Ana səhifə / Siyasət / Həbs olunan biznesmenin oğlu 1 milyard dollar borc alır – FOTO

Həbs olunan biznesmenin oğlu 1 milyard dollar borc alır – FOTO

Ata Piriyev Bakıda Kürdəxanı təcridxanasında “məskunlaşıb”.

Külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunaraq həbs edilən biznesmen Nizami Piriyevin oğlu Londonda 1 milyard dollar borc alır.

Azinforum.Az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat az əvvəl reklam şərtləri əsasında press-relizlər yayan “PRNewswire” agentliyində yer alıb.

Məlumatda təbii ki, Nizami Piriyevin Bakıda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunması haqda heç nə deyilmir.

Ancaq press-relizdə bildirilir ki, “Azərbaycan Metanol Şirkəti” ASC (AzMeCo) – Azərbaycanın neft-kimya sənayesinin aparıcı müəssisələrindən biri Londonda istiqrazların buraxılması yolu ilə 1 milyard dollar cəlb etməyi qərara alıb.

İstiqrazların buraxılması şirkətə hüquqi xidmətlər göstərmək üçün sifariş alan “Hidhgrove Securities LLP” şirkəti məşğul olacaq.

Hüquq şirkəti bildirir ki, qiymətli kağızlar investorlara fərdi qaydada təklif ediləcək, ancaq gələcəkdə London qiymətli kağızlar birjasında hərraca da çıxarıla bilər.

Press-relizdə deyilir ki, “AzMeCo” regionda iri metanol istehsalçısıdır, illik istehsal gücü 700 min kubmetrdir. 2014-cü ildə istifadəyə verilib və hazırda Azərbaycan, Türkiyə və digər ölkələrdəki müştərilərə metanol satır, o cümldən BP-nin törəmə şirkəti olan “BP Chemicals”a metanol verir. Zavod işə düşdükdən bu yana 180 min ton metanol istehsal edib.

“AzMeCo”nun baş direktoru, Nizami Piriyevin oğlu Nəsib Piriyev bildirib:

“Biz artıq beynəlxalq investorlarla Bakıda yerləşən metanol zavodunun refinansə edilməsi üçün danışıqları yekunlaşdırmışıq. Londonda qiymətli kağızların buraxılması yolu ilə əldə edilən məbləğ biznesin davamlı inkişafına və Azərbaycan Beynəlxalq Bankı qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinə yönəldiləcək”.

Nəsib Piriyev bəyan edib ki, Beynəlxalq Bankın kredit dəstəyi onların biznesinin uğuru üçün həlledici əhəmiyyət kəsb edib, bu kredit layihənin erkən mərhələsində şirkətin kapitala çıxışına imkan yaradıb.

“İndi isə “AzMeCo” gəlirli biznesə çevrildiyi üçün fərdi investorlar tərəfindən də maliyyələşdirilə bilər, Beynəlxalq Bankın vəsaiti isə ölkənin iqtisadi artımını təmin etmək üçün Azərbaycanda başqa layihələrə sərf olunar” – deyə Nəsib Piriyev bildirib.

BP nümayəndəsi isə “AzMeCo”nun etibarlı tərəfdaş olduğunu, şirkətin ötən bir il ərzində davamlı istehsal həyata keçirdiyini bildirib.

“Biz “AzMeCo” ilə tərəfdaşlığımıza 20 ildən artıqdır işlədiyimiz Azərbaycanda ümumi öhdəliklərimizin tərkib hissəsi kimi baxırıq. Ölkənin mineral ehtiyatlarının işlənməsində uzunmüddətli partnyorlarımızı qiymətləndiririk və etibar edirik” – deyə adı açıqlanmayan BP nümayəndəsi bildirib.

Beləliklə, ata Piriyevin Bakıda Kürdəxanı təcridxanasında “məskunlaşmasından” sonra Londonda olan oğul Piriyev onu xilas etmək, yəni Beynəlxalq Bankdan götürülmüş 300 milyon dollar krediti geri ödəmək üçün 1 milyard dollar borc alır.

Lakin hazırda zavodun fəaliyyətini dayandırdığı, SOCAR-ın xammal kimi istifadə olunan təbii qazı kəsdiyi (Piriyev qazı ucuz almaq istədiyinə görə zavodun xammalı kəsilib) bir vaxtda hansı investorun bu qədər riksə gedib piriyevlərin zavoduna 1 milyard dollar yatıracağı şübhə doğurur.

Həmçinin oxuyun

“Bu məsələni Əliyevlə müzakirə etmişəm” – Zurabişvili sərhəddən danışdı

Prezident Salome Zurabişvili feysbuk səhifəsində son zamanlar Azərbaycanla Gürcüstan arasında sərhədlə bağlı yaranmış gərginliyə münasibət …

Bir cavab yazın