Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Müəyyən qrup insanları yanlış yola təhrik etməkdədirlər” – Əli Orucov

“Müəyyən qrup insanları yanlış yola təhrik etməkdədirlər” – Əli Orucov

“Bu müsahibənin Etibar Məmmədovun aktiv siyasətə qayıtması ilə bağlı əlaqəsi yoxdur”

AMİP lideri Etibar Məmmədovun Real tv-yə 1993-cü il iyun hadisələri ilə bağlı indiyə qədər açıqlamadığı məsələləri açıqlaması AMİP liderinin aktiv siyasətə qayıtmaq planının və siyasi gündəmi canlandırmaq istəyinin tərkib hissəsi kimi də şərh edilir. AXP sədri Pənah Hüseyn isə bildirib ki, 25 il sonra E.Məmmədovun bu mövzuya geniş şəkildə qayıtması suallar yaradır və AMİP liderinin danışdırıldığı şübhəsini də meydana gətirir.

AMİP katibi Əli Orucov isə “Yeni Müsavat”a bildirdi ki, REAL TV-yə müsahibənin  Etibar Məmmədovun aktiv siyasətə qayıtmaqla bağlı heç bir əlaqəsi də yoxdur,  ümumiyyətlə belə bir plan da yoxdur. Sadəcə, Etibar bəy jurnalisti maraqlandıran suallara cavab verib: “İyun hadisələrinə görə məsuliyyət daşıyanlar və  qırğınların, qarşıdurmaların baş verməsinə bais olanlar təəssüf ki, indiyədək günahlarını etiraf edib, xalq qarşısında üzr istəməyiblər. Bunu əvəzində isə həmin dövrdə yüksək vəzifə tutan şəxslər, o cümlədən İsa Qəmbər, Pənah Hüseyn və başqaları öz günahlarını başqalarının üstünə atmaqda, yalanlar uydurmaqla cəmiyyəti çaşdırmaqda, əsil həqiqətlərin üzə çıxmamasına çalımaqdadırlar. Müəyyən qrup insanları da yanlış yola təhrik etməkdədirlər.  Etibar Məmmədov Real TV-də bir sıra məqamlara bir daha aydınlıq gətirib və hadisələrlə bağlı bu günədək açılmayan hallara toxunub.  İndiyədək Pənah Hüseyn Gəncəyə qoşun yeridilməsi və hərbi əməliyyatların hazırlanması ilə bağlı deyilənləri israrla inkar edirdi. Yaxud siyasi partiyalara hücum planlarının olmasını da danırdı. Amma AXC hakimiyyəti dönəmində Daxili Qoşunların Komandanı olmuş Fəhmin Hacıyev mətbuata verdiyi müsahibələrində açıq şəkildə bildirdi ki, 1993-cü ilin may ayının 27-də Milli Təhlükəsizlik Naziri Fəxrəddin Təhməzovun iş otağında Gəncədəki 709 saylı hərbi hissəyə qarşı əməliyyat planı hazırlanıb. Bu əməliyyata hərbi rəhbərlik müdafiə naziri Dadaş Rzayevə həvalə edilib. Onun dediyinə görə, ümumi və siyasi rəhbərliyi isə baş nazir olan Pənah Hüseyn öz üzərinə götürüb. Lakin iyunun 2-5-dək Dadaş Rzayevlə əlaqə saxlamaq mümkün olmayıb və o, gizlənib.  Özlərini demokrat adlandıran, milli və demokratik hökumət hesab edən Pənah Hüseyn deyir: “Ümumiyyətlə, ölkənin məsuliyyətli bir zamana daxil olduğunu, ciddi addımlar atılacağını, o cümlədən siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılacağını dedim. Təklif etdim ki, milli və dövlət mənafeyi naminə mane olmasın və mümkünsə bir neçə aylığa istəyirsə xaricə istirahətə getsin”. Pənah Hüseyn bu fikirləri ilə özünü ifşa edir və burdan da tam aydın olur ki, bəli, AXC ölkədə siyasi partiyaların və siyasilərin fəaliyyətinə qadağa qoyulan totalitar rejim qurmağı hədəfləyiblərmiş. Gəncəyə qoşun yeridilməsində də məqsəd AXC iqtidarına müxalif olan bütün hərbi və siyasi qüvvələri, eləcə də şəxsləri planlı şəkildə növbə ilə sıradan çıxarmaq olub. Lakin buna gücləri çatmayanda isə ya susmağa, ya da günahı bir-birlərinin üstünə atmağa başladılar. Sabiq baş nazir bu fikirləri ilə gec də olsa “Tufan” adlı əməliyyatın olduğunu özü də bilmədən etiraf edib”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …