Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / ” Hakimiyyət strukturlarında cinayətkar qruplaşmalar hələ çoxdur”

” Hakimiyyət strukturlarında cinayətkar qruplaşmalar hələ çoxdur”

Ramiz Tağıyev: Mənim kimilərə hədə-qorxu keçmir. Yazılarımın davamı mütləq olacaq”

Keçmiş MTN-nin sabiq idarə rəisi Akif Çovdarovun məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Səbəb isə vəkillərin və A.Çovdarovun istintaq materialları ilə tanış ola bilməmələridir. Məhkəmə prosesi zamanı zərərçəkmişlərdən biri A.Çovdarova “onun üstündə 30 insanın qanı var”- deyib. İttiham doğrudurmu və ya yaranmış vəziyyətdən istifadə edərək təqsirləndirilən şəxsdən qisas almaq istəyirlər?

Məsələyə münasibət bildirən Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev təqsirləndirilən şəxslərə qarşı təsdiqini tapmamış ittihamların səsləndirilib, ictimai rəy yaradılmasını təqdir etmədiyini söyləyib: “Belə ittihamları səsləndirənlərdən fakt tələb oluna bilər. Yəni, A.Çovdarovun vəkili məhkəməyə müraciət edib, həmin ittihamı səsləndirəndən mövqeyini əsaslandırmağı tələb edə bilər. Şübhə yoxdur ki, A.Çovdarov etdiyi cinayətlərin cüzi epizodları üzrə mühakimə olunur. Xatırlayırsınızsa, o yaxın keçmişdə jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar gündəmə gətirilmişdi. Araşdırmaçı jurnalistlər həmin mövzuda bir çox yazılara imza atsa da, MTN-ə dəvət edilib, hədə-qorxuya məruz qaldıqdan sonra geri çəkilməyə məcbur oldu.

 

Keçmiş MTN-çilərin cinayəti hədsiz çox olub. Düşünürəm ki, istintaq həmin cinayətlərin açılmasında bir o qədər maraqlı deyil. Avropa oyunlarından əvvəl Binəqədidə yanmış binanın hesabı məhz MTN-çilərdən sorulmalıdır. Elə həmin ərəfədə başqa bir təxribat hazırlanıbmış. Xoşbəxtlikdən tam təsadüf nəticəsində qarşısı alınıb. Belə ki, Avropa oyunlarından bir-iki gün öncə Bakı Dəmiryol vağzalından bir neçə kilometr aralıda saxlanılmış yüklə dolu qatar gözlənilmədən hərəkətə gəlmiş və vağzala doğru sürətlə irəliləmişdi. Stansiyanın sıravi işçilərindən birinin sayıqlığı nəticəsində maşinistsiz hərəkətə gəlmiş qatarı dayandırmaq mümkün olmuşdu. Dəmiryolçuların söylədiyinə görə əgər qatar dayandırılmasaydı, faciənin miqyası hədsiz böyük olacaqdı. Biz, elə həmin zaman aldığımız informasiyaya əsasən xəbər yaydıq. Həmişə olduğu kimi, onda da diqqətə alan olmadı. Həmin hadisənin təsadüfi olmadığını düşünürəm. Bunlar silsilə təxribatlar idi. Xətai rayonu və Binəqədidə bina yanğınları, ardınca söylədiyim hadisə və nəhayət avtobusla xarici idmançıların vurulması. Baş vermiş cinayətlərdə günahın böyük hissəsi jurnalistlərin üstünə hücum çəkib,onların peşə borclarını yerinə yetirmələrinə mane olanlardadı.

İndi,durum heç fərqli deyil. “Qılınc”ını çəkən məmur jurnalistləri hədəfə alır. Yadımdadır, “Millətim” qəzetində “Qələmlər durdurulduqca ,faciələr çoxalacaq”sərlövhəli yazı getmişdi. Razılaşmamaq mümkün deyil. Qələmlər durmamalıdı, hələ də hakimiyyət sıralarında cinayətkar qruplaşmalar meydan sulamaqdadır. Xalqın, Dövlətin sərvətini, malını talayıb, özlərinə “qan üstündə xaniman” yaradanlar hələ çoxdur. Heç nə dəyişməyib, əvvəl MTN-nin cinayətkar dəstəsinnən yazırdıq, təqib edir, şər-böhtanla həbsə məruz qoyurdular. İndi, digər harınlamışlardan yazırıq, yenə hücumlar çoxalıb. Ancaq unudurlar ki, mənim kimilərə hədə-qorxu keçmir. Yazılarımın davamı mütləq olacaq. Yazdıqlarımın fakt olduğuna heç bir zaman şübhə etməmişəm. On il öncə MTN barəsində yazdıqlarım tam təsdiqini tapdıgı kimi, düşünürəm ki, nə zamansa indi yazdıqlarım təsdiqlənəcək.”

Həmçinin oxuyun

İqbal Ağazadə: “Siyavuş Novruzov tələbələrlə bağlı bu fikri bilərəkdən səsləndirib”

“İqtidarda hamı ağıllı danışsaydı, pisi kimin ayağına yazardılar? Bəzi adamlar ona görə belə danışırlar ki, …

Bir cavab yazın