Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ekspert: “Məmurların əksəriyyəti oğrudur”

Ekspert: “Məmurların əksəriyyəti oğrudur”

“Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanmasının, şəffaflaşdırılmasının vaxtı çatıb”.

Bunu Milli Məclisin dünənki iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdə külli miqdarda vəsaiti, yaxud ölkəmizdə, xarici ölkələrdə mülkləri, binaları ortaya çıxır:

“Bunlar dövlətin vəsaitləridir və bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır. “Cinayət yolu ilə əldə edilmiş əmlak” sözü sıravi vətəndaşa aid deyil, bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir. Vəzifəli şəxslər gəlirlərini şəffaf şəkildə təqdim etməlidirlər. Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.

Qeyd edək ki, gəlirlərin şəffaflığı ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac olduğu barədə dəfələrlə fikirlər səslənsə də, hələ də bu istiqamətdə bir irəliləyiş müşahidə edilmir.

Yəni bu barədə qanunun qəbulu uzun illərdir ki, gecikir. Doğurdanmı bu qanunun qəbuluna ehtiyac yoxdur?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, cənab Prezident dəfələrlə vurğulayıb ki, məmurlar xalqın xidmətçisidir:

“Ancaq bu gün “xidmətçilərimizin” bizim hesabımıza formalaşan gəlir və xərclərini bilmirik. Dövlət varsa, onun məmuru şəffaf olmalıdır. Azərbaycanda “Gəlir deklarasiyası haqqında” Qanun çoxdan qəbul olunmalı idi və hətta biz bu məsələdə 31 il gecikmişik. Bununla yanaşı belə fikirləri başqaları səsləndirəndə başa düşmək olur.

Ancaq deputat deyəndə ki, bu qanunun qəbul olunması vaxtı çatıb, qəribədir, bunu onlar özləri yazmalıdır. Bəs deputatın işi nədir? Konstitusiyaya görə, Prezidentin, Ali Məhkəmənin, Prokurorluğun, Naxçıvan Ali Məclisinin, eləcə də hər bir deputatın hüququ var ki, qanun layihəsi hazırlasın və parlamentə təqdim etsin. Deputatın onsuzda işi budur, qanunları yazıb onu parlamentdə qəbul etdirməkdir. Mən Azərbaycanda görməmişəm ki, hansısa bir deputat bir qanun layihəsi ilə çıxış etsin”.

Bu qanun layihəsinə gəlincə, ekspert deyib ki, korrupsiyaya qarşı mübarizə sistemli şəkildə olmalıdır: 

“Ayrı-ayrı məmurları vəzifədən kənarlaşdırandan sonra əmlakı üzə çıxır. Azərbaycan xalqının 99 faizindən soruşsaq deyəcək ki, məmurların mütləq əksəriyyəti oğrudur. Ancaq xalqının çoxu da ən azı övladına arzu edir ki, dövlətdə vəzifə tutsun və ölkəni talasın. Çünki bizim artıq psixologiyamızdadır ki, dövlətin malı elə talanmaq üçündür. Görəndə ki, hansısa yüksək vəzifəli məmurun əynindəki pencəyi, saatı onun illik maaşından çoxdur, başa düşürəm ki, oğurluqdur. Hamı buna sakit yanaşırsa, deyirəm yəqin elə qayda budur”.

Nə etmək lazımdır?

Ekspert deyir ki, ilk növbədə məmurların gəlir və xərc bəyannaməsi haqda qanun olmaldır: 

“Onlar və ailə üzvləri bəyan etməlidirlər ki, nələri var, nələri yoxdur. Bilirik ki, məmurların ailələri  burada deyil, davamlı xaricdədirlər. Əsas odur ki, sacədə xaricdə öz pullarını xərcləsinlər, bu barədə də xalqa hesabat versinlər. Azərbaycanda ən dəyərli olan əmlak daşınmaz əmlakdır.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti açıq olmalıdır. Biz baxanda hər bir əmlakın kimə mənsub olduğunu görə bilməliyik. Eləcə də hər bir məmurun ailə üzvünün, sürücüsünün, bağbanının, aşbazının, cangüdəninin nəyə malik olduğunu görməliyik. Yəni biz görmürük ki, hansı şirkətin sahibi kimdir. Bunlar şəffaf deyilsə, məmurlar oğurladığı vəsaitlə şirkətlər yaradırlar, əmlak alırlar və s. Bundan başqa dövlət hesabına güzəştli kreditlər şəffaf olmalıdır. Biz görməliyik ki, İpoteka kreditləri, Sahibkarlığın İnkişafı Fondunun verdiyi kreditlər, KTN-in verdiyi dövlət hesabına güzəştli kreditlər kimə verilir. 

Çünki ehtimal böyükdür ki, bunlar elə məmurlara, onların şirkətlərinə, qohumlarına verilir. Niyə bizim pulumuz onlara güzəştli verilir? Bundan başqa dövlət satınalmaları şəffaf olmalıdır. Bu, qanunda var, sadəcə təkmil deyil. Prinsipcə var, buna baxmayaraq şəffaf deyil. Bütün bunları həll etmək üçün parlament qanun qəbul etməlidir. Bunu yoxlama mexanizmi də parlamentdədir. Çünki Hesablama Palastı var və o da Milli Məclisə tabedir. Mövcud problemi biz də deyirik, qanun qəbul etməli olan deputatlar da deyirsə, o zaman həmin parlamenti buraxıb yenidən seçkilər keçirmək lazımdır”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …