Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Bütün Xalqımız öz Qəhrəman Əsgərinin yanında oldu, Ordumuza hərtərəfli dəstək verdi” – AMİP

“Bütün Xalqımız öz Qəhrəman Əsgərinin yanında oldu, Ordumuza hərtərəfli dəstək verdi” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyası İkinci Qarabağ savaşının  başlanması və 27 sentyabr Anım günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən dərhal sonra hərbi təcavüz və ərazilərinin işğal olunması faktı ilə üzləşdi. Ermənistan xarıcı havadarlarının bilavasitə dəstəyi ilə Qarabağın dağlıq hissəsi və ətraf 7 rayon daxil olmaqla Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazilərinin 20 faizə qədərini işğal etdi. İşğaldan keçən 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin, ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının, İƏT-in qəbul etdiyi çoxsaylı Qətnamə, Qərar və Bəyanatların mövcudluğuna baxmayaraq işğalçı tərəf öz təcavüzkar mövqeyindən geri çəkilmədi. Problemin həllinə sorumlu olan ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti sayəsində vasitəçilik missiyası da dərin fiaskoya uğradı.

Bütün bunlar beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulması və beynəlxalq təşkilatların nüfuzuna ciddi xələl gətirməklə yanaşı müasir dünyada çox pis bir presidentin yaranmasına rəvac verirdi. Bundan ruhlanan işğalçı Ermənistanın siyasi rəhbərliyi artıq “yeni müharibə-yeni ərazilər” tezisi irəli sürməklə Azərbaycan ərazilərini növbəti dəfə işğal etmək həvəsi nümayiş etdirməyə başlamışdı. İyulun 12-də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində etdiyi hücum və avqust ayında edilən  təxribat aktı onu deməyə əsas verirdi ki, Ermənistan işğal siyasətini davam etdirmək niyyətindədir.

Nəhayət, Sentyabr ayının 27-də işğalçı tərəfin bütün cəbhə boyu geniş miqyaslı hücum əməliyyatının qarşısının alınması məqsədi və artıq danışıqlar yolu ilə problemin həll olunmasının mümkünsüzlüyü səbəbi ilə əks-hücum əməliyyatlarına başlamaq qərara alındı. Qəhrəman Azərbaycan Ordusu suveren ərazilərimizin işğaldan azad olunması uğrunda Vətən savaşına qalxdı. 44 gün davam edən Vətən savaşının özəlliyi həm də ondadır ki, müharibənin getdiyi günlərdə qarşı tərəfin misli görünməyən müharibə cinayətləri edərək bilavasitə mülki əhalini hədəf almaqla qadağan olunmuş silahlardan istifadə etməsi fonunda heç bir çətinliyə və məhrumiyyətlərə baxmayaraq siyasi və ictimai təşkilatlar da daxil olmaqla siyasi və sosial mövqeyindən, dinindən və milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı, bütün Xalqımız öz Qəhrəman Əsgərinin yanında oldu, Ordumuza hərtərəfli dəstək verdi.

Nəticədə beynəlxalq təşkilatların 30 il ərzində verdiyi, lakin icra olunmayan qərarlarla yanaşı tarixi ədalət də bərpa olundu. Azərbaycan dövləti işğal altında olan ərazilərinin əhəmiyyətli hissəsini işğaldan azad etdi. Unutmamalıyıq ki, bu möhtəşəm tarix qəhrəman və ölümsüz şəhidlərimizin qanı ilə yazılıb. Onların əziz xatirəsini minnətdarlıqla yad edir, Uca Tanrıdan Şəhidlərimizə rəhmət, Qazilərimizə sağlamlıq diləyirik! Onların sayəsində bu gün hər birimiz sonsuz iftixar və qürur hissi ilə deyirik: “Qarabağ Azərbaycandır”!”.

Azinforum.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …