Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən Ruhullah Axundzadə vaxtından əvvəl azadlığa necə çıxıb?

Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən Ruhullah Axundzadə vaxtından əvvəl azadlığa necə çıxıb?

İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsi ölkəmizdə “Kərimə” dövləti qurmaq istəyən şəxslərin fəaliyyəti ilə bağlı yeni nüansları ortaya çıxarır.

Məsələn, 2011-ci ilin yanvar ayında tutularaq, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq), 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilən və 11 il 6 ay azadlıqdan məhrum olunan Ruhullah Höcət oğlu Axundzadə necə olub ki, əfv sərəncamına düşərək azadlığa çıxıb?!

Əfv sərəncamına düşən şəxslər islah olunmuş şəxslər ola bilər. Amma Ruhullah Axundzadə həbsdə olarkən ailə üzvləri vasitəsilə İrana bağlı mediaya məlumatlar ötürərək heç bir əməlindən peşman olmadığını dilə gətirirdi. O, həbsdə olarkən “Məni əfv etməyin! Üzr istəyin və bəraət verin!” demişdi. Təsadüfi deyil ki, R.Axundzadə 2021-ci ilin mart ayında azadlığa çıxandan dərhal sonra Azərbaycan vətəndaşlığından imtina etdiyini bəyan edərək İrana getmişdi. 11 il 6 ay həbs cəzası alan və cəzasının çəkilməyən hissəsindən (1 il 4 ay) azad edilən R.Axundzadə 10 il 2 ay məhkum həyatı yaşayaraq azadlığa çıxıb.

İndi o, İrandadır və yenidən fars xüsusi xidmət orqanlarının tapşırıqları ilə Azərbaycan əleyhinə fəaliyyətini davam etdirir.

R.Axundzadə əfv sərəncamına salınmamışdan öncə onun İranda yaşayan və “Kərimə” dövlətinin əsas “ideoloq”larından olan Tohid İbrahimbəylinin qaynatası olması nəzərə alınmalı idi. Çünki R.Axundzadə həbsdə olarkən T.İbrahimbəyli Azərbaycana təhdidlər yağıdırır və burada müxtəlif şəxsləri İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edirdi. T.İbrahimbəylinin qaynatası R.Axundzadənin azadlığa çıxması hüquqi və mənəvi baxımdan ciddi məsuliyyət yaratmalı idi. Amma…

Əldə olunan məlumatlardan görünür ki, Penitensiar Xidmətin 15 saylı rejimli cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan R.Axundzadə həbsdə olduğu müddətdə güzəştli şəraitdə saxlanılıb. Cəzaçəkmə müəssisəsinin rəisi digər məhkumlardan fərqli olaraq, R.Axundzadəyə xüsusi diqqət göstərib. O, səliqəli otaq saxlanılıb, “razvod”a çıxmayıb və cəzaçəkmə müəssisəsinin qanunla müəyyənləşdirilmiş sərt qaydalarından tamamilə kənarda tutulub. Həbsdə olduğu müddətdə daha da radikallaşan R.Axundzadənin islah olunması ilə bağlı heç bir addım atılmayıb.

Əsas suallar isə bunlardır:

Birincisi, Ruhullah Axundzadə kimlərin tapşırığı ilə və yaxud nəyin müqabilində güzəştli şəraitdə saxlanılıb?

İkincisi, onu əfv sərəncamına kim və necə saldırıb? Adətən məhkumun vaxtından əvvəl azadlığa çıxması proseduru belə həyata keçirilir ki, müəssisə rəhbəri təqdimat yazır, Penitensiar Xidmət isə həmin təqdimatı tədiqləyir. İndi araşdırılsın görək, müəssisə rəhbəri hansı səbəblərə və nə üçün hesab edib ki, R.Axundzadə azadlığa çıxmalıdır? Eləcə də Penitensiar Xidmət R.Axundzadənin azadlığa çıxması ilə bağlı təqdimatı hansı səbəbdən təsdiq etdiyinə aydınlıq gətirməlidir. Halbuki müəssisə rəhbəri Penitensiar Xidmətin icazəsi olmadan təqdimat da yaza bilməzdi. Deməli…

Həbsdə olduğu müddətdə R.Axundzadə islah olunmamışdı. Onun azadlığa çıxması və nəticələri ilə bağlı situasiya düzgün şəkildə təhlil olunmalı idi. Görünür, buna vaxt və imkan tapa bilməyiblər. Ona görə də hazırda R.Axundzadə, onun kürəkəni T.İbrahimbəyli və digərləri ölkəmiz əleyhinə daha radikal fürsət imkanı qazanıblar.

Samir Feyruzov

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …