Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Məğlub ölkənin dövlət başçısı uzun illər hakimiyyətdə qala bilməz” – Arzuxan Əlizadə

“Məğlub ölkənin dövlət başçısı uzun illər hakimiyyətdə qala bilməz” – Arzuxan Əlizadə

Ermənistanda bir neçə həftədir baş nazirin həyat yoldaşı Anna Akopyan və parlamentin vitse-spikeri Lena Nazaryan ölən əsgərlərin ailələrini ziyarət edirlər. Media onların səfərlərini fəal şəkildə işıqlandırır. Bu hadisəni dövlət mediasının geniş miqyasda işıqlandırması göstərir ki, Nazaryan və Akopyanın səfəri yalnız valideynlərin kədərini azaltmaq məqsədi daşımır. Hakimiyyət nümayəndələri həlak olmuş əsgərlərin kədərini siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar.

“Politik.am” nəşri bununla bağlı bəzi faktları ortaya qoyub: “Ölən əsgərin analarından biri bizimlə əlaqə saxlayaraq dedi ki, Anna Akopyanın nümayəndəsi onunla əlaqə qurub və görüş təşkil etmək üçün müraciət edib. “Mən  görüşə qarşı çıxmadım, ancaq ziyarətin işıqlandırılmamasını, fotoşəkillərin və videoların yayılmamasını istədim. Bu xahişimdən sonra həmin adamdan xəbər çıxmadı. Anladım ki, onlar dərdimizi anlamaq üçün çalışmırlar. Anna Akopyan oğullarımızın qanı bahasına özünü reklam etmək istəyir. Kədərimizi yalnız kameralar qarşısında görmək istədikləri üçün özümü çox pis hiss edirəm. Belə bir qadın ayağını evimə basa bilməz. Digər valideynlərə də müraciət edirəm ki, vəziyyətdən asılı olmayaraq, kədərlərindən istifadə etmələrinə icazə verilməsin”.

Hökumətdəki mənbələrdən “Politik.am” a verilən məlumata görə, Anna Akopyanın ölən əsgərlərin valideynlərinə ziyarət təşkil etmək məsələsində ciddi problemlərin olduğu ortaya çıxıb. Öldürülən yüzlərlə insanın valideynləri Annanı qəbul etməkdən imtina edirlər. Səbəbsə Anna Akopyan da daxil olmaqla mövcud hakimiyyətdəkilərin xalqın faciələri üzərində oyun qurmasıdır”.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, yaranan mənzərə xalqla hakimiyyat arasında mövcud olan dərin uçurumun göstəricisidir: “Bunu əsasən bu cür görmək lazımdır. Məlum olur ki, Paşinyanın “selfi siyasəti” artıq nəyəsə yaramır. Hansı ki, hakimiyyətə gələndən sonra harda gəldi selfi çəkirdi. Bir sıra yüksək səviyyəli təmaslardan tutmuş, məişət səviyyəli görüşlərə qədər. O cümlədən, özünü aktiv siyasətdə görən Anna Akopyan da ilk gündən bu yolu tutdu. İlk baxışdan onların bu davranışı erməni cəmiyyətində cəlbedici qarşılansa da, sonra artıq bu öz əhəmiyyətini itirməyə başladı. Ona görə ki, məzmunla formanın vəhdəti yox idi. Yəni Paşinyanın verdiyi populist vədlərin arxasında real resurslar olmadığına görə gözləntilər özünü doğrultmadı. O da məlumdur ki, 44 günlük müharibədə Ermənistan acınacaqlı məğlubiyyətə uğrayıb. Təbii ki, bunun məsuliyyəti Paşinyan hakimiyyətinin üzərindədir. Nəzərə alsaq ki, Ermənistanda əksər valideyn övladlarının Qarabağda xidmət etməsində əvvəldən maraqlı olmayıb, o zaman belə bir vəziyyətin yaranacağı gözlənilən idi. Hələ əsl həngamə bundan sonra baş verəcək. Məsələ ondadır ki, Ermənistan hakimiyyəti həqiqi itkilərin sayını gizlədir. Bununla bağlı real rəqəmlər ortaya çıxandan sonra əsgər analarının Paşinyana yönəlik qəzəbi daha da artacaq. O zaman heç nə onu qoruya bilməyəcək. Bir məqamı unutmaq olmaz ki, məğlub ölkənin dövlət başçısı uzun illər hakimiyyətdə qala bilməz. Ermənistanda proseslər məhz bu istiqamətdə inkişaf edir”.

Partiya sədrinin fikrincə, Paşinyanı bu baxımdan ciddi sınaq gözləyir və çətin ki, bunun öhdəsindən gələ bilsin.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …