Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Elxan Şıxəliyev: “Heç bir xarici ölkənin vətəndaşı Rusiyada bu addımları atıb özünü təhlükəyə salmaz”

Elxan Şıxəliyev: “Heç bir xarici ölkənin vətəndaşı Rusiyada bu addımları atıb özünü təhlükəyə salmaz”

Kreml yaxınlığında Ukrayna bayrağı ilə hava şarları buraxılıb. Moskvada Qırmızı meydan üzərində pankartla hava şarları atan iki şəxs həbs edilib. Bir sıra məlumatlara görə, polis afişada ordunu gözdən salan yazının olduğunu və orada Ukrayna bayrağının rənglərinin olduğunu düşünüb.

Qeyd olunur ki, mayın 12-də günorta saatlarında Ukrayna bayrağı olan dörd şar diqqət çəkib. Şahidlərdən biri polisə bildirib ki, onlar xarici avtomobil görüblər. O, Kremlin yaxınlığında dayanıb, salondan küçəyə şarlar atılıb və sonra avtomobil uzaqlaşıb.

Dərhal avtomobil saxlanılıb. Avtomobildə iki Tacikistan vətəndaşı olub. Onlar bu hərəkətin siyasi addım kimi qiymətləndirilməsinin səhv olduğunu və plakatda “Qızım üçün təşəkkür edirəm” yazısının olduğunu, yazının rənginin çəhrayı-sarı-bənövşəyi olduğunu bildiriblər.

Qeyd edık ki, bir müddət əvvəl Kremlin üzərində dronları uçduğu ilə bağlı da məlumat yayılmışdı.

Bütün bunlar nəyin əlamətidir: Rusiya doğrudan da belə zəifləyib, yoxsa nə üçünsə özü zəmin hazırlayır?

Hərbi ekspert, ehtiyatda olan polkivnik-leytenant Elxan Şıxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, indi Rusiya cəbhəsində  baş verənlər  müxtəlif sahədəki  əməliyyatlar teatrının nəticələridir: “Rusiya silahlı qüvvələrinin gücü nədirsə, o qədərini bacarır, hətta bir az da bacarmırlar. Ukrayna da əks-hücum əməliyyatlarını keçirmək ərəfəsindədir. Amma Kreml ətrafında baş verənlərin çox dərin pərdəarxası var. Pərdəarxası nə deməkdir? Əslində, Rusiyanın Federal Təhlükəsizlik  Xidməti  tərəfindən görünməyən idarəetmənin modelləşdirdiyi proseslər var ki, cəmiyyət bu prosesləri açıqlaya bilmir. Təbii ki, heç bir halda Ukrayna tərəfindən buraxılan pilotsuz uçuş aparatları taktiki, texniki xüsusiyyətlərinə görə Moskvaya çata bilməz. Çata bilməməsi o deməkdir ki, dediyim o gizli xidmətin ssenariləşdirdiyi bir məsələdən söhbət gedə bilər. Güya artıq Kreml hədəfə alınır və Rusiyanın əlində qalacaq sonuncu atom silahının,  nüvə başlıqlı taktiki, operativ raketləri də istifadə edə bilər.  Zəmin hazırlamaq da o deməkdir ki, Rusiyanın əslində “qırmızı xətləri” var. Bu “qırmızı xətlər” də ondan ibarətdir ki, Ukrayna Rusiyanın ərazilərində  hər hansı əməliyyat keçirsə, bu addımlar  legitim sayılacaq. Ukrayna da bunu etmədiyi üçün özləri ssenariləşdirməlidirlər. Bu isə Rusiyaya baha başa gələ bilər. Bir az da vəziyyəti tələsdirirlər ki, verəcəkləri siyasi-hərbi qərar əsaslanmış olsun. Təbii ki, Kreml ətrafında “sadiq vətəndaşın”  Ukrayna bayrağını qaldırmasında da xüsusi ssenari var. Bu ssenari nədən ibarətdir? Bunu edən vətəndaşları elə bir hala gətirəcəklər ki, onlarda çox böyük qorxu xofu yaradacaq. Xüsusən də müharibəyə qarşı çıxan kəsim üzərindən bunu etməyə çalışırlar. Müharibə əleyhinə olanların çoxu ya artıq Rusiyanı tərk edib, ya da həbs edilib. Rusiyada müharibə əleyhinə aksiyalar keçirməyin nəticələrini vətəndaşlar çox yaxşı bilir. Bu da daxili informasiya müharibəsinə çevriləcək. Müharibənin olmasını və ya dayandırılmasını istəyənlər arasında  ikili fikir yaranacaq. Müharibənin dayandırılması fikrinin üzərinə çox gediləcək. Cəbhədə baş verənlərdən başqa, Kreml ətrafında baş verənləri adi məntiqlə aydınlaşdırmaq çətindir. Çünki Rusiyanın dərin dövlətinin atdığı addımlar var. Cəmiyyət hər zaman görüntüyə reaksiya verir. Bu kimi hərəkətlərin Rusiyada adi hal olduğunu düşünmürəm. Bunların hamısının arxasında xüsusi xidmət orqanlarının bir imzası var. Ona görə də, heç bir xarici ölkənin vətəndaşı Rusiyada bu addımları atıb, özünü təhlükəyə salmaz. Amma bunu ssenari əsasında etdirmək mümkündür və nəticələri də bəllidir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …