Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “ASALA ilə PKK-nı bir araya gətirən faktor türk düşmənçiliyidir” – Təbriz Musayev

“ASALA ilə PKK-nı bir araya gətirən faktor türk düşmənçiliyidir” – Təbriz Musayev

Ermənilər öz tarixi vərdişlərindən əl çəkməyərək, onları qızışdıran, alət kimi istifadə edən qlobal güclərin dəstəyilə yeni silahlı terror təşkilatı yaradıblar. “Voma” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, ASALA-nın törəmələrindən ciddi dəstək alır.

Bu sözləri Türkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi)  adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilmez deyib.

S.Eğilmez bildirib ki, Ermənistanın tarixinə nəzər salanda onun daim terror fəaliyyətləri ilə anılan dövlət olduğu görünür: “Bu terror təşkilatı Qarabağdakı müharibədə də fəaliyyət göstərib. Son zamanlar da ermənilərin yaratdığı yeni terror təşkilatının Qarabağ savaşında fəaliyyətdə olduğunu görürük. Bu terror təşkilatının adı “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “Voma” adlanır. Ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir”.

Eğilmez bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “Voma” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçiriblər: “Bu terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla bütün xərcləri ödənilir. Bunları Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir”.

Görünən odur ki, ermənilər boş durmaq fikrində deyil. Onlar yenidən toparlanıb Qarabağda terror fəaliyyəti ilə məşğul olmaq niyyətindədirlər.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bu informasiyaya son dərəcə ciddi yanaşmaq lazımdır: “Əvvəla ASALA terror təşkilatı hər zaman PKK ilə işbirliyi içində olub. Bunları bir araya gətirən faktor türk düşmənçiliyidir. Zaman-zaman ASALA üzvləri PKK sıralarına qatılaraq Türkiyəyə qarşı terror fəaliyyəti ilə məşğul olublar. Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda zərərsizləşdirilən terrorçular arasında erməni əsilli şəxslər az olmayıb. O da məlumdur ki, Ermənistanda revanşist qüvvələr 44 günlük müharibədə uğradıqları məğlubiyyəti həzm edə bilmirlər. Düzdür, onlar indiki şəraitdə Ermənistan tərəfindən mövcud vəziyyəti güc yolu ilə dəyişdirməyin mümkün olmadığının fərqindədirlər. Ona görə ki, Azərbaycan Ordusunun gücü və üstünlüyü ortadadır. Ancaq bu o demək deyil ki, onlar öz çirkin niyyətlərindən əl çəkiblər. “Voma” adlı terror təşkilatının yaradılmasında məqsəd odur ki, Qarabağda diversiya xarakterli təxribatlar, terror aktları törədilsin. Vova Vartanov təcrübəli kəşfiyyatçı olmaqla yanaşı, peşəkar terrorçudur. O, Birinci Qarabağ müharibəsi dövründə aktiv iştirak edib. Azərbaycanın bir sıra sərhəd kəndlərinə basqınların təşkil edilməsinə bilavasitə rəhbərlik edib. PKK terrorçuları da dağ şəraitində döyüşməklə bağlı təcrübəyə sahibdirlər. Ona görə də hesab edirəm ki, biz bu informasiyaya son dərəcə ciddi yanaşmalıyıq. Təbii ki, Azərbaycanın müvafiq qurumları qabaqlayıcı addımlar atacaqlar. Ancaq biz ermənilərin sözügedən mənfur planlarının beynəlxalq miqyasda ifşa edilməsi ilə bağlı səylərimizi artırmalıyıq”.

İAT sədri hesab edir ki, Azərbaycan son dərəcə ayıq-sayıq olmalıdır.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …