Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Əsir əsgərlərimizi Azərbaycandakı ermənilərlə dəyişdirmək olmaz”

“Əsir əsgərlərimizi Azərbaycandakı ermənilərlə dəyişdirmək olmaz”

“Düşünürəm ki, Ermənistandakı hərbi əsirlərlə Azərbaycandakı erməni diversantları dəyişdirmək olmaz”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O, Ermənistanda saxlanılan 2 hərbi əsirimizin Bakıdakı erməni diversantlarla dəyişdirilməsi məsələsinə münasibət bildirib.

T. Abbasova görə, Ermənistan burada yenə də qırmızı xətləri keçməyə cəhdlər göstərir və kritik nöqtələrə çatır:

“Məsələ burasındadır ki, ermənilər müharibə bitdikdən sonra ard-arda diversantlarını Azərbaycan ərazisinə yollayırdı, minalar yerləşdirirdi və pozucu fəaliyyətlə məşğul olurdular. Hansı ki, bu şəxslər artıq tutulub saxlanılıb. Bu adamlar əsir sayılmır, bunlar cinayətkarlardır və onların üzərində tədqiqat işləri getməli, araşdırma aparılmalı və cəzalarını çəkməlidirlər”.

Analitikin fikrincə, Ermənistan çalışır ki, hərbçilərimizi əsir kimi qələmə verərək bu prosesdə diqqəti özünə cəlb etsin və bir araya gəlməyən məqamları bir-birilə tutuşdursun:

“Bizim əsgərlərimizin birinin 19, o birinin isə 20 yaşı var. Belə baxanda bunlar nə əsirdir, nə də cinayətkar. Sadəcə taleyin hökmü ilə, təsadüfdən, vəlvələdən-zəlzələdən gedib qarşı tərəfin ərazisinə düşüblər və onları orada həbs ediblər. İndi onlara işgəncə də verirlər və təzyiq göstərirlər. Ermənilər bu təzyiq vasitəsilə çalışırlar ki, həm Azərbaycan xalqına, həm də Azərbaycanın siyasi rəhbərliyinə psixoloji təsir göstərsinlər”.

Siyasi şərhçinin düşüncəsinə görə, Azərbaycan tərəfi elə də zəif tərəf deyil ki, ermənilər diktə və təzyiq dili ilə bizimlə ünsiyyət aparsınlar:

“Digər tərəfdən, beynəlxalq təşkilatların prosesə həvəssiz qatılmasının şahidi oluruq. Onlar bir qayda olaraq, erməniləri dəstəkləyir, onlar üçün xüsusi bir əlverişli rejim yaratmağa cəhd göstərirlər. Amma Azərbaycanın işində problem yarananda görürsən ki, xala-xətrin qalmasın işləyirlər. Onlar zorla tərpənib, əməli maraq göstərmirlər. Bu isə öz-özlüyündə çox mənfur bir yanaşmadır”.

Müsahibimiz təklif edib ki, beynəlxalq təşkilatlar tərəfkeşlik etməsin, bütün prinsipial məqamlarda özlərinin sağlam mövqeyini ortaya qoysunlar və göstərsinlər ki, ermənilərin sözü keçərli deyil:

“Amma biz bunun şahidi olmuruq. Mənə elə gəlir ki, Azərbaycanın siyasi rəhbərliyi, ilk növbədə, beynəlxalq təşkilatlardan tələb etsin ki, Ermənistan Cenevrə Konvensiyalarına əməl etsin. Çünki konvensiyanın tələbləri bundan ibarətdir ki, əgər siz bunları əsir adlandırırsınızsa, gərək onlara toxunmayasınız, təzyiq göstərməyəsiniz və fiziki işgəncələr verməyəsiniz”.

“İkincisi isə beynəlxalq təşkilatların köməyi ilə valideynləri danışsınlar, habelə Azərbaycan tərəfinin nümayəndə heyəti ilə görüşləri olsun. Əgər bunlar baş vermirsə, deməli, bu təşkilatlar da öz üzərinə düşən məsuliyyəti kənara atırlar, selektiv yanaşma sərgiləyirlər. Beləliklə də Ermənistan tərəfinə bəraət qazandırmış olurlar. Ona görə də çalışmalıyıq ki, uşaqları oradan çıxaraq”, – yekunlaşdırıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …