Şənbə , Avqust 24 2019
Ana səhifə / Siyasət / Akif Çovdarov məhkəməyə xüsusi girişdən gətirilir – Məhkəmə binasının önündən FOTOLAR

Akif Çovdarov məhkəməyə xüsusi girişdən gətirilir – Məhkəmə binasının önündən FOTOLAR

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəmənin hazırlıq iclasının keçiriləcəyi deyilir.
Musavat.com xəbər verir ki, cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.
Musavat.com-un məhkəmə binası qarşısında olan müxbiri xəbər verir ki, məhkəmə prosesi saat 14:00-a təyin edilib. Jurnalistlər bu dəfə məhkəmə zalına buraxılmayıb.
Prosesin qapalı keçirilməsi elan olunmasa da, jurnalistlər heç bir səbəb göstərilmədən məhkəməyə buraxılmır. Məhkəmənin başlayıb-başlamaması haqda da heç bir məlumat verilmir.
Təqdirləndirilən şəxslərin zərərçəkmişlərin vəkilləri hazırda məhkəmə zalındadır.
Sabubçu Rayon Məhkəməsində olan nəzarətçilərin verdiyi məlumata görə, A.Çovdarov məhkəmə zalına gətirilərkən onu heç kim görmür. Xüsusi girişdən zala gətirilən A.Çovdarov zalda şüşə qəfəs arxasında oturanadək heç kimlə təmasda olmur.
“Məhkəməyə arxa qapıdan gətirilir. Maşın birbaşa zirzəmiyə daxil olur. A.Çovdarov liftlə zala qaldırılır. Onu kiminsə görməsi mümkün deyil” – deyə verilən məlumatda bildirilir.
Qeyd edək ki,  əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar dəyişdirilib.
Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır.
Xatırladaq ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbayel Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək, sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.



Həmçinin oxuyun

Etibar Məmmədov aktiv siyasətə qayıdır? – AMİP liderinin dünəni, bu günü və perspektivləri

Redaksiyadan: Müstəqilliyimizi elan edəndən bəri Azərbaycanda dondurulmuş bir siyasi mühit mövcuddur. Xarici güclərin dəstəyini alaraq, …

Bir cavab yazın