Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Masallının deputatları niyə şəhid dəfnlərinə qatılmadılar?

Masallının deputatları niyə şəhid dəfnlərinə qatılmadılar?

Nəriman Əliyevi “gördüm” deyən olmayıb, Elmira Axundova rayona gəlməyib, Musa Qasımlı isə şəhid ailələrinə baş çəkməyi özünə rəva bilməyib

Azərbaycan Ordusunun aprelin 1-dən 5-nə qədər Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlarda 100-ə yaxın əsgərimiz şəhid olub. Atəşkəs elan edildikdən sonra şəhidlərimizin dəfninə start verilib ki, proses bu gün də davam edir.

JAM.AZ xəbər verir ki, bu döyüşlərdə Masallı rayonu da iki qəhrəman oğlunu şəhid verib. Onlardan biri rayonun Kalinovka kəndinin sakini Nurlan Əsgərov, digəri isə Güllütəpə kəndində dəfn olunmuş Firdovsi Bağırzadədir.

Qeyd edək ki, hər iki şəhidin dəfnində rayon rəhbərliyi aktiv şəkildə iştirak edib. Üstəlik, şəhid ailələrinin durumu ilə yaxından maraqlanılır və onlara zəruri olan yardımlar edilir. Lakin bu proses boyu diqqəti çəkən çox vacib bir məqam var.

JAM.AZ xəbər verir ki, Masallı rayonuna 5 seçki dairəsi düşür. Onlardan ikisi əsasdır, digər üçü isə digər rayonlarla birləşərək yaradılıb. Həmin diqqəti çəkən vacib məqam isə odur ki, bu 5 seçki dairəsindən deputat seçilmiş millət vəkillərindən heç biri şəhid dəfnində iştirak etməyiblər.

70 saylı Masallı şəhər seçki dairəsindən deputat Nəriman Əliyevi gördüm deyən olmayıb. Onun belə mühüm hadisədə iştirak etməməsi qətiyyən başadüşülən deyil. 71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilmiş Elmira Axundova da dəfn mərasimlərinə qatılmayıb. Ümumiyyətlə, bu deputatdan Masallı camaatı çoxdan əlini üzüb və ondan hər hansı bir köməklik də istəmirlər.

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmiş Musa Qasımlı, hətta özünə o əziyyəti verib, öz seçki dairəsinə düşmüş Güllütəpə kəndinə belə baş çəkməyib. Halbuki Qarabağda şəhid olan əsgərlərimizdən biri elə bu kənddən idi.

69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsindən deputat olan Fəzail İbrahimlinin Cəlilabaddakı şəhid dəfnlərində iştirak etdiyi dəqiqdir. Bu səbəbdən də onun vaxt edib Masallıdakı dəfnlərə qatıla bilməməsi anlaşılandır. Analoji vəziyyət 73 saylı Lənkəran-Masalı seçki dairəsindəni seçilmiş Cavanşir Paşazadəyə də aiddir.

Görəsən, Masallının deputatları niyə şəhid dəfnlərinə qatılmadılar? Bu adamların nə qədər vacib, mühüm və strateji əhəmiyyətli işləri olub ki, bir neçə saatlığına dəfn prosesinə qatılmağa vaxt tapmayıblar? Hər halda bu suallara onların özləri aydınlıq gətirəcəklər.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın