Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?

Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?

Rəcəb Tayib Ərdoğan artıq iki onillikdir ki, Türkiyəni idarə edir. Bu illər ərzində o islahatçı baş nazirdən avtokrat-prezidentə qədər məsafə qət edib və bu zaman Türkiyəni Avropanın ucqarındakı qeyri-zəngin dünyəvi demokratiyadan kasıb olmayan regional islam dövlətinə çevirib.

Türkiyə müasir respublikanın banisi Mustafa Kamal Atatürkün zamanından belə radikal dəyişikliyə uğramayıb.

Bu dəyişikliklərin əksəriyyəti populyar və ən azı yaxın gələcəkdə geridönməzdir. Hətta Ərdoğan prezident seçkilərini uduzsa belə, yeni Türkiyə uzun müddət onun dövründəki kimi qalacaq.

Ərdoğanın hakimiyyətə gəldiyi 2003-cü ildən Türkiyə necə dəyişib?

Demokratiyadan avtokratiyaya

Ərdoğan 2003-cü ildə baş nazir oldu və dərhal parlament respublikasının prezident respublikasına çevrilməsi üçün zəmin hazırlamağa başladı.

O, 2010-cu ildə prezidentin parlament tərəfindən deyil, xalq tərəfindən seçilməsi qaydasına nail oldu və üçüncü baş nazirlik müddətinin 2014-cü ildə başa çatmasından sonra prezident olmaq üçün bu qaydadan istifadə etdi.

Vəzifə əvvəlcə dekorativ idi, hərçənd, bu, Ərdoğanı partiyadaşlarının təşkil etdiyi hökumətin işlərinə müdaxilədən çəkindirmirdi. 2017-ci ildə isə o, yeni referendum keçirdi və cüzi fərqlə uddu.

Baş nazir postu ləğv edildi, prezident səlahiyyətləri isə maksimum genişləndirildi. Bir il sonra Ərdoğan yenidən seçildi və faktiki olaraq Türkiyənin yeganə hakiminə çevrildi.

Parlament demokratiyasının balanslar və əyləclər sistemi dağıdıldı. Türkiyə avtokratiya oldu. Hökumət, seçki komissiyası, məhkəmələr, polis və ordu prezidentə tabe oldu.

Hakimiyyətin konsolidasiyası Türkiyəni kürdlər və kiprlilərlə sülh ehtimalından məhrum etdi, AB-nin üzvü olmaq kimi onsuz da uzaq olan perspektiv isə tamamilə yoxa çıxdı.

2003-cü ildə Türkiyənin hökumət başçısı – baş nazir parlamentdə kövrək koalisiyanın əlaltısı idi, hakimiyyəti məhdud idi, tərəfdarları və müxalifətlə kompromisə söykənirdi, istənilən vaxt postu itirmək təhlükəsi isə tam real idi (müəllif burada səhvə yol verir, 2003-cü ildə AKP təkbaşına iqtidar idi, amma partiya daxilində həqiqətən də Ərdoğanın hesablaşmalı olduğu qruplar vardı – tərc.).

2023-cü ildə isə dövlət başçısı – prezident Türkiyəni xalqın adından kefi istəyən kimi idarə edir. İnzibati resurs məhkəmə və mətbuata məhəl qoymadan idarə etməyə, hətta parlament və böyük şəhər bələdiyyələri seçkilərinin nəticələrinə təsir göstərməyə imkanı verir. 

Həmişə müvəffəq olmasa da, ölkədə təkbaşına hakimiyyəti formalaşdırmaq üçün Ərdoğanın əlində bütün alətlər mövcuddur. Bu da son 20 il ərzində Türkiyənin məruz qaldığı ən əsas dəyişiklikdir.

Dünyəvidən dini respublikaya

Ərdoğanın təhvil aldığı Türkiyə Atatürkün çəkdiyi dünyəvi cizgilərlə biçilmişdi. Hakimiyyətinin ikinci onilliyində o, Türkiyəni dini respublikaya çevirdi.

Məktəblərdə və iş yerlərindəki hicab qadağası onun dövründə qaldırıldı. Atatürkün müdrik qərarını ləğv edərək Ayasofiyanı muzeydən məscidə çevirdi. Din və dövlətin çulğaşması tabusu tədricən yox oldu.

Ərdoğanın hədəfləri ictimai və siyasi həyatın bir hissəsinə çevrilib. Prezidentin bütün görüşləri hələ qanun şəklini almasa da, istiqamət yetərincə dəqiq müəyyənləşdirilib.

O, feministləri pisləyir, gender bərabərliyini rədd edir, ailə xəyanətinə görə cinayət məsuliyyətinin tətbiqini təklif edir və bütün müsəlmanları ailə planlaşdırılmasından imtinaya çağırır.

Parakəndə cəmiyyətdən parçalanmış cəmiyyətə

Ərdoğanın fiquru və siyasəti tərəfdarlarını birləşdirdi, amma milləti yox. 20 il əvvəl dağınıq çoxsəsli cəmiyyətin qaynadığı yerdə indi iki böyük qrup – prezidentin tərəfdarları və əleyhdarları – arasında dərin uçurum var.

Onun partiyası getdikcə daha çox qatı sağçı islamçılar və millətçilərlə yaxınlaşırdı. Qalan hamısı – kürdlər, ələvilər, dünyəvi dövlət tərəfdarları Ərdoğanın barışmaz daxili düşməninə çevrildilər: çünki bir gün gözlərini nəinki maraqlarının, hətta həyatlarının təhlükədə olduğu İslam sultanlığında açmaq istəmirlər.

Ərdoğanın sərtliyi və qətiyyəti, mədəni toqquşmaları alovlandırmaq, parçalamaq və hökm etmək bacarığı nəinki liberalları, həm də mühafizəkarlar düşərgəsindən bəzi keçmiş tərəfdarlarını da uzaqlaşdırıb.

Parçalanma hiss olunan kimi Ərdoğan 2000-ci ilin sonlarında ilk təmizləmə apardı. İkincisi 2016-cı il çevriliş cəhdindən sonra oldu. Nəticədə dövlət idarəçiliyində prezidentin bircə əleyhdarı da qalmadı – yalnız loyallar və iradəsinin müti icraçıları.

Ərdoğan hər yerdədir. O, ölkənin bütün siyasətini müəyyən edir – hərbidən tutmuş kredit faizlərinə qədər. Onun tərəfdarları möhkəm əl və hakimiyyət vertikalını bəyənirlər. Deyirlər ki, qeyri-sabit parlament koalisiyaları dövrü ilə müqayisədə indi dövləti idarə etmək daha yaxşı alınır.

Əleyhdarları belə siyasətin institutları qısırlaşdırdığını və prezidentin birbaşa göstərişi olmadan vətəndaşlara qulluq etmək qabiliyyətindən məhrum etdiyini söyləyirlər. Bu zaman dağıdıcı fevral zəlzələsini nümunə göstərirlər. Prezident isə daim məşğuldur, hər şeydən başı çıxmır, qlobal məqsədləri sadə insanların ehtiyacları ilə üst-üstə düşmür.

Onlar Ərdoğanın bu vertikalı özü üçün düzəltdiyindən və nə qədər çox hakimiyyətdə qalarsa, xalqın iradəsindən asılı olmayaraq ondan ayrılmanın çətin olacağından ehtiyat edirlər. 

Həyat yaxşılaşdı… sonra pisləşdi

Ərdoğanın 20 ili ərzində Türkiyənin və əhalinin rifahı xeyli yüksəldi.

Birinci onillik iqtisadiyyatın illik 8% artımı ilə yadda qaldı, adambaşına düşən milli gəlir isə təxminən üç dəfə – 2003-cü ildəki 4,7 min dollardan 2013-cü ildə 12,5 min dollara – artdı.

Bu, liberal iqtisadi siyasətin və avrointeqrasiya perspektivi sayəsində oldu. Əcnəbilər məmnuniyyətlə Türkiyəyə pul qoyurdular, Ərdoğan isə böyük miqyaslı infrastruktur layihələri üçün büdcə vəsaitinə xəsislik etmirdi.

Amma ikinci onillikdə artım iki dəfə azaldı. Adambaşına ÜDM-nin artımı dayandı, hətta azaldı, qiymətlər də 2001-ci ildən görünməyən sürətlə – ildə 60% – artmağa başladı. Milli valyuta bir neçə devalvasiya yaşadı.

Xalq Ərdoğanın cəsarətli iqtisadi eksperimentinin nəticələrini hiss etdi. Bütün institutları özünə tabe edən prezident Mərkəzi Bankın kredit siyasətinə də qarışmağa başladı. İlkin nəticə: permanent böhran və həyat səviyyəsinin düşməsi. Ərdoğan dünyanın bütün iqtisadçılarından daha ağıllı olduğunu sübut etməyi bacaracaqmı və ya vaxtı çatacaqmı – hələ ki, açıq sualdır.

Bununla belə, Ərdoğan zamanında Türkiyənin iqtisadi inkişafının  nəticələri xeyli müsbətdir. Xalq daha yaxşı və daha varlı yaşadı. İqtisadiyyatın əsas sahələri isə – energetika, turizm, nəqliyyat, sənaye – ya sabit, ya da sürətlə inkişaf etdi. 

Böhrana baxmayaraq, seçkilər öncəsi iqtisadiyyatı ayaqda tutmaq əsasən Ərdoğanın başlıca nailiyyəti –  Türkiyəni regional dövlətə və dünya arenasında gözəçarpan oyunçuya çevirməsi sayəsində mümkün oldu.

Dünyada nüfuzunun artması

İyirmi il əvvəl Türkiyə sakit liman idi, regionda həlledici rolu isə Ərdoğanın 2003-cü ilin martında baş nazir postunu tutmasından bir həftə sonra İraqa müdaxilə edən ABŞ oynayırdı. Ərəb baharı və Suriyadakı müharibə ilə yadda qalan iki onillikdən sonra isə ABŞ faktiki olaraq Yaxın Şərqdən çəkildi. Ərdoğan da Türkiyəni İran, Rusiya və Fars körfəzi ölkələri ilə birlikdə regionun əsas oyunçularından birinə çevirmək üçün vəziyyətdən istifadə etdi.

Türkiyə eyni zamanda NATO üzvü olaraq qalır, amma bu, Ərdoğana alyansın genişləndirilməsinə əngəl törətməyə mane olmur. Müəyyən məqamda hətta ABŞ-a buynuz göstərdi, amma konflikt teziklə Türkiyə üçün ciddi valyuta böhranına çevrildi.

İslam dünyasında nüfuzun artması ilə yanaşı Ərdoğan Türkiyəni Avropanın əvəzolunmaz partnyoruna çevirdi: Suriyadan olan qaçqınların AB-yə axınının qarşısını kəsdi və Avropadan gələn milyardlarla avro müqabilində milyonlarla suriyalını Türkiyədə yerləşdirdi. Ötən il də Ukrayna ilə Rusiya arasında taxıl sövdələşməsində əsas vasitəçi oldu.

İki stulda oturmaq, həm bizimkilərlə, həm sizinkilərlə münasibətləri saxlamaq bacarığı nəhəng ticarət və investisiya defisitinə – ötən il ölkədən çıxan valyuta gələndən 50 milyard çox olub – baxmayaraq, Ərdoğana iqtisadiyyatı ayaqda saxlamağa imkan verir. Amma belə vəziyyətdə rezerv toplamaq alınmayacaq və 2018-ci ildə ABŞ ilə konfliktdən sonra olduğu kimi əhval-ruhiyyə dəyişərsə, investorlar qaçacaq və lirə yenidən çökəcək.

Əgər 20 il əvvəl Türkiyə əsasən Qərbin pulları hesabına böyüyürdüsə, indi onun iltifatına ümid edə bilməz.

Bu ilin əsas seçkiləri öncəsi Yaxın Şərq və Rusiya kapitalı köməyə gəldi, bu da növbəti devalvasiyadan yayınmaq və inflyasiyanı bir qədər cilovlamaq imkanı verdi. Təkcə Rusiya enerjidaşıyıcılarına görə ödəmələrin təxirə salınması barədə Putinlə əldə olunan razılıq yüzmilyonlarla xərci gələn ilə qədər saxlamağa şərait yaratdı.

Sonrası necə olacaq?

Ərdoğan hakimiyyətinin ilk 10 ili azadlıqların boğulması, dövlət institutlarının zəifləməsi və iqtisadi problemlər bahasına da olsa Türkiyəni daha zəngin və daha nüfuzlu etdi.

Ərdoğanla, ya onsuz, növbəti onillik necə olacaq?

Əleyhdarları hesab edirlər ki, Ərdoğan seçkiləri udarsa və ya məğlubiyyətini etiraf etməzsə, ömrünün sonuna qədər hakimiyyətdə qalmağa cəhd edəcək.

Bunun üçün sərtləşmə – repressiyaları və davakarlığı gücləndirmək, daha çox İslama tərəf və bazar iqtisadiyyatından uzağa getmək lazım gələcək. Belə ssenari Türkiyəyə uzun illər boyu böhranlarla növbələşən durğunluq vəd edir.

Ancaq hətta Ərdoğan uduzarsa və müxalifət onun vertikalını sökməyə və əvvəlki liberal dövlət modelinə qayıtmağa başlasa belə, Türkiyə həmişəlik dəyişib.

Ərdoğanın Türkiyə Respublikasında həyata keçirdiyi yenidənqurma geridönməzdir, amma nəticələri hələ məlum deyil. Proses İslam demokratiyası ilə də yekunlaşa bilər. Eləcə də Türkiyəni sultanlığa çevirə bilər.

 BBC

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …