Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / Məmurların ölkədən pul çıxarmasına – 20 faizlik cərimə mane olacaq

Məmurların ölkədən pul çıxarmasına – 20 faizlik cərimə mane olacaq

Xəbər verdiyimiz kimi, yanvar ayının 19-da prezident İlham Əliyevin göstərişi ilə Milli Məclisin fövqəladə plenar iclası keçirildi. “Qafqazinfo” xəbər verir ki, iclasda son günlər neftin qiymətinin kəskin düşməsi nəticəsində, manatın məzənnəsinin sərt enişi fonunda yaranmış narahatlıqlarla əlaqədar çıxış yolları müzakirə edildi. Məhz problemlərdən çıxış məqsədilə də ölkə başçısı parlamentə 8 məsələdən ibarət zərf paketi göndərmişdi. Zərfdə “Əmanətlərin sığortalanması haqqında”, “Valyuta tənzimi haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gömrük tarifi haqqında” mövcud qanunlara dəyişikliklər edilməsi, “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun layihəsi, Vergilər Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi məsələləri öz əksini tapmışdı.

“Əmanətlərin sığortalanması haqqında” edilən dəyişikliyə görə, Fondun likvid (nağd pula tez çevrilən) aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edir.

“Əmanətlərin tam sığortalanması haqqında” yeni qanuna əsasən isə, faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır. Beləliklə, üç il müddətinə əmanətlər limitsiz sığortalanacaq, eyni zamanda əmanətlərə görə olan dividentlərdən faiz tutulmayacaq.

“Valyuta tənzimi haqqında” qanunda edilən dəyişiklikdə ölkədən xaricə kapital axının qarşısını almağa xidmət edir. Bununla da, 50 min ABŞ dollarından yuxarı məbləğdə kapital axını xaricə çıxarılarsa, 20 faiz miqdarında cərimə tətbiq olunacaq.

“Dövlət satınalmaları haqqında” qanunda satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.

“Gömrük tarifi” haqqında qanuna əsasən isə sahibkarların idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumundan azad edilməsi, valyuta əməliyyatlarına görə güzəştlərin tətbiqi kimi mühüm dəyişikliklər əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişiklik ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbarı yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslərə ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilməsi ilə bağlıdır.
“Qafqazinfo” yaranmış böhran şəraitində qəbul edilmiş dəyişikliklərin nə kimi müsbət təsirlərinin olacağı barədə iqtisadçı ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Ekspert də qeyd edib ki, parlamentin növbədənkənar iclasının keçirilməsində əsas məqsəd iqtisadi böhranın tənzimlənməsi və ortaya çıxan problemlərin aradan qaldırılması istiqamətində müəyyən qərarların qanuniləşdirilməsindən ibarətdir: “

Düşünürəm ki, burada yaranmış böhran dalğası islahatları, eyni zamanda iqtisadi siyasətdə korreksiyaları məcburi edir. Məhz bu baxımdan da müəyyən addımların atılması qaçılmazdır. Əmanətlərin sığortalanması məsələsi bank sektorunun hansısa formada yerli maliyyə mənbələrindən məhrum edilməsi ehtimalının qarşısını almağa cəhddir. Çünki banklar devalvasiyalardan sonra ciddi problemlərlə üzləşiblər. Bu problemlər əmanətçilər tərəfindən də qiymətləndirilir. Son dövrlərdə əmanətlərin geri çəkilmə prosesi sürətlənmişdi və vaxtı çatmış əmanətlərin yenidən rəsmiləşdirilməsi prosesi demək olar ki, baş vermirdi. Vətəndaşlar vaxtı çatmış əmanətlərini geri çəkirdi.

Son devalvasiyadan sonra vətəndaşlar cərimə ilə belə olsa da, vaxtı çatmamış əmanətlərini geri çəkməyə cəhd göstərirdilər. Bunun səbəbi də sonrakı dövrlərdə yaranacaq bankların iflası, müflisləşməsi kimi məsələlər idi”.

Onun sözlərinə görə, əmanətlərin tam sığortalanma təklifi də məhz vətəndaşlara dövlət tərəfindən tam zəmanətin verilməsinə cəhd kimi qiymətləndirilməlidir:

“Bank sektoru yaxşı dərk edir ki, növbəti dövrlərdə banklara əmanət axının dinamikasında problemlər ortaya çıxacaq. Böyük ehtimalla vətəndaşlar növbəti dövrlərdə banklara əmanətlər yerləşdirməyəcək. 2014- cü ilin sonuna kimi, əmanət yerləşdirilməsi addımı artan templə inkişaf etmişdi. 2015- ci ilin əvvəllərində bu tempdə azalmalar müşahidə edildi. Yəni tam sığorta hazırda bank sektorunda yaranmış böhranı müəyyən qədər yumşaltmaq və bankların yerli maliyyə mənbələrinə çıxış imkanlarına şərait yaratmaq, onların məhrum olma prosesini ləngitmək xarakteri daşıyır”.

Ekspert valyuta tənzimlənməsi məsələsinin təbii proses olduğunu xatırladıb:

“Artıq baş verənlər, ölkənin tədiyyə balansı, ticarət saldosu onu göstərir ki, vəziyyət Azərbaycanın xeyrinə deyil. Ölkəyə daxil olan valyuta ilə ölkədən çıxarılan valyuta arasında fərq var. Azərbaycan manatının öz dəyərini kəskin şəkildə itirməsinin əsas səbəbi də məhz ölkəyə daxil olan valyutanın həcminin azalması, ölkədən çıxan valyutanın həcminin isə artımı prosesidir. Belə halllar böhran baş verən ölkələrdə investisiya axınına gətirib çıxarır. Çünki investisiya çox həssasdır və böhranı hiss edərsə, ölkədən uzaqlaşır. Azərbaycan reallığını nəzərə alsaq, ölkədən kapital axınının qeyri-leqal forması da çox geniş yayılıb. Bundan əlavə, kapital axınının əsas iştirakçıları hansısa formada yüksək və orta ranqlı məmur təbəqəsidir. Onlar növbəti dövrlərdə baş verəcək hansısa katostroflara qarşı öz gələcək həyatlarını sığortalamaq məqsədilə ölkədən ciddi şəkildə valyuta çıxardırlar.

Düşünürəm ki, valyuta axını baş verərsə, onun bir qismini onların əllərindən alaraq büdcəyə cəlb etmək məqsədilə bu addım atıldı. Əgər proses daha da dərinləşərsə, hətta valyuta axınının tamamilə dayandırılması qərarı da qəbul edilə bilər.

Paralel olaraq ölkəyə valyuta axının təşviqi mexanizmləri ilə bağlı müəyyən işlər görülür. Bu özü-özlüyündə əlavə valyutanın ölkəyə cəlb edilməsinə müəyyən təsirlər göstərə bilər ki, ümumi tədiyyə balansında tarazlığın qorunub saxlanılması cəhdi kimi qiymətləndirilməlidir”.

“Gömrük tarifi haqqında” qanun layihəsinə gəlincə isə R. Həsənov bildirib ki, layihə yanvarın 18-də ölkə başçısının imzladığı fərmanın tələbi kimi də dəyərləndirilə bilər: “Fərmanda qeyd olunur ki, investisiya təşviqi məqsədilə sahibkarlara müəyyən güzəştlər tətbiq olunsun. 7 illik vergidən azad olunma məhz ölkədə qeyri-neft sektorunun müəyyən qədər inkişafına təkan verəcək. Bu istehsal mühitinin normallaşdırılması, innovasiyanın ölkəyə axını məqsədi daşıyır.

Bütün sadaladaqlarımız, xüsusilə də “Valyuta tənzimi haqqında” və “ Gömrük tarifi haqqında” qanunun icrası mühüm faktorlardan biridir. Bu iki qanunun icrası ilə bağlı əngəllərin baş verməsi rast gəlinən haldır.
Qanunların qəbulu ilə yanaşı, onların icra olunması mexanizmlərində də nəzarət formalaşdırılmalıdır. Bundan sonrakı dövrdə artıq qanunların işləməsi Azərbaycanda əsas olmalıdır.

Əmanətlərin sığortalanması daha asan tənzimlənən prosesdir. Eyni zamanda bank sektoru nisbətən ölkədə daha şəffaf fəaliyyət göstərən sahələrdən hesab olunur. Orada mexanizm işləyəcək. Amma əmanətlərin tam sığortasına isə Əmanətlərin Sığortalanması Fondunun imkanının olub-olmaması maraqlı məsələdir.
Düşünürəm ki, Mərkəzi Bank böyük ehtimalla bununla bağlı qiymətləndirmə aparıb. Bankların aktiv və passivlərinin hansı vəziyyətdə olmasından məlumatlıdır. Əks halda, ciddi katostroflar baş verərsə, Sığorta Fondunun bu əmanətləri qarşılamaq imkanı yoxdur, amma mexanizmin işlənməsi düşünürəm ki, baş tutacaq”.

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın