Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Ağ Evdəki Hacıyev-Sallivan görüşünün pərdəarxası – Bakının sülh prosesini tormozlayan kimdir?

Ağ Evdəki Hacıyev-Sallivan görüşünün pərdəarxası – Bakının sülh prosesini tormozlayan kimdir?

Ermənistanda radikal-revanşist müxalifətin etirazları səngisə də, hələ dayanmayıb. Artıq ölkə üzrə aksiyalara çıxan narazıların arealı, demək olar, dəyişməz olaraq qalır – 5-10 min nəfər. Bununla belə, radikallar ümid edir ki, bu yolla Nikol Paşinyan hakimiyyətini əldən salıb kobud səhvlərə yol verməyə vadar edə biləcək.

Bu isə gözlənilmir. Çünki əksər əhali baş verənləri sakitcə, öz evinin pəncərəsindən seyr eləməkdədir. Ayrı sözlə, ölkədə mövcud hakimiyyəti susqun şəkildə dəstəkləyən və Azərbaycan və Türkiyə ilə anlaşma tərəfdarı olanlar hələ ki mütləq çoxluqda qalmaqdadır.

Siyasi müşahidəçilərə görə, bu nisbət N.Paşinyanın istifadə edə biləcəyi ciddi siyasi bonusdur. Aydındır ki, müharibəsonrakı dövrdə müxalif “vətənpərvərlərin” revanşist istəklərinə və ovqatına baxmayaraq, onların Ermənistanda hakimiyyətə gəlmək şansı faktiki yoxdur. Hər halda, ayıq düşüncəli ermənilər başa düşürlər ki, etirazlar ölkədə onsuz da ümidsiz olan sosial-iqtisadi vəziyyəti daha da pisləşdirir, daxildə gərginliyi artırır, cəmiyyəti ruhdan salır.

Bundan əlavə, erməni cəmiyyətinin əksəriyyəti Azərbaycanla növbəti müharibənin yeni itkilər və yeni məğlubiyyət gətirəcəyini anlayaraq, Qarabağı “qaytarmağı” xəyal belə eləmir. Paşinyan isə məhz bu vəziyyətdən həm özünün siyasi rəqiblərinə qarşı, həm də regiondakı qonşular – Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləmək yönündə xarici siyasət elementi kimi istifadə edə bilər.

*****

Söz düşmüşkən, yaxın vaxtlarda Moskvada Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının ikinci iclasının keçirilməsi planlaşdırılır. Görüşdə tərəflər Rusiyanın vasitəçiliyi ilə iki ölkənin sərhədləri ilə bağlı müqavilənin ən həssas detallarını müzakirə edəcəklər. Odur ki, Moskvada keçiriləcək görüş Ermənistan tərəfinin hər bəhanə ilə yan keçməyə çalışdığı demarkasiya və delimitasiyası məsələsində Brüssel anlaşmasına nə dərəcədə sadiq olduğunu göstərəcək.

Aydın görünən budur ki, Rusiya Bakı və İrəvan arasında Brüsselin (Avropa Birliyinin) getdikcə güclənən və real məzmun qazanmaqda olan vasitəçiliyinə olduqca qısqanc yanaşır. Bunu Moskva rəsmilərinin açıqlamasından asanca sezmək olar. Xüsusən də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin mayın 22-də təşkil elədiyi sonuncu “üçlü” görüşdən sonra.

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla ikinci üçtərəfli  görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı -  AZƏRTAC

Bu da kifayət qədər anlaşılandır. Bəllidir ki, Rusiya həmişə Cənubi Qafqaza nəzarət iddiasında olub, buranı özünün “arxa bağçası” sayıb. O səbəbə Avropanın vasitəçilik səyləri Moskvada hədsiz qıcıqla qarşılanır. Rusiyalı ekspertlər isə açıq şəkildə bildirirlər ki, avropalı siyasətçilər Kremlin Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq yönündə vasitəçilik missiyasını əlindən almağa çalışırlar. Lakin onların nəzərincə, bu səylər əbəsdir.

*****

Rus ekspert: Ermənistanın heç bir seçimi yoxdur, Qarabağ dastanı bitmişdir

Dmitri Verxoturov

Rusiyalı tanınmış politoloq Dmitri Verxoturov da eyni mövqedədir.

“Yeni Müsavat”ın məlumatına görə, Caliber.az-a açıqlamasında o, əminliklə bildirib ki, məhz Rusiya əvvəllər müharibə aparan iki qonşu ölkə arasında münasibətlərin qurulmasında, xüsusən də sərhədlərin demarkasiyası və delimitasiyası üzrə birgə ikitərəfli komissiyanın gələcək fəaliyyətində mühüm rol oynayır. Onun fikrincə, tərəflərin kompromisə doğru irəliləməsi böyük ölçüdə Moskvanın sayəsindədir, baxmayaraq ki, İrəvan bundan ötrü güclü istək ortaya qoymur.

“Ukraynadakı məlum hadisələr fonunda Qafqazda növbəti silahlı toqquşmaya çevriləcək münaqişə Putinə sərfəli deyil. Ona görə də o, böyük ehtimalla hər iki tərəfə təzyiq edəcək ki, İrəvanın etirazına rəğmən, razılaşsınlar və hansısa konsensusa gəlsinlər. Hesab edirəm ki, bu halda biz yaxın gələcəkdə, təbii ki, Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalından danışa bilərik”, – deyə politoloq vurğulayıb və əlavə edib ki, Moskva bunda ən azından ona görə maraqlıdır ki, Bakı və İrəvan arasında vasitəçilik təşəbbüsünü onun əlindən almağa çalışan Avropa üçün meydança qalmasın.

*****

Rəsmi Bakı üçün isə önəmli olan – vasitəçinin kimliyi yox, sülh prosesinin Azərbaycanın təklif elədiyi 5 prinsip əsasında inamla və sürətlə irəli aparılmasıdlr. Əfsus ki, Rusiyanın bunda səmimi şəkildə maraqlı olduğuna inananlar çox azdır. Çünki belə bir daşlaşmış qənaət var ki, iki qonşu ölkə arasında problemlərin əsasən aradan qalxması, münasibətlərin düzəlməsi, eləcə də Türkiyə ilə Ermənistanın əlaqələrinin normallaşması perspektiv baxımından Moskvaya sərf eləmir, onun regiona ənənəvi müdaxilə imkanlarını və rıçaqlarını gündəmdən çıxarır. İrəvanda Rusiyaya bağlı radikal qüvvələrin ikinci aydır davam edən etirazları buna başqa əlavə sübut kimi göstərilir. Əksinə, Qərbin diplomatik səyləri bu xüsusda daha səmimi hesab olunur.

Yeri gəlmişkən, srağagün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla görüşündə əsas mövzu məhz Bakı-İrəvan barışıq prosesi, bölgədə daimi sülhün bərqərar edilməsi məsələsi olub.

“Fikrimcə, Hikmət Hacıyevin Sallivanla görüşü Moskvanın müəyyən reaksiyasına səbəb olacaq. Orada başa düşürlər ki, Azərbaycan öz problemlərini hazırda Kremllə həll eləmir. Çünki sonuncu destruktiv mövqe tutur. Faktdır ki, Bakı və İrəvan Avropa İttifaqının vasitəçiliyi ilə öz aralarında münaqişəni həll etməyə çalışan gündən Ermənistandakı moskvayönlü müxalifətçilər çevriliş etməyə çalışırlar. Ən azı, ölkədə sabitliyi pozmağa səy edirlər, çünki daha çoxuna gücləri çatmır”.

Ərəstun Oruclu yazır...

Ərəstun Oruclu

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri politoloq Ərəstun Oruclu Minval.az-a söyləyib. 

Politoloq Rusiyanın heç vaxt postsovet məkanında münaqişələri həll etmək istəmədini deyib.

“Ukrayna ərazisinin 20%-ni ələ keçirən və bunu müharibə deyil, ”xüsusi hərbi əməliyyat” adlandıran Rusiyadan başqa nə gözləmək olar ki? Ona görə də onlar heç vaxt Qarabağda və digər bölgələrdə münaqişələrini həllini istəyə bilməzdilər. Heç buna cəhd də eləmədilər. Onlar yalnız tərəfləri silahlandırırdılar, tərəflər arasında paritet saxlamağa çalışırdılar, çünki münaqişələrin hətta silahlı yolla həllinə də paritet əngəl yaradırdı”, – deyə Oruclu əlavə edib.

*****

Ancaq Ağ Evdəki Hcıyev-Sallivan görüşündən görünən budur ki, Bakı-Vaşinqton münasibətləri ilə yanaşı, Moskva və Qərbin bölgədə “sülh uğrunda” rəqabəti də yeni fazaya keçir. Bu rəqabətin yekununu isə əlbəttə ki, Azərbaycan müəyyən edəcək. “Kartların” açılmasına bir şey qalmayıb…

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …