Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ankaranın üçüncü həmləsi: Bakının iki əsas müttəfiqi barışır, Ermənistan isə…

Ankaranın üçüncü həmləsi: Bakının iki əsas müttəfiqi barışır, Ermənistan isə…

Üç həftə sonra – aprelin 24-də gözlər ABŞ prezidenti Co Baydenə dikiləcək. Dünya erməniləri və ən çox da onların radikal-daşnak xislətli kəsimi ABŞ liderinin “soyqırım” sözünü işlədib-işlətməyəcəyini səbirsizliklə gözləyəcəklər.

Budəfəki gözlənti həm də onunla əlamətdardır ki, Bayden siyasi bioqrafiyasında ermənipərəst mövqeyi qabarıq görünən demokrat-siyasətçilərdəndir, seçki kampaniyası dövründə prezident seçiləcəyi təqdirdə “soyqırım” deyəcəyini vəd edib və üstəgəl, ötən il ABŞ Konqresinin hər iki palatası uydurma soyqırımı tanıyan qərarlar qəbul edib.

*****  

Söz yox ki, Baydenin ermənilərin gözləntisini doğrultması  ABŞ-a, onun Türkiyə ilə hazırda heç də sadə olmayan münasibətlərinə yaxşı heç nə verməyəcək, Ankara və Vaşinqton arasında yalnız əlavə gərginlik yaradacaq, eləcə də Türk-erməni barışığı perspektivinə zərbə vuracaq. Hansı barışıq ki, 44 günlük Qarabağ savaşından sonra ABŞ-ın da regional maraqlarına cavab verir. Çünki Ermənistanı Birləşmiş Ştatların 1 nömrəli təhlükə elan elədiyi Rusiyanın orbitindən bu yolla uzaqlaşdırmaq mümkündür. Az öncə Dövlət Departamenti İrəvana hökumət səviyyəsində ayrılacaq qrant layihəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlşaşmasının vacibliyi də yer alıb.

Təbii ki, bu nüansları nəzərə alan rəsmi Ankara da boş oturmayıb. Qardaş dövlət xüsusən də 24 aprel öncəsi siyasi-diplomatik fəallığını və həmlələrini artırmaqdadır. O sırada son vaxtlar Ermənistan baş naziri Nikol Paşinyan və komandasının bəzi üzvləri (baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ara Ayvazyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan) səviyyəsində Ankara ilə münasibətləri normallaşdırmağın vacibliyi haqda səslənən açıqlamalar diqqət çəkir. Hətta belə məlumatlar var ki, bu yöndə tərəflər arasında ABŞ-ın moderatorluğu ilə məxfi danışıqlar da gedir.

Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməyə çalışacaq. »  Newscenter.az

Əlbəttə ki, proseslərin bu axarda, özü də 24 aprel ərəfəsi inkişaf tapması radikal erməni dairələrinin, özəlliklə də erməni lobbisinin, yumşaq desək, ürəyincə deyil, onları ciddi narahat edir. Bu dairələr hər hansı barışığın və ya yaxınlaşmanın baş tutmaması üçün bütün əks-təbliğat rıçaqlarını işə salıblar. Belə ki, Ermənistanın blokadadan çıxmasının tərəfdarları olan Paşinyan və digər rəsmilər “xain”, “Türkiyə agentləri” kimi damğalanır, İrəvanda Türkiyə bayrağı yandırılır.

Prosesin başında isə həmişəki kimi, diaspordan maliyyələşən çevrələr, ən əvvəl də daşnaklar durur. Halbuki sərhədlərin və kommunikasiyaların açılması, – hansını ki, həm də 10 noyabr və 11 yanvar üçtərəfli sazişlər tələb edir, – ən əvvəl dərin iqtisadi böhran içində olan Ermənistana lazımdır.

*****  

Mirror-Spectator Archives - The Armenian Weekly

Paralel surətdə ABŞ mediasında anti-Türkiyə, anti-Türk ruhlu yazılar artmağa başlayıb. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, “The Mirror Spectator” erməni-Amerika xəbər saytında gedən dünənki məqalə bunun daha bir təsdiqidir.     

Erməni lobbisinin dəst-xəttinin aydın sezildiyi məqalədə Ermənistanın yenidən Türkiyə hökumətinin qurduğu tələyə düşmək üzrə olduğu iddia edilir: “Ölkəmiz yenə tarixi bir fürsəti əldən verməkdədir. Ermənistan hökuməti Türkiyənin əlinə oynamaq və ”erməni soyqırımı”nın ABŞ prezidenti tərəfindən tanınmasının qarşısını almaq ərəfəsindədir”.

Müəllif ardınca yazır ki, Türkiyə indiyədək onsuz da ABŞ-ın planlarını Ermənistanın əli ilə iki dəfə puç edib: “İlk dəfə bu ”futbol diplomatiyası” (Serj Sərkisyanın başlatdığı diplomatik əlaqələr qurma cəhdləri – red.) zamanı baş verdi. İkinci dəfə ABŞ dövlət katibi Hillari Klintonun iştirakı ilə “Sürix protokolları”nın imzalanması zamanı buna nail olub. Hər iki dəfə Türkiyə tərəflərin danışıqlar apardığını və üçüncü bir tərəfin müdaxiləsinin prosesi poza biləcəyini haqda bəyanatlar verirdi. Bu gün yenə eyni ssenari ilə üz-üzəyik”.

Yazıda eyni zamanda Türkiyədə doğulub böyüyən erməni mənşəli Fransa vətəndaşı, Türkiyənin gizli lobbistlərindən sayılan Samson Ozararatın İrəvana gəldiyi qeyd olunur. “Türkiyə hər dəfə Ermənistanla gizli diplomatiyaya başlayanda Özararat elçi rolunu oynayır. Ozararatın İrəvandan Ankaraya hansı mesajı apardığını təxmin etmək olar. Ancaq onun Ermənistanda görünməsi ölkənin bütün dairələrində və diasporda narahatlığa səbəb olmalıdır”, – deyə erməni lobbisinə bağlı Amerika portalı sonda narahatlıqla əlavə edib…

*****

Türkiyə İsrail ilə münasibətləri normallaşdırır

Bu arada Türkiyə-İsrail münasibətlərində müsbət dinamika müşahidə edilməkdədir. Gələn məlumatlara görə, Ankara İsraillə son illər zəifləyən münasibətləri səfirlərin geri qaytarılması ilə əvvəlki yüksək səviyyəyə qaldırmaq əzmindədir. Rəsmi Təl-Əviv də bunun marağındadır. Çünki iki dövlətin regionda uğurlu, qarşılıqlı fayda gətirəcək, birgə əməkdaşlıq edə biləcəkləri bir sıra mühüm sahələr var. O sırada hərbi, energetika və təhlükəsizlik sferalarını misal göstərmək olar.

İsrail-Türkiyə əlaqələrinin istiləşməsi həmçinin beynəlxalq yəhudi lobbisinin qardaş ölkəyə qarşı daha pozitiv ovqatı deməkdir ki, bu da 24 aprel ərəfəsi qondarma məsələ ətrafında ABŞ-dakı ovqatı Türkiyənin xeyrinə dəyişdirə bilər.

Bakının iki strateji müttəfiqinin, nəhayət, öz aralarında anlaşması isə Azərbaycanın da milli maraqlarına tam cavab verir və ölkəmizin əlini gücləndirəcək. Ən azı o baxımdan ki, üçlü əməkdaşlıq formatında hərbi, iqtisadi-ticari, logistik və təhlükəsizlik baxımından daha sıx inteqrasiya üçün geniş perspektivlər açılmış olacaq.     

Onu da unutmaq olmaz ki, ötən il ABŞ Konqresinin hər iki palatasında uydurma soyqırımın tanınması barədə qətnamə layihələrinin böyük səs çoxluğu ilə qəbul edilməsində yəhudi lobbisinin təsiri az rol oynamayıb. Təsadüfi deyil ki, erməni diasporunun bir hədəfi də Türkiyə və İsrailin yaxınlaşmasına daima əngəl yaratmaqdır. Ancaq ötən illərin təcrübəsi göstərir ki, əngəli tərəflərin özləri yaratmasa, ermənilər, erməni lobbisi heç nə edə bilməz. İrəvanın keçən il İsraildə təmtəraqla səfirlik açması və qısa zaman sonra səfiri geri çağırmaq zorunda qalması buna parlaq sübutdur…   Musavat.com

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …