Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Tarif Şurasının qərarından sonra AZAL qiyməti qaldıracaq? – Cahangir Əsgərovdan açıqlama

Tarif Şurasının qərarından sonra AZAL qiyməti qaldıracaq? – Cahangir Əsgərovdan açıqlama

Bu yaxınlarda Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılması “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının aviabiletlərinin cari tariflərinə təsir etmir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bütün aviaşirkətlərdə olduğu kimi AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır.
“Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək”, – “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov bildirib.
Xatırladaq ki, bu ilin fevral ayında “Azərbaycan Hava Yolları”nın satış və uçuş sxemi aşağı büdcəli aviadaşıyıcıların təcrübəsi əsasında qurulan brendi AZALJET fəaliyyətə başlayıb.
Ən populyar istiqamətlərə aşağı büdcəli daşımalar proqramının işə salınması aviaşirkət üçün çox mühüm addım olub. AZAL öz qiymət siyasətində maksimum sərfəli və əlverişli şərtlər təqdim etmək məqsədilə bu istiqamətdə işləməyi planlaşdırır.
Ümumilikdə, aviaşirkət 26 beynəlxalq istiqamət üzrə birbaşa aviareyslər, eləcə də Naxçıvan və Gəncəyə daxili reyslər yerinə yetirir. Hazırda yeni turizm istiqamətlərini özündə birləşdirən marşrut şəbəkəsinin genişləndirilməsi üzrə fəal iş aparılır.
Həmçinin Azərbaycanın hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində iş davam edir.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın