Bazar , Avqust 25 2019
Ana səhifə / Siyasət / “17 il üçün 1 həftə dözə bilmirsiz?” – Cahangir Hacıyev

“17 il üçün 1 həftə dözə bilmirsiz?” – Cahangir Hacıyev

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda tərəflər son söz nitqi ilə çıxış ediblər.

Təqsirləndirilən “Inter Security” Mühafizə Şirkətinin rəhbəri İbrahim Hüseynovun vəkili Azər Tağıyev çıxış edərək ittihamın əsassız olduğunu deyib: “Məhkəmə prosesi də kobud pozuntularla keçirildi. Müdafiəçilərə şərait yaradılmadı. Məhkəmə istintaqı 1 ay 10 günə başa çatdırıldı. İbrahim Hüseynovun bankla bağlılığı yoxdu, bankda vəzifə tutmayıb. Özü də əvvəllər MTN əməkdaşı olub. Onun barəsində bəraət hökmü çıxarılmalıdır. Mülki iddiaçı ərizəsinin əvvəlində 211 milyon manat yazıb, sonda isə təqsirləndirilənlərin hər birinin nə qədər ödəməli olduğunu yazıb. Həmin rəqəmləri toplayanda 249 milyon manat olur”.

Dövlət ittihamçısı Fərid Nağıyev C.Hacıyev və ailəsinə məxsus kredit kartlarından xarici ölkələrdə xərclənən pulların siyahısını açıqlayıb. Orada C.Hacıyevin ailə üzvlərinin hotellərə, restoranlara, alış-verişə, SPA mərkəzlərinə, təhsilə xərclədiyi bankın pulları sadalanıb.

Vəkil Aqil Layıcov da replika deyərək ittihamın “guya”lar üzərində qurulduğunu deyib: “Kredit kartlarından xərclənən pulların məbləği 1 milyon manatı keçmir. Cahangir Hacıyevin yüksək gəliri var idi, özü də bu pulu ödəyə bilərdi”.

Bundan sonra təqsirləndirilən şəxslər son söz deyiblər.

Kənan Orucov bildirib ki, ona verilən ittiham üzrə mənimsəmə və vəzifə saxtakarlığı maddələrində özünü təqsirli bilmir: “Mən Kedit Komitəsinin qərarlarını icra edirdim. 18 müqavilənin 11-i mən məzuniyyətdə olanda imzalanıb. Bu maddələr üzrə bəraət verilməsini istəyirəm. 313-cü maddə üzrə isə artıq cəzamı çəkdiyim üçün xitam verilməsini xahiş edirəm”.

Mərkəzi filialın keçmiş rəhbəri Anar Sultanov deyib ki, C.Hacıyevin ailə üzvlərinə kredit kartlarının verilməsi, limitin artırılması barədə şəxsən C.Hacıyevin özündən göstəriş aldığını deyib: “Biz sadəcə əməliyyatçı kimi texniki işləri görmüşük. Layihələrdən xəbərim olmayıb. Vəsaitlərin də kimin tərəfindən xərcləndiyi bəllidir. Mənə bəraət verməyinizi istəyirəm”.

Nərimanov filialının rəhbəri olmuş Məmməd Cahangirov da günahsız olduğunu deyib: “Mən sadəcə qərarları icra etmişəm. Bizim filialdan verilən kreditlər də bağlanıb. 2 uşağım var, bəraət verməyinizi istəyirəm”.

Keçmiş məhkum Yusif Ələkbərov deyib ki, etiraf edəcəyi bir günahı yoxdur: “Mənim 3 milyon manat mənimsədiyimlə bağlı ittiham verilib. 3 milyonum olsaydı, müstəntiqə 2 milyon verib azadlığa çıxardım, daha burda nə işim vardı”.

İlqar Abdullayev heç bir günahı olmadığını, sadəcə vəzifəsini icra etdiyini deyib.

Azad Cavadov isə vəkilinin çıxışı ilə razı olduğunu deyib: “Nə yeyib nə içmişik ki, nəsə də danışım”.
Digər təqsirləndirilənlər – İbrahim Hüseynov və Cahangir Hacıyev çıxış üçün 1 həftə vaxt istəyib.

Hakim 1 həftənin çox olduğunu bildirib. C.Hacıyev isə “17 il üçün 1 həftə dözə bilmirsiz?” deyə cavab verib.

Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında C.Hacıyevin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin oxuyun

SÜLHƏDDİN ƏKBƏR ELÇİBƏYLƏ ARASINDAKI FİKİR AYRILIĞININ SİRRİNİ AÇDI: “Mən ona rəsmi məlumat vermişdim” – MÜSAHİBƏ

Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, hazırda Azad Demokratlar Partiyasına rəhbərlik …

Bir cavab yazın