Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Siyasət / Ramil Usubovun qol saatı hədiyyə etdiyi polis veteranı fəryad edir: “Oğlumu şərləyənləri cəzalandırın”

Ramil Usubovun qol saatı hədiyyə etdiyi polis veteranı fəryad edir: “Oğlumu şərləyənləri cəzalandırın”

Xaçmaz rayonu Çarxı kənd sakini, Daxili İşlər orqanlarında uzun müddət işləmiş Qarabağ döyüşləri qazisi Hidayətov Xanlar Ənvər oğlu tərəfindən Mia.az-a məktub daxil olub.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Dövlət təhlükəsizlik xidmətinin rəisi cənab Mədət Quliyevə, Daxili işlər naziri Ramil Usubova, Baş prokuroru cənab Zakir Qaralova Tovuz rayon Polis Şöbəsi tərəfindən yeganə oğlunun başına açılan oyunlardan şikayət edib:

Həmin şikayəti olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Prezident!

Mən uzun müddət Daxili İşlər orqanlarında çalışmış, ölkədə sabitliyin qorunmasını, cinayətkar ünsürlərə qarşı mübarizə aparılmasına ömrünün çox hissəsini həsr etmiş polis veteranı kimi Qarabağ döyüşləri qazisi kimi, hətta xidmətlərimə görə Daxili İşlər Naziri, cənab Ramil Usubov mənə qol saatı hədiyyə etmişdir. Və nəhayət yeganə oğlu Tovuz Rayon Polis Şöbəsi tərəfindən qanunsuz olaraq həbs olunmuş çarəsiz bir ata kimi Sizə müraciət edirəm.

Xahiş edirəm, keçmiş polis əməkdaşı, Qarabağ veteranı olduğumu nəzərə alıb, mənə köməklik edəsiniz. Mənim yeganə oğlumu Tovuz Polis Şöbəsi tərəfindən qanunsuz olaraq həbs edib, işgəncələrə məruz qoyaraq barəsində olan saxta cinayət işi üzrə ibtidai istintaq qərəzli qeyri-obyektiv və kobud şəkildə qanun pozuntuları ilə aparılıb.

Tovuz Rayon Polis Şöbəsindən müstəntiq İlqar Abdullayev heç bir əsası, tibb ekspert rəyi və digər maddi sübutlar olmadan tamamilə saxtakarlıqla, şərlə oğluma zülm edibdir. Həmin qondarma iş Tovuz Rayon Məhkəməsi tərəfindən qapalı şəkildə aparılıb. Mən bununla əlaqədar aidiyyatı orqanlara çoxsaylı ərizə və şikayətlər göndərsəmdə, lakin müraciətimə qanunla müəyyən edilmiş qaydada baxılmamışdır”.

Şikayətçi yazır ki, əgər bu məsələ ədalətli araşdırılıb, ona kmək göstərilməzsə, o zaman ailəsi ilə birlikdə Azərbaycan respublikasının vətəndaşlığından imtina edib, başqa ölkələrdən sığınacaq istəyəcək:

“Mənim oğlumdan başqa itirməyə heç nəyim qalmayıb, xahiş edirəm, dövlətinə, millətinə şərəfiylə xidmət etmiş bir valideyin kimi anlayışla qarşılayın, günahkarların cəzalandırılmasına, oğlum Hidayətov Zaur Xanlar oğlunun işinə yenidən baxılmasını və ədalətli qərar qəbul olunmasına kömək edin”.

Mia.az şikayətlə bağlı Xanlar Hidayətovun oğlu Zaurla da əlaqə yaradıb. Saytın əməkdaşı ilə söhbət edən Zaur deyib ki, onu 2015-ci ildə şərləyib həbs ediblər:

“Məni MAXE olan Rafiq adlı bir nəfərin tanışı olan qadınla şantaj edib, başıma corab hördülər. Məhz bu qadının əliylə məni şərlədilər ki, guya bu qadını zorlamışam. Ancaq bir olan Allaha, namusuma and içirəm, qətiyyən o qadınla aramda heç nə olmayıb. Zatən olsaydı, mənimlə düşmən kimi davranan müstəntiq İlqar Abdullayev çoxdan bizi ekspertizadan keçirib, müvafiq arayişlar alardı. Ancaq mənim israrlarıma baxmayaraq, bunu da eləmədilər. Düz 11 ay heç bir sübut tapa bilməsələr də, məndən əl çəkmədilər. Ara yerdə Tovuzdakı mühafizə işimdən də çıxarıldım. Şəxsən istintaq və məhkəmə vaxtı prokuror dedi ki, Zauru belə qondarma ittihamla tutmaq olmaz. Ona görə bir ara istədilər maddəmi dəyişsinlər. Lakin bunun həm gec olmasından, həm də daha çox səs-küy yaradacağından çəkindilər. Çünki mən və atam dayanmadan şərləndiyim haqda şikayət edirdik. Nəhayət, qondarma proses keçirib, mənə 4 il iş verdilər. Hazırda 1/3-dəyəm”.

Zaur Hidayətov üzləşdiyi hadisənin şokundan hələ də xilas ola bilmədiyini deyir və atası kimi, o da bu məsələnin ədalətli araşdırılmasını xahiş edir.

Məsələ ilə bağlı müstəntiq İlqar Abdullayev və digərləri ilə əlaqə yarada bilmədik. Yazıda adıçəkilənlərin hamısını dinləməyə hazırıq.

Həmçinin oxuyun

Bir dəfə də biz ermənilərə gözdağı verə bilmərikmi? – ŞƏRH

“Fransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları “sazişləri” ləğv etməsi müsbət …

Bir cavab yazın