Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Arif Hacılı öz uğursuzluğunu başqalarının boynuna atır” – Arzuxan Əlizadə

“Arif Hacılı öz uğursuzluğunu başqalarının boynuna atır” – Arzuxan Əlizadə

Müsavat Partiyasının (MP) sədri Arif Hacılı sosial şəbəkədə paylaşdığı statusda müstəqilliyimizin ilk illərində ölkədə cərəyan edən proseslərə toxunub. Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması faktına diqqət çəkən partiya sədri iddia edib ki, sözügedən ərazilərin, o cümlədən Kəlbəcərin azad edilməsi prosesinin dayandırılmasında, sonradan daha 6 rayonun işğal edilməsində, həmçinin ölkədə hərbi çevrilişin baş verməsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) birbaşa dəstəyi və rolu olub.

Bu ittihamlarla bağlı AMİP sədri Arzuxan Əlizadə Yenisabah.az-a danışıb. O bildirib ki, Müsavat başqanı A.Hacılı məsələyə qeyri-ciddi yanaşır və öz uğursuzluğunu başqalarının boynuna atmaq istəyir:

“Dünən Arif Hacılının o mövqeyinə rast gəldim. Düzü, buna münasibət bildirmək istəmirdim, çünki ötən illər ərzində dəfələrlə bu məsələ ilə bağlı sənədlər ortaya qoyulub. Arif Hacılının qeyri-ciddi açıqlamaları kimi deyil, konkret faktlarla sübut olunub ki, sözügedən uğursuzluqda həmin dövrdə hakimiyyətdə olan komandanın çox böyük günahı olub. O komanda Azərbaycanı çox böyük fəlakətlərə sürükləyib. Mən bunu bütövlükdə komandanın hər bir üzvünə şamil etmək istəmirəm. Çünki onların arasında dostlarımız, həqiqətən də, Azərbaycan üçün canı yanan, ölkəmizin müstəqilliyinin qazanılmasında xidmətləri olan insanlar da var. Təəssüf edirəm ki, üstdən illər keçdikdən sonra belə, həmin adamlar Arif Hacılı timsalında bu məsələyə belə qeyri-adekvat münasibət bildirirlər”.

Həmsöhbətimiz vurğulayıb ki, Kəlbəcərin işğalı, digər məsələlərdəki uğursuzluqlar həmin dövrdə hakimiyyətdə olmuş insanların bilavasitə günahı və səriştəsizliyi ilə əlaqədar olub:

“Hətta o zaman çox gözəl bilinirdi ki, Əbülfəz Elçibəy heç də bütün məsələləri həll etmirdi, komanda yekdil deyildi, bu gün də o görünür. Hələ də komanda üzvlərinin bir-birini ittiham etməsi, onların həmin dövrlə bağlı müxtəlif fikirlər irəli sürməsi bir daha göstərir ki, uğursuzluğun səbəbi elə komandanın yekdil olmaması olub. Müharibə aparan hakimiyyət həmin dövrdə müxalifətlə münasibətlərini bugünkü kimi yaxşı qurmalıydı. Bunlar olmayıb. Uğursuzluğun səbəblərindən ən birincisi elə bununla bağlıdır. Ona görə də onun açıqlamasına təəssüf edirəm”.

A.Əlizadə Müsavat başqanının məlum yanaşmasını bölücülük kimi də qiymətləndirib:

“Son bir il ərzində cəmiyyətdə barış istiqamətində çox ciddi addımlar atılıb. Müharibə dövründə də göründü ki, hər kəs bir oldu, vahid mövqedən çıxış etdi. Bu uğurun qazanılmasında Azərbaycan Ordusunun rolu isə danılmazdır. Qanları bahasına torpaqlarımızı işğaldan azad ediblər. Onlara olan borcumuz ödəyə bilmərik. Amma eyni zamanda arxa cəbhədə də birlik oldu. Bu birlik elə qələbənin yarısı deməkdir. Bunu pozmaq istiqamətində atılan hər hansı addım təxribat hesab olunmalıdır və Azərbaycanın növbəti uğurlarına kölgə salmaq kimi dəyərləndirilməlidir”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …