Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Almaniyada keşiş Qarabağa qanunsuz turlar təşkil edir

Almaniyada keşiş Qarabağa qanunsuz turlar təşkil edir

Ermənistan Almaniyada Dağlıq Qarabağa “Artsax” adı ilə turlar təşkil edir. Bu barədə “Yeni Müsavat”a səfər elanının şahidi olan azərbaycanlı məlumat verib. Onun verdiyi məlumata görə, elanı yayan və səfəri təşkil edən şəxs Almaniyada yaşayan bir keşişdir. Məlumatı verən şəxs hətta həkim qəbulunda səfərin elanının fotosunu da çəkib bizə göndərib.

Göründüyü kimi, məsələ kifayət qədər ciddidir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir ölkədən separatçı rejimin nəzarət etdiyi əraziyə turların təşkil edilməsinə heç bir ad vermək olmur.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva  “Yeni Müsavat”a açıqlamasında məsələnin araşdırılacağını bildirdi.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı isə bunları dedi: “Komitə bu və bunun kimi hallarla bağlı hər hansı məlumat əldə edən kimi araşdırma aparır, əldə olunan məlumatlar XİN-ə göndərilir. Bu cür hadisələrlə bağlı dəfələrlə XİN-in müxtəlif qurumları nota verib”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris ...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Azərbaycan hökumətini məsələnin üstünə təcili düşməyə çağırdı: “Ermənistan Dağlıq Qarabağ separatçıları üçün bir neçə istiqamətdə fəaliyyət göstərir. Bu istiqamətlərdən biri Dağlıq Qarabağda istehsal olunan malları, müxtəlif ölkələrin bazarlarına çıxratmaqdır. İrəvan bunu açıq şəkildə edə bilmir, çünki Azərbaycanın müqavimətiylə üzləşir. Rəsmi Bakı müxtəlif dövlətləri xəbərdar edir ki, onların ərazilərində işğal olunmuş torpaqlarımızın məhsulları satılmasın. Həmin dövlətlər məlumat alan kimi, həmin məhsulların satışını qadağan edirlər. Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ separatçıları üçün çalışdığı digər istiqamət işğal altındakı bölgələrə turistik səfərlərin təşkil olunmasıdır. Bunu da İrəvan açıq şəkildə edə bilmir, çünki qarşısında yenə Azərbaycan dayanır. Dünyanın heç bir turizm şirkəti Dağlıq Qarabağa açıq şəkildə turist göndərə bilmir. Ermənistan bu işi də gizli şəkildə həyata keçirir, Amerikada və Avropada müxtəlif vətəndaşlar vasitəsilə Dağlıq Qarabağa turistik səfərlər təşkil edir. Bəzən Ermənistana gələn xarici vətəndaşın başını tovlyaraq onu Dağlıq Qarabağa aparırlar. Həmin xarici vətəndaş tələyə düşdüyünü anladıqda gec olur. Çünki Azərbaycanın rəsmi strukturları bu haqda məlumat əldə edən kimi həmin xarici vətəndaşa qarşı hüquqi prosedurları həyata keçirməyə başlayır. Dəfələrlə olub ki, Dağlıq Qarabağa səfər edən hansısa ölkənin vətəndaşı daha sonra Azərbaycan XİN-ə üzrxahlıq məktubu yazaraq aldadıldığını bildirərək isminin ”qara siyahıdan” çıxarılmasını xahiş edib. Ermənistan hakimiyyətinin yolu hər yerdə bağlandıqda indi də xristian din xadimlərinə müraciət etməyə başlayıblar. Dağlıq Qarabağa turlar təşkil edən alman keşiş kimdirsə, o, bu yanlış yola bilərəkdən gedib. Yəqin özlüyündə düşünür ki, bu yolla eyni dindən olanlara nəsə kömək edir, daha anlamır ki, söhbət dini mübarizədən getmir, işğalçıya dəstəkdən gedir və Azərbaycanın Almaniyadakı səfirliyi bunu həmin keşişə məktubla anlatmalıdır. Əgər həmin keşiş bu halda da anlamayacaqsa, onda həmin keşiş barədə tədbirlər görülməsi barədə Almaniya Xarici İşlər Nazirliyinə müraciət edilməlidir. Çünki bu məsələyə səhlənkar yanaşsaq, onda tək Almaniyada deyil, başqa ölkələrdəki keşişlər də özlərinin fəaliyyət dairəsinə aid olmayan işlərlə – Dağlıq Qarabağa turistik səfərlər təşkil etməklə məşğul olacaqlar”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …