Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Dolları “qara bazar”a kimlər çıxarır? – Müəmma

Dolları “qara bazar”a kimlər çıxarır? – Müəmma

Milli Məclisdə keçirilən büdcə müzakirələrində deputatların narahatlıqla vurğuladığı əsas məqamlardan biri ölkəmizdə “qara bazar”ın mövcudluğu idi.

Millət vəkili Vahid Əhmədov bildirib ki, ölkədə dolları “qara bazar”a banklar özləri çıxarır.
“Dövlət Neft Fondu və Mərkəzi Bankın hər həftə hərraca çıxardığı və bankların aldığı dollarlar bankların öz əlləri ilə müəyyən şəxslərin vasitəsilə ilə “qara bazar”a çıxarılır. Ona görə də hər gün dollar qalxdıqca banklar dollar satışını rəsmi dayandırır və dolları “qara bazar”a buraxaraq külli miqdarda pullar qazanırlar”.

İqtisadçı-deputat vurğulayıb ki, bu məsələ həllini tapmasa, maliyyə bazarında ciddi fəsadlar yaranacaq.
Xanım deputat Elmira Axundova da eyni problemdən şikayətlənib. O, bildirib ki, bir çox hallarda pulu xarici valyutaya çevirməkdə çətinlik çəkirlər: “Bu gün ölkədə “qara bazar” tüğyan edir. Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq “qara bazar”da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə məntəqələrinin bərpasını təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə məntəqələri niyə qapadıldı? Axı bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı. Valyutadəyişmə məntəqələrinin ləğvi turizm sektoruna da öz mənfi təsirini göstərir. Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir”.

“Qara bazar”ı kimlər himayə edir?

İqtisadçı Vüqar Bayramov hesab edir ki, “qara bazar”ın olmasında banklar daha çox maraqlıdırlar: “Bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar. Deməli, “valyuta artıqlığı” olan banklar yenidən dollar alaraq tələb yaratdılar. Və bu o deməkdir ki, “valyuta artıqlığı” sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır”.
Banklar dollarları süvener kimi saxlamırlar. Əslində, süvener kimi saxlasaydılar o zaman “qara bazar”da da dollar qıtlığı olardı. Mərkəzi Bank deyir ki, banklar “qara bazar”a dollar vermir. Belə anlaşılmırmı, “qara bazar” artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, “qara bazarımızın” hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır. Maraqlıdır ki, hamı “qara bazar”dan danışır, amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirmir ki, həmin bazara pul haradan və necə daxil olur”

Ekspert vurğulayıb ki, nə qədər “qara bazar” fəaliyyətini genişləndirəcək, o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bundan öncə saytımıza açıqlamasında bildirmişdi ki, insanlar belə hallarla qarşılaşdıqda, vətəndaşlıq mövqeyi sərgiləyərək polisə məlumat verə bilərlər.
“Belə hallarla rastlaşdıqda polisə məlumat vermək lazımdır. Ümumilikdə, bu istiqamətdə işlər davam etdirilir və nəticələri barədə ictimaiyyətə məlumat verilir”,-deyə E.Zahidov vurğulayıb. (AzVision.az)

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın