Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycan kommunistləri seçkidə İlham Əliyevin namizədliyini dəstəkləyəcək – FOTO

Azərbaycan kommunistləri seçkidə İlham Əliyevin namizədliyini dəstəkləyəcək – FOTO

Azərbaycan Kommunist Partiyası (AKP)  Mərkəzi Komitəsinin 04 mart 2018-ci il tarixində növbəti plenumu keçirilib. AKP MK mətbuat xidmətindən Azinforum.az-a verilən məlumata görə, plenumda 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan Kommunist Partiyasının iştirakı məsələsi geniş müzakirə olunub. AKP MK sədri Rauf Qurbanov tədbiri açıq elan edərək gündəlikdə duran məsələ ilə əlaqədar məruzə edib. Natiq ölkəmizdə keçiriləcək prezident seçkilərinin hansı səbəblərdən növbədənkənar keçiriləcəyinin mahiyyətini plenum iştirakçılarının diqqətinə çatdırıb. AKP lideri cəmiyyətdə vətəndaş həmrəyliyinin, sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün bütün siyasi partiyaların və ictimai təşkilatların, o cümlədən Azərbaycan vətəndaşlarının seçkidə aktiv iştirak etməsinin zəruriliyini qeyd edib. Daha sonra R.Qurbanov bəzi siyasi partiyalar tərəfindən seçkini boykot etməyə edilən çağırışların Azərbaycan dövlətçiliyinin əleyhinə olduğunu və onun beynəlxalq imicinə xələl gətirdiyini, Azərbaycanı istəməyən xarici qüvvələrin bundan gələcəkdə ölkəmizə qarşı edəcəkləri təzyiq kimi dəyərləndirib.

Məruzə ətrafında AKP MK sədrinin müavini F. Rəşidov, AKP Gəncə ŞK birinci katibi Ə. Veysov, ASZİ MK sədri A. Şiriyev, AKP Lənkəran RK birinci katibi N. Bağırov, AKP Sumqayıt ŞK birinci katibi S. Hüseynov, AKP Goranboy RK birinci katibi T. Əsədov, AKP Ağdam RK birinci katibi A. Quliyev, AKP Nizami RK birinci katibi N. Abbasov, AKP Suraxanı RK birinci katibi Ə. Cabbarov, AKP Muğan zonası üzrə baş koordinatoru, AKP Sabirabad RK birinci katibi N. Ağayev, AKP Beyləqan RK birinci katibi İ. Məhərrəmov, AKP MK üzvləri L. Teymurova, Q. Əhmədov və digər yoldaşlar çıxış ediblər.

AKP MK plenumu 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar qəbul etmiş və seçkinin gedişini izləmək üçün MSK, dairə və məntəqə seçki komissiyalarında AKP tərəfindən müşahidəçi qismində iştirak edəcək yoldaşların siyahısını təsdiq ediblər.
Daha sonra plenumda Azərbaycan kommunistlərinin prezidentliyə namizədlərdən hansına dəstək olacağı məsələsi geniş müzakirə olunub. AKP MK sədri Rauf Qurbanov prezidentliyə namizədlərin hər biri haqqında plenum iştirakçılarına ətraflı məlumat verib. Plenum üzvləri Respublika üçün talehyüklü bir məsələni geniş müzakirə və təhlil etmiş, Azərbaycanda əmin-amanlığa, sabitliyə dəstəklərini bildirərək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyinə dəstək olmaq barədə qərar qəbul ediblər. Plenumda AKP MK rəhbər işçiləri ilə yanaşı, partiya fəalları və komsomolçu gənclər də iştirak edib.
Bununla da AKP MK növbəti plenumu öz işini yekunlaşdırıb.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …