Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Araz Əlizadə: “Rusiya vasitəçi kimi Minsk qrupunda təmsil olunmaq haqqını itirib”

Araz Əlizadə: “Rusiya vasitəçi kimi Minsk qrupunda təmsil olunmaq haqqını itirib”

“Rusiyanın Ermənistanı dəstəkləmək siyasəti artıq uzun illərdir davam edir”.

Bunu teleqraf.com-a  açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə deyib. O qeyd edib ki, heç şübhəsiz, bu siyasət Azərbaycana qarşıdır: “Rusiya Azərbaycanın ona isti münasibətini sanki görməzdən gəlir. Rusiyanın bu addımları Azərbaycana qarşıdır və müttəfiqlik anlayışlarına ziddir”.

Onun sözlərinə görə, Rusiya bir sıra addımlarında Azərbaycanın maraqlarını nəzərə almalıdır. Əks təqdirdə, qarşılıqlı etimad zədələnməkdə davam edəcək. Bununla belə A.Əlizadə hesab edir ki, Rusiyanın Ermənistan siyasəti həm də Ermənistana tam sahib çıxmağa yönəlib: “Rusiya Ermənistana bu krediti ayıranda həm də gözəl bilir ki, ermənilər bu krediti heç vaxt qaytarmayacaq. Bu kreditlərin hesabına artıq Ermənistan iqtisadiyyatının 94 faizə qədəri Rusiyanın şəxsi malıdır. İndi bu krediti də verəcəklər, erməni tərəfi də onu qaytarmayacaq. Sonda ruslar ermənilərin əlindən daha nələrisə alıb krediti siləcəklər. Bu faktdır. Yəni bu gün ruslar Ermənistanı borca oturdur”.

Deputat qeyd edib ki, Ermənistan tərəfi aldığı kreditlər hesabına əldə edəcəyi “İqla-S” zenit raket kompleksləri ilə nə Azərbaycan təyyarəsini vuracaq, nə də Azərbaycana hücum edəcək: “Ermənilər hər yerdə dad edir ki, bizi Azərbaycanın əlindən xilas edin. Bütün ümidləri də Rusiyayadır. Ermənistanda gənclər qalıbmı ki, bu müasir silahlardan istifadə etməyi öyrənsinlər və Azərbaycana qarşı müharibə aparsınlar? İndi çoxları deyir ki, Rusiya vasitəçilik prinsiplərinə zidd hərəkət edir. Zamanında Dmitri Medvedev Ermənistanla vahid ordu yaratmaq haqqında saziş imzalamışdı. Onda Rusiya vasitəçi kimi Minsk qrupunda təmsil olunmaq üçün mənəvi haqqını itirdi. Bu mənada Minsk qrupu ilə qurtarmaq lazımdır. Çünki vasitəçilər tərəfindən bu kimi addımlar qəbuledilməzdir. Bu yay Sosialist İnternasionalının iclası keçirildi. Mən orada məsələ qaldırdım ki, Minsk qrupu ləğv edilməli və missiya BMT Təhlükəsizlik Şurasına verilməlidir. Ermənilər həyasızcasına dedi ki, Minsk qrupunu ləğv edib işi BMT-yə qaytarmaq olmaz”.

A.Əlizadə bildirib ki, məhz bu kimi hərəkətlərə görə, artıq dünyada beynəlxalq hüquq anlayışı məhv olur: “Beynəlxalq hüquq ABŞ-ın İraqa hücumu ilə öz funksiyasını itirdi. Ərazi bütövlüyünün toxunulmazığı anlayışı Yuqoslaviyanı kiçik dövlətlərə parçalayanda öldü və öldürməkdə də davam edirlər. Rusiyanın son addımı da bu qəbiləndəndir. Bu kimi hərəkətlər bizə qarşıdır. Ermənilər heç nə edə bilməz. Aprel müharibəsi nümunəsi var. Azərbaycanla əlaqələri zədələmək Rusiyanın özü üçün də mənfi fəsadlar verə bilər”.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Artıq Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …