Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Onlar dövlət xəstəxanalarında işləyə bilməzlər” – NAZİRLİK

“Onlar dövlət xəstəxanalarında işləyə bilməzlər” – NAZİRLİK

Son zamanlar Bakıda və regionlarda müxtəlif şirkətlər və fərdi sahibkarlar tərəfindən xeyli tibb kursu açılıb. Bu kurslara istənilən şəxs yazıla bilər. Bir neçə ay davam edən dərslərdən sonra kursda iştirak edənlərə sertifikatlar təqdim olunur.

“Diplomunu” əlinə almış kurs iştirakçıları isə bir neçə aylıq “təhsilə” arxalanaraq tibb bacısı kimi fəaliyyət göstərməyə başlayırlar. Ən azı, ailə üzvlərinə, qonşulara, hətta qohumlarına tibbi yardım göstərirlər. Belə sertifikatlarla işləyənlərin sayı az deyil.
Bəs sertifikatla tibb bacısı kimi işləmək nə dərəcədə doğrudur? Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sertifikatla işə düzəlmək mümkün deyil. Onun sözlərinə görə, səhiyyə sistemində işə qəbul mərkəzləşmiş vəziyyətdədir.

“Dövlət xəstəxanalarında işə düzəlmək üçün öncə həmin insanın Azərbaycanda və ya xaricdə təhsil alaraq əldə etdiyi diplom Təhsil Nazirliyi tərəfindən təsdiqlənir. Daha sonra Səhiyyə Nazirliyi o diplomu təsdiq edir. Bundan sonra həmin şəxslər xüsusi sertifikatlaşdırmadan keçirlər. Daha sonra işə qəbul üçün xüsusi imtahan verməlidirlər. Eyni zamanda, onlar bizim Təkmilləşdirmə İnstitutunun kurslarını bitirməlidir. Qanuna görə, heç kim adi kurs bitirərək dövlət xəstəxanalarında işləyə bilməz. Amma kimsə qonşularına tibb bacısı adı ilə yardım göstərirsə buna biz artıq müdaxilə edə bilmərik” — L. Bayramova bildirib.

O ki qaldı özəl klinikalara, mətbuat xidmətinin rəhbəri, bu sahənin nazirliyin səlahiyyətində olmadığını deyib: “Onlara işə qəbula biz baxmırıq. Özəl olduqları üçün oranın rəhbərliyi işə qəbul qaydalarını müəyyən edir. Amma deyim ki, indiyə kimi özəl klinikalardan bu barədə bizə şikayət gəlməyib. Amma adi kurs sertifikatı ilə özəl klinika rəhbərliyi kimisə işə götürərsə, bu, onun riskidir. Çünki müdiriyyət yaxşı bilir ki, bu məsələ gündəmə gələrsə, o klinikanın sertifikatı əlindən alınacaq”.

Bayramova qeyd edib ki, bu günə kimi belə bir problemlə qarşılaşılmayıb: “Əminliklə deyə bilərəm ki, dövlət xəstəxanalarında, məsləhətxanalarında və poliklinikalarında dövlət təhsili olmayan şəxslər işləyə bilməzlər”.
Həkim Adil Qeybulla isə Sputnik Azərbaycan-a bildirib ki, bu, qanunda olan boşluqlardan sui-istifadə hallarıdır: “Bəzən bir çox firmalar və şirkətlər tibb kursları təşkil edir və sonda iştirakçılara sertifikat verir. Bu kursları bitirən insanlar xəstələrə ilkin yardım göstərə bilərlər. Amma tibb bacısı diplomu olmadan bu vəzifəni yerinə yetirmək olmaz”.

“Çünki tibb bacısı üçün nəzərdə tutulan proqram var ki, onu tələbə mükəmməl qavramalıdır. Bunun üçün isə tibb bacısı ixtisasına mükəmməl yiyələnmək lazımdır” — A. Qeybulla vurğulayıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın