Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Elman Nəsirov diaspor barədə fikirlərinə aydınlıq gətirdi – “Geri çəkiləsi deyiləm”

Elman Nəsirov diaspor barədə fikirlərinə aydınlıq gətirdi – “Geri çəkiləsi deyiləm”

Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan diasporunu tənqid etməsinə aydınlıq gətirib.

Deputat Pravda.az-a açıqlamasında bildirib ki, onu tənqid edənlər ünvanı səhv salıblar:

“Milli Mətbuat Günü ilə bağlı keçirilən bir tədbirdə söylədim ki, “Əkinçi” qəzeti 1875-1877-ci illərdə fəaliyyət göstərdi, onu yaradan da böyük mütəfəkkirimiz, ədibimiz Həsən bəy Zərdabi idi. Qəni-qəni Allahdan Zərdabiyə rəhmət dilədim. Dedim ki, o, xalqın milli oyanışında müstəsna rol oynadı, yaratdığı qəzet xalqı ayıltdı. Bu, o zaman baş verdi ki, dahi Mirzə Ələkbər Sabir deyirdi: “Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz, Açılan toplara diksinməyiriz…” Və söylədim ki, 1876-cı ildə, yəni Azərbaycan xalqının milli oyanışında “Əkinçi” qəzeti fəaliyyətə başlamışdı. Buna dözməyib qəzeti 1877-ci ildə bağladılar. 1876-cı ildə isə dünyadakı erməni diaspor təşkilatları belə bir qərara gəldilər ki, niyə birləşməsinlər, niyə vahid koordinasiya mərkəzləri olmasın? Həmin ildə Kababçiyanın rəhbərliyi altında Paris şəhərində bütün dünyadakı erməni diaspor təşkilatlarının vahid koordinasiya mərkəzini yaratdılar. Çıxışımda bunun ardınca qeyd etdim ki, bəzən belə suallar yaranır: “Niyə Azərbaycan diasporu erməni diasporu qədər güclü deyil?” Bunun cavabını da verdim ki, səbəb bəllidir, çünki start vəziyyətlərimiz eyni deyil. Ermənilər ayılıb koordinasiya mərkəzi yaradanda bizim “Əkinçi”mizi bağladılar ki, bu xalq, millət oyanmasın. Ardınca da dedim ki, yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu məsələlərinə xüsusi önəm verildi. 2001-ci ildə Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi. Bu, diaspor quruculuğu prosesində müstəsna rol oynayan hadisə oldu, eyni zamanda azərbaycançılıq ideologiyasının təntənəsi idi. Həmin siyasəti cənab Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Bu gün Azərbaycan diasporu, sözün həqiqi mənasında, siyasi amilə çevrilməkdədir. Bu xüsusda, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini qeyd edirəm. Bildirirəm ki, onlar da üzərilərinə düşən missiyanı şərəflə, ləyaqətlə yerinə yetirirlər. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bunu bir daha təsdiqlədi. Bunun böyük rəmzi mənası var. Bu, cənab Prezident İlham Əliyevin Azərbaycan diasporunun inkişafına verdiyi böyük töhfənin ifadəsidir”.

E.Nəsirov deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə çox sıx əlaqələri var: “Bütün bunlardan sonra kimlərsə məni diasporu tənqid etməkdə günahlandırmaq istəyirlərsə, üzümü onlara tutub deyirəm ki, ünvanı səhv salmısınız! Əgər sizin Komitəyə qarşı qısqanclığınız varsa və bu prosesə məni cəlb etmək istəyirsinizsə, niyyətiniz gözünüzdə qalacaq! Çünki mən dövlətimin siyasətini təbliğ edirəm, Prezidentimin müəyyən etdiyi siyasi kursun təbliğatçısıyam. Bir daha deyirəm, həmin siyasi kursun həyata keçirilməsi sahəsində məhz Azərbaycan diasporu siyasi amilə çevrilib. Bu nəticənin əldə edilməsində, təbii ki, Komitənin böyük işləri var. Yazılarımda, çıxışlarımda, müsahibələrimdə də bunu deyirəm. Şuşada keçirilən qurultayla bağlı onlarla müsahibəm olub. Bu müsahibələrdə diasporun fəaliyyətinə öz elmi mövqeyimi ifadə etmişəm, yüksək qiymətləndirmişəm. Görünür ki, mənim bu fəallığım bəzi anti-Azərbaycan ünsürlərin, qıcıqlanmış ünsürlərin yuxusuna haram qatıb. Onlar mənim niyə bu qədər fəal olduğumu, niyə bu qədər ölkə Prezidentinin siyasətini təbliğ etdiyimi həzm edə bilmirlər. Məni şər-böhtan yolu ilə susdurmaq istəyirlər. Amma arzularına çata bilməyəcəklər. Bilirsiniz niyə görə? Çünki tam əminəm ki, haqq işi müdafiə edirəm. Onlar isə qaragüruhdurlar. Azərbaycandakı bu sabitliyi həzm edə bilmirlər. Azərbaycanda qarışıqlıq salmaq, hətta qazilərdən istifadə edib Azərbaycan cəmiyyətində gərginlik yaratmaq istəyirlər. Bu anti-Azərbaycan qüvvələr, milli dönüklər fəaliyyətimə kölgə salmaq, ləkə vurmaq istəyirlər. Lakin istəklərinə çatmayacaqlar. Əksinə, mənə qarşı hücumları artıqca mən stimul alıram. Haqq işinin yolunda mübarizəmi davam etdirirəm, dövlətimi müdafiə edirəm. Bu prosesdə ən fəallardan biriyəm. Bütün müxalif dairələrlə debatlardayam. Bu debatlarda bir çox hallarda iqtidara qarşı həqiqəti əks etdirməyən mövqelər səslənir. Onların da arqumentli, faktlara söykənən cavablarını verir, haqq işimizi müdafiə edirəm. Görünür, bütün bunlar kimlərisə möhkəm narahat etməyə başlayıb. Tənqid edəndə, gərək, kişi kimi tənqid edəsən! Böhtan atmayasan. Böhtan Allahın da sevmədiyi, qəzəbinə səbəb olan hərəkətdir. Çıxıram debatlara, açıq şəkildə radikal müxalifəti, anti-milli ünsürləri kəskin tənqid edirəm. Faktlara söykənib onların anti-Azərbaycan fəaliyyətlərini ifşa edirəm”.

Deputat xalqa səslənərək belə deyib: “Xalq bilsin ki, bu insanlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycanda gərginlik ocağı yaratmaq, ölkəmizə rəngli inqilablar ixrac etmək istəyirlər. Onlar üçün sizin taleyiniz əsas deyil, əsas olan odur ki, sizin vəziyyətiniz pis olsun, ayağa qalxasınız və nəticədə onların Azərbaycanda çirkin niyyətləri həyata keçsin. Bunların hamısını açıq şəkildə deyirəm. Dəfələrlə sosial şəbəkələrdə mənə təhdid, təzyiq dolu məktublar gəlib. Mənə deyirlər ki, danışma, iqtidarı müdafiə etmə. Deyirlər ki, niyə radikal müxalifəti bu cür tənqid edirsən, onları ifşa edirsən? Bildirirlər ki, biz sənə qarşı bütün vasitələrdən istifadə edib səni susduracağıq, dilini kəsəcəyik. Mənə qarşı cürbəcür hədələr, təzyiqlər söyləyirlər. Gördülər ki, susmadım, danışdım, mövqeyimi ifadə, dövlətçiliyimi müdafiə edirəm. Bu yolda qətiyyətliyəm, bir addım belə geri çəkiləsi deyiləm. Əksinə, daha da irəli gedirəm. Belə olan vəziyyətdə şərləmək onların əllərində əsas silaha çevrilir. Gecə-gündüz şər-böhtan ifraz etməklə məşğuldurlar…”

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …