Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Paşinyan Azərbaycana daha bir böhtan atdı

Paşinyan Azərbaycana daha bir böhtan atdı

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə “Exo Moskvı” (“Moskvanın səsi”) radiosuna müsahibəsində regionda müharibə risqinin olduğunu deyib. Onun sözlərinə görə, guya bu risqin də başlıca mənbəyi Azərbaycanın güzəştdən uzaq olan aqressiv siyasət aparmasıdır.

Bəllidir ki, bu məsələdə Paşinyan açıq yalan danışır. Çünki bütün beynəlxalq aləm bilir ki, aqressiv siyasətin yürüdülməsini artıq Ermənistan özü üçün brendləşdirib. Belə olan tədirdə, bütün dünyanın gözü qarşısında Paşinyanı bu cür ağ yalanı danışmağa nə vadar edir?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yalan danışmaq zəiflik və qorxaqlığın əlamətidir: “Onun bu yalanlarının səbəbi məhz budur. Paşinyan hazırda istər daxili, istərsə də xarici siyasətdə çox çətin bir vəziyyətdədir. Rusiya kimi müttəfiq itirilib, yeni müttəfiqlərin etimadını isə hələ qazana bilməyib. Ona görə də Qarabağ kartını işə salıb. Bu, ilk növbədə, daxili siyasətdə və şovinist diaspor erməniləri arasında öz mövqeyini möhkəmlətmək cəhdidir. Digər tərəfdən, Azərbaycanın günü-gündən möhkəmlənməsi, güclənməsi Ermənistanın rəhbərliyində olan, kimliyindən asılı olmayaraq, hər kəsi narahat edir. Çünki onların qarşılarında bir nömrəli vəzifə Azərbaycan torpaqları hesabına Ermənistan torpaqlarını genişləndirməkdir. Ermənistanda hakimiyyətə gələn istənilən şəxs qarşısında bu vəzifə strateji hədəf kimi qoyulur. Bu, faşistlərin “Günəş və səma altında həyati mövcudluq məkanı” konsepsiyasına oxşayır: özgə torpaqları hesabına öz arealını genişləndirmək. Hitler alman geopolitiklərdən bəhrələnib öz torpaqlarını işğal yolu ilə genişləndirmək istədiyi kimi, ermənilər də saxta tarix uydurub özgə torpaqlarına iddia etmək yolu tutublar. Erməni ideologiyası tarix boyu bunun əsasında inkişaf edib. Burada diaspor, erməni kilsəsi, saxta tarix qondaran ideoloqlar həmişə öndə gediblər”.

N.Məmmədovanın sözlərinə görə, erməni işğalçı ideologiyasına xidmət etməyən heç bir lider erməni dövlətinin başında uzun müddət qala bilməz: “Paşinyan da istisna ola bilməz. Adətən uğursuzluq olan zaman yalan, böhtan işə düşür. Paşinyanla da bağlı eyni vəziyyətdir. Qarşısında qoyulan vəzifələrin öhdəsindən gələ bilməyən Paşinyan bu cür yalanlarla diqqəti əsas problemlərdən yayındırmaq istəyir. Tarix boyu ermənilər bizim hesabımıza öz torpaqlarını genişləndiriblər. Faşistlərin həyati məkan dedikləri arealı Azərbaycan torpaqları hesabına əldə ediblər. Köçəri bir xalq Qafqaza gəlib və burada bizim hesabımıza ərazi əldə edib. Qarabağa köçüb orada xanlıq dövründə məlikliklər yaradıblar. Çar Rusiyası dövründə xeyli imtiyazlar əldə edib, sonra 1918-ci ildə İrəvanı bizdən qoparıblar. 1991-ci ildən sonra da bu işğal davam edib. Ancaq biz indi çox həlledici bir dövr yaşayırıq. Ermənilər Qarabağın işğalını rəsmiləşdirə, qanuniləşdirə bilmirlər. Milyardlarla dollar pul xərcləyib lobbi fəaliyyəti qursalar da, illərlə əleyhimizə iş aparsalar da, buna nail ola bilmirlər və bilməyəcəklər də. Azərbaycan 25 ildə ermənilərin 250 illik təbliğatını yerlə-yeksan edib. Biz artıq tarixin elə bir mərhələsini yaşayırıq ki, Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmayıb. Azərbaycan nəinki ermənilərə bir qarış torpaq vermək, əksinə, İlham Əliyev indiyədək güzəştə gedilmiş İrəvan və Zəngəzuru qaytarmaq konsepsiyası ortaya qoyub. Buna Azərbaycanın siyasi, hərbi, iqtisadi potensialı imkan verir”.

Politoloq hesab edir ki, Ermənistanın öz ərazisini böyütmək planları məhz bu dövrdə iflasa uğrayıb: “Kasıb, səfalət içərisində yaşayan ölkəni təhvil alan Paşinyan möcüzə göstərməyə qabil deyil. Konfutsi demiş, həyatda möcüzələr olmur. Hər şey ağıla, məntiqə söykənir. Belə bir şəraitdə hakimiyyətini saxlamaq üçün o, hansısa yalan, mif və əfsanələr danışmaqla kütləni sakitləşdirməli, vaxt qazanmalı, onu hakimiyyətə gətirən qüvvələrin qarşısına qoyduğu tapşırıqları yerinə yetirməlidir. Bu tapşırıq isə heç də Qarabağın Ermənistana verilməsi yox,  Ermənistan ərazisindən qonşu böyük dövlətlərə – Rusiya, İran və Türkiyəyə qarşı poliqon kimi istifadə etməkdir. Paşinyan zəif, uğursuz siyasətçi olduğunu getdikcə daha aşkar sübut edir”.

Politoloq deyir ki, hazırda Ermənistanda gedən prosesləri Paşinyan özü idarə etmir: “Onu hakimiyyətə gətirən böyük dövlətlərdəki bəzi dairələr, diaspor, daxildə isə “xaç atası” Ter Petrosyan bu məsələlərdə daha çox söz sahibidir. Ermənistanda revanşist bir hərəkat başlayıb. Bu, şəxsi qisas, hakimiyyət mübarizəsindən tutmuş, geosiyasi qarşıdurmayadək ən geniş spektrləri əhatə edən nüfuz savaşıdır. Belə bir şəraitdə Paşinyanın Azərbaycan haqda səsləndirdiyi fikirlər cəfəng, əsassız iddialardan başqa bir şey deyil. O, diqqəti əsas problemlərdən yayındırmağa çalışır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …