Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Hökumət İlkin Rüstəmzadəyə 26 min ödəyəcək

Hökumət İlkin Rüstəmzadəyə 26 min ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 23-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 5 yekun qərar və qərardadlarını elan edib.
Barəsində qərar elan olunan ərizələrdən biri də ictimai fəal İlkin Rüstəmzadə tərəfindən göndəriləndir.
“İlkin Rüstəmzadə Azərbaycana qarşı” işində, həmçinin Konvensiyanın 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10-cu (ifadə azadlığı) və 18-ci maddələrinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu mübahisələndirilirdi.
AİHM bu işdə ərizəçinin müvafiq maddələri ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulmasına qərar verib.
Qərara əsasən, hökumət Rüstəmzadəyə mənəvi zərər əvəzi 12 min avro (21 min 624 azn), xərc və məsrəfələrə görə 2 min 500 avro (4505 azn) ödəməlidir.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan ərizəçi İlkin Bəkir oğlu Rüstəmzadə 2011-ci ildə yaradılmış “Azad Gənclik” təşkilatının təsisçilərindən biri olub. Şikayəti 2013-cü ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi və vətəndaş cəmiyyəti qurumu üzvüykən həbs edilməsindən sonra ərizəçinin həmin vaxt Azərbaycanda məşhur olan “Harlem Shake” rəqsinin çəkilişində iştirak etməsi və videonu “Youtube”a yükləməsinə görə xuliqanlıqda ittiham olunması ilə bağlıdır. Rüstəmzadə həmin hadisələrin ardınca, xuliqanlıq və cinayətə, kütləvi iğtişaşların təşkilinə hazırlıq, qanunsuz olaraq silah əldə edib daşıyan, partlayıcı maddələrə və qurğulara sahib qrupa üzvlük kimi cinayət əməllərində təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10 (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi AİHM qarşısında heç bir cinayət əməli törətmədiyini, məhkum edilməsinin onun qeyd edilən hüquqlarını pozduğunu iddia edirdi.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …