməsi deyil, başqa yerə aparılması ilə bağlı məsələ müzakirə edilməkdədir.

Bu, mövcud iddiaların doğru olduğunu düşünməyə əsas verir. Çünki əsas məsələ erməni faşistin heykəlinin ümumiyyətlə, Azərbaycan  ərazisində olmamasıdır. Yəni bu heykəlin sökülüb, daşınacağı yer yalnız Ermənistan ərazisində ola bilər. Əks halda, rəsmi Bakının sərt reaksiyasının qaçılmaz xarakter daşıyacağı şübhə doğurmur.

Əslində, rəsmi İrəvan da bunu tam dəqiqliyi ilə bilir. Ona görə də, Azərbaycanın sərt reaksiyası və Ermənistan cəmiyyətinin etirazları arasında prinsipial seçim etməli olub. Və bu seçimin Azərbaycanın səbrinin sınağa çəkilməməsi yönündə olduğu bildirilir.

111600034279.jpg (44 KB)

Maraqlıdır ki, Ermənistan mətbuatına məlumat verən mənbə Njde böhranının Paşinyan hakimiyyəti daxilində ciddi ziddiyyətlərə yol açdığını da vurğulayıb. Onun dediyinə görə, bu məsələ ilə bağlı verdiyi qərarın Ermənistan cəmiyyətində çox ciddi nəticələrə səbəb ola biləcəyi N.Paşinyanın ən yaxın ətrafı tərəfindən erməni baş nazirə xatlrladılıb.

Ancaq baş nazir Nikol Paşinyanın buna reaksiyası hətta onun ən yaxın ətrafı üçün belə, gözlənilməz məzmun daşıyıb. Çünki, mənbə baş nazir Nikol Paşinyanın “Azərbaycan Prezidenti İlham Əliyev ilə münasibətlər indi Ermənistan cəmiyyətinin mövqeyindən daha vacibdir”, deyə cavab verdiyini iddia edir.

Bəzi yerli ekspertlər erməni baş naziri bu mövqeyinə görə artıq sərt şəkildə tənqid etməyə başlayıblar. Onların fikrincə, “heykəl böhranı” və N.Paşinyanın Azərbaycan ilə münasibətlərə can atması barədə məlumatlar erməni baş nazirə növbədənkənar parlament seçkilərində müəyyən qədər səs itkisi vəd edir. Bununla belə, onun seçkilərdə birmənalı şəkildə məğlub olacağından danışmaq üçün hələlik elə bir ciddi əsas da yoxdur.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkilərindən sonrakı dövr barədə indidən düşünməyə başlayıb. O, Ermənistanda həmin dövrün nə vəd edəcəyinin məhz Azərbaycan ilə normal münasibətlərdən asılı olduğunu anlayan çox azsaylı siyasətçilərdəndir. Bu baxımdan, növbədənkənar parlament seçkilərindən sonra siyasi mövqelərini möhkəmləndirə biləcəyi təqdirdə, baş nazir Nikol Paşinyanın rəsmi Bakı ilə indikindən daha fərqli münasibətlər modelinə cəhd göstərəcəyi qətiyyən istisna olunmur. Musavat.com

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …