Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Siyasət / Avropa Oyunları miniatür kitablarda…

Avropa Oyunları miniatür kitablarda…

Qalib idmançılarımızın hamısı “Azərbaycan naminə qalib gəldim” deyir

İyunun 22-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə gündəlik ənənəvi görüş keçirildi. Qeyd edək ki, ənənə halını alan bu formatda Azərbaycanı təmsil edən qalib idmançılara mükafatlar təqdim olunur. “Zəfər Günləri” adlanan bu tədbir “Lider” televiziyası vasitəsilə canlı yayımlanır.
“Bakı-Xəbər” qəzetinin məlumatına görə, Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun və Bakı Miniatür Kitablar Muzeyinin direktoru, MOK İcraiyyə Komitəsinin üzvü Zərifə Salahovanın, iştirak etdiyi görüşə yarışın X günündə medal qazanan idmançılar qatılmışdı. MOK rəsmiləri bədii gimnastikanın fərdi lent yarışında gümüş medal qazanan Marina Durunda və batut gimnastikasında kişilərin fərdi yarışında 3-cü olan İlya Qrişunini mükafatlandırdılar.
Tədbirdə nitq söyləyən İsmayıl İsmayılov Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirdi: “Zəfər günləri” Avropa Oyunlarının startından bəri ənənəvi olaraq hər gün keçirilir. İdmançılarımızın ilk gündən medallar qazanması dövlətimizin bu sahəyə olan qayğısının bəhrəsidir. Bu qayğının da əsası Heydər Əliyevin vaxtında qoyulub. İdmançılarımız ötən il müxtəlif ölkələrdə ümumilikdə 805 medal qazanıblar. Azərbaycan idman sahəsində artıq hegemon dövlətlərdəndir”. Nazir müavini Azərbaycanın Avropa Oyunlarındakı medal sayının artacağını dedi: “Avropa Oyunlarında da bu günə qədər artıq 35 medal əldə etmişik ki, bu da əlamətdar hadisədir. Gimnastika üzrə yarışlarda 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmağımız I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qayğısının nəticəsidir. İnanıram ki, digər idman növlərində də medallarımız olacaq. Samboçularımızdan 4-ü artıq finaldadır. Həmçinin 3-ü bürünc medal uğrunda mübarizə aparacaq. Boksçularımızdan da medallar gözləyirik. Bundan başqa, cüdo yarışları da hələ başlamayıb. Cüdoçularımızın da etimadı doğruldacaqlarına əminəm”.
İsmayılov sonda dedi ki, Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində təşkil edilən bir turnirdir. Sonra söz incəsənət nümayəndələrinə verildi. Ənənəyə uyğun olaraq tədbirə hər bir zəfər günündə tanınmış incəsənət nümayəndəsi qatılır.
Gənc müğənni Valeh İsrafilov öz ifası ilə məclisə xüsusi kolorit qatdı. Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olundu. Onların qələbə ilə bağlı bizlərə yaşatdığı tarixi anlar geniş ekranlarda nümayiş olundu.Son qaliblərin hansı təəssüratda olmaları ilə bağlı qəzetimiz üçün onlardan açıqlama aldıq.
Avropa Oyunlarında gümüş medal qazanan Marina Durunda bildirdi ki, Avropa Oyunlarında çıxış etmək çox məsuliyyətli idi: “Şadam ki, medal əldə etməklə mənə bəslənən ümidləri doğrultdum. Mən qazanılan uğura tək imza atmamışam. İkinci yeri tutmaqla məşqçimi, yaxınlarımı, azarkeşləri sevindirdim. Bu uğuru bütün Azərbaycana həsr edirəm. Nailiyyətimdə məşqçilərin və Gimnastika Federasiyasının rolu danılmazdır. Hamı – qohumlarım, dostlarım, federasiya rəhbərliyi məni bu uğur münasibətilə təbrik etdi. Məşqlərdə çox çalışırdım. Bunun bəhrəsini gördüm. Avropa Oyunlarında hər şey yüksək səviyyədə idi. Mənə dəstək olan hər kəsə minnətdaram. Bu uğura tək imza ata bilməzdim”. Gənc idmançı bu uğurdan sonra da gərgin məşq edəcəyini bildirdi: “Arxayınlaşmaq olmaz. Qarşıda turnirlər var. Olimpiadaya lisenziya qazanmalıyam. İndi məsuliyyətim daha çoxdu. Həddindən artıq işləmək və növbəti yarışlarda da yüksək səviyyədə çıxış göstərmək lazımdır”.
I Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarda bürünc medal qazanmış Azərbaycan gimnastı İlya Qrişunin isə açıqlamasında Azərbaycan Gimnastika Federasiyası, məşqçisi və onu dəstəkləyən tamaşaçılara minnətdarlığını bildirdi: “Mənə olan etimadın 80-90 faizini doğrultdum. Şadam ki, məşqçim razı qaldı. Qələbəmdən həyat yoldaşım, uşağım və anam da şad olub. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu medalı çoxdan qazanmaq istəyirdim. Əlimdən gələni etdim və nəticə özünü gözlətmədi. İmza atdığım uğurdan sonra şokdayam. İndi beynimdə ancaq bir fikir var: yatmaq. Çünki son illər istədiyim qədər yata bilməmişəm. Nəticə ürəyimcədir. Verilən tapşırığın öhdəsindən 90 faiz gəldim. Mənə bəslənən ümidləri puç etmədim. Gimnastika Federasiyasının rəhbərliyinə bizə yaradılan şəraitə görə təşəkkür edirəm. Bütün azərbaycanlı azarkeşlərə minnətdaram. Valideynlərimi, həyat yoldaşımı, övladımı təbrik edirəm. Sağ olun ki, azarkeşlik etdiniz. Mənim çıxışım zamanı övladım yuxuya gedib. O hələ başa düşmür ki, atası uğura imza atıb. Ümid edirəm ki, övladım da böyüyəndə gimnastika ilə məşğul olacaq. Bəlkə də, bir yerdə məşğul olacağıq. Avropa Oyunlarının mükafatçısı olmaq arzum idi. Finala çıxanda əmin oldum ki, medal qazanacam. Tribunalar məni möhtəşəm dəstəklədi. Bir qram da həyəcanım yox idi. Hər şey yüksək səviyyədə oldu. Bunu təkcə mən yox, digər idmançılarımız da təsdiqləyir. Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarını xatırladır”.
Tədbirə MOK rəsmisi kimi qatılan Zərifə Salahovadan da qəzetimiz üçün açıqlama aldıq. O bildirdi ki, rəhbərlik etdiyi muzey nadir mədəniyyət nümunələrindən biridir: “2002-ci ildə yaradılan muzeydə 64 ölkədə nəşr olunmuş 5700 kitab nümayiş etdirilir. Muzeydəki nadir kitablar təxminən 32 ilə toplanıb. Qeyd edək ki, buradakı kitablardan ən kiçiyinin həcmi 0.75 x 0.75 millimetr, böyüyünün həcmi isə 100×100 millimetrdir. Maraqlıdır ki, muzeydəki ölçüsü 75 millimetrdən az olan 2913 kitab Ginnesin Rekordlar Kitabının tələblərinə cavab verir.
Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimlərinə həsr olunmuş “Vətənə, dövlətə, xalqa sədaqət andı”, “Heydər Əliyevin neft strategiyası”, “Heydər Əliyevin xatirəsinə poema”, “Azərbaycan Respublikası”, “Xoşməramlı səfir”, “Kitabi-Dədə Qorqud”, “Qurani-Kərim”, “Koroğlu”, Nizami, Xaqani, Məhsəti, Nəsimi kimi klassiklərimizin, onlarla müasir Azərbaycan ədəbiyyatı nümayəndəsinin, dünya ədəbiyyatının Şekspir, Bayron, Puşkin kimi korifeylərinin əsərləri nümayiş etdirilir. Sevindirici haldır ki, mən Avropa Oyunlarını da canlı izləyə bilirəm. Oyunlardan sonra tədbirlə bağlı bir neçə miniatür kitab buraxmağı düşünürəm ki, həmin kitabların analoqu olmayacaq”. Tədbir incəsənət nümayəndələrinin ifalarından sonra başa çatdı.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Əli Həsənov: “Mən Bakıdayam, amma həbs olunmamışam”

Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada …

Bir cavab yazın