Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Füzuli rayonunda gizli dinləmə qalmaqalı

Füzuli rayonunda gizli dinləmə qalmaqalı

İdarə rəisi Sübahir Qurbanovun həbsindən sonra qudası, Füzulinin Təhsil Şöbəsinin müdiri niyə vəzifəsindən azad edilib?

Eldar Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasından sonra məlum oldu ki, onun çetesi Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki adamları vasitəsilə hakimiyyətin ən müxtəlif pillələrində dayanan vəzifə sahiblərini dinləyib, barələrində kompromat toplayıb, şantaj edib və nəzarət altında saxlayıblar.

Hazırda bu əməllərinə görə Eldar Mahmudovun ən yaxın ətrafına daxil olan generallar, şöbə rəisləri həbsdədirlər. Onlardan biri də MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanovdur. Dekabrın 4-də onun qudası, Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Almaz Həşimova vəzifəsindən azad edilib.

A.Həşimova bu vəzifədən öncə rayondakı internat məktəbinin direktoru olub. Alı Alıyev Füzulinin icra başçısı təyin olunandan sonra A.Həşimova təhsil şöbəsinə müdir gətirilib. YAP üzvü, RTŞ sədri Hafiz Tahirov isə yola salınıb. A.Həşimova ilə A.Alıyevin dostluq əlaqələri var.
İddiaya görə, A.Həşimova ilə A.Aliyev rayonda büdcə mənimsəmələrində birgə fəallıq nümayiş etdiriblər.

S.Qurbanovun həbsindən sonra isə A.Haşımova üçün cəzasızlıq dövrü bitib: “Ancaq işlərin tərs getməsi və A.Həşimovanın vəzifəsindən çıxarılması MTN-dəki həbslərlə bağlı olub. Mənbə iddia edir ki, həbs edilən generallardan birinin A.Həşimova ilə qohumluq əlaqəsi var və onu himayə edirmiş. Həmin yüksək vəzifəlinin həbsi A.Həşimovanın işini itirməsi azmış kimi, fəaliyyətinin araşdırılmasına da səbəb olub. Qeyd edək ki, Füzuli Rayon Təhsil Şöbəsindəki nöqsanlardan dəfələrlə yazılıb. Müəllimlərin bir çoxu repetitor çalışır və məktəblərdə dərs öyrətmirlər. Hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Füzuli RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pul mənimsənilib. Bu tenderlərin əksəriyyətini məhz A.Həşimovaya məxsus olan ”Valeh-H” MMC, “Ülkər-H” MMC, Vüsal-84 MMC, “Nəfs-RR” MMC firmaları qazanır. Məlumatda həmçinin vurğulanır ki, tenderlərə ayrılan vəsaitin heç 30 faizi təyinatına görə xərclənmir və ayrılan vəsaitlərin çox hissəsi mənimsənilir. Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlama nəticəsində şöbədə 600 min manatlıq mənimsəmə faktı aşkarlayıb”.

“Yeni Müsavat”a daxil olan məlumatda isə A.Həşimovanın işdən çıxarılmasının qudası S.Qurbanovla əlaqəli olduğu deyilir. Bildirilir ki, MTN-dəki “təmizləmələrdən” öncə rayonda baş verən hər bir məsələ detallı şəkildə icra başçısına çatdırılıb. Hətta MTN-in rayon şöbəsi rəisinin şəxsi danışıqları belə hansısa formada rayon rəhbərliyinə məlum olub. Sonradan informasiya sızıntısının hansı üsulla baş tutması haqda rayonda xəbərlər dolaşmağa başlayıb. A.Həşimovanın qudası Sübahir Qurbanovun məsələdə adı hallanmağa başlayıb. S.Qurbanovun həbsindən sonra isə məsələ yenidən gündəmə gəlib və A.Haşımovanın tutduğu postdan çıxarılması üçün tədbir görülüb. S.Qurbanovun həbsinə qədər təhsil şöbəsinin müdirinə dəstək verən icra başçısı yoxlamaların nəticəsinə müdaxilə etməkdən yayınıb. Belə məlumatlar var ki, rayonun vəzifəli şəxslərinin, prokurorun, polis rəisinin, MTN-in rayon şöbəsinin rəisi Əli İsgəndərovun və digər vəzifəlilərin gizli dinlənilməsindən əldə olunan məlumatlar sonradan icra hakimiyyətindəki kabinetlərə yol tapıb.

P.S. Yazıda adıçəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın