Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / Tiflisdəki Azərbaycan teatrı ilə bağlı məkrli plan…

Tiflisdəki Azərbaycan teatrı ilə bağlı məkrli plan…

Son vaxtlar yenə də Gürcüstanda yaşayan soydaşlarımızla bağlı narahatlıq doğuran xəbərlər gəlir. Xüsusilə də aktiv fəaliyyəti il diqqət çəkən deputat Azər Süleymanovun adının hansısa qondarma cinayət işində hallandırılması və digər məsələlər ciddi narahatlıq doğurur. Soydaşlarımızın durumu və azərbaycanlılara birbaşa aid olan məsələlərlə bağlı İnsan hüquqları üzrə Qafqaz Monitorinq Mərkəzini rəhbəri Elbrus Məmmədovla söhbət etdik.

Qeyd edək ki, bu mərkəz Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Təşkilat Qafqazda mədəni və tarixi irsin mühafizəsi, Gürcüstan və Qafqazda Azərbaycan və türk icmasının hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir. Mərkəz həmçinin hesabatlar hazır edərək BMT və Avropa Şurası kimi beynəlxalq təşkilatlara təqdim edir.

– Elbrus bəy, bu yaxınlarda Gürcüstanın Kvemo Kartli bölgəsi ilə bağlı hazırlanmış video-çarx yerli azərbaycanlılar arasında narazılıq yaratdı. Baş verənlərlə bağlı nə deyə biəlrsiniz, hansı tərəf haqlıdır?

– Dediyiniz video-çarx bu ilin iyulunda Kvemo Kartli bölgəsinin administrasiyası tərəfindən hazırlanıb və çarx bölgənin sosial və ictimai həyatı və koloritini əks etdirib. Lakin həmin video-çarxda Azərbaycan icmasının mövcudluğunu və onun tarixi, mədəni irsini əks etdirən bir kadr belə daxil edilməyib. Gürcüstanın Azərbaycan icmasının yalnız özünəməxsusluğunu qorumaqla bağlı deyil, onu inkişaf etdirməklə bağlı da hüququ olmalıdır. İcma ölkənin mədəni, sosial, iqtisadi və ictimai-siyasi həyatında iştirak edərək Gürcüstan cəmiyyətinin bütün sahələrinə inteqrasiya etməlidir. Bizim üçün Azərbaycan icmasının doğma dil, mədəniyyət və tarixinin tanınması və bunun Gürcüstanın mədəni irsinin tərkib hissəsi kimi nəzərdən keçirilməsi çox vacibdir. Bu gün Gürcüstan hakimiyyətinin bizim mədəni və tarixi irsin tanınması ilə bağlı fəal və davamlı siyasət aparmasına böyük ehtiyac var. Təəssüflər olsun ki, qeyd etdiyim yarım dəqiqəlik video-çarx Azərbaycan icmasına olan münasibətin bariz göstəricisidir. Nə tanınma, nə də münasibət var. Xatırlatmaq istərdim ki, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, 2014-cü ildə ölkədə 233 min azərbaycanlı yaşayıb və onların əsas hissəsi məhz Kvemo Kartlidə məskunlaşıb.

– Son vaxtlar Kvemo Karli bölgəsinin turizm potensialının inkişaf etdirilməsi məsələsi ciddi şəkildə müzakirə olunur. Bu istiqamətdə Azərbaycan icmasına məxsus tarixi və mədəni abidələrlə bağlı hər hansı bir iş aparılırmı?

– İki il bundan qabaq Gürcüstanda və xaricdə keçirilən ölkənin turizm potensialının tanıdılması üzrə tədbirlərdə paylanılan təbliğat materialları ilə bağlı Milli Turizm Administrasiyasına müraciət etmişik. Bizim müşahidələrə əsasən, Kvemo Kartli və Samtsxe Cavaxeti regionlarının turizm istiqamətləri üzrə xəritələrdə həmin regionların mədəni, tarixi və irsi abidələri yer almayıb. Dövlət qurumuna ünvanladığımız müraciətdə bununla bağlı narazılıq ifadə etdik. Hesab edirik ki, milli azlıqlara məxsus mədəni və tarixi obyektlər bu kateqoriyadan olan tarixi və mədəni irsə maraq göstərən turistləri daha çox cəlb edə bilər. Mədəniyyət Nazirliyi Kvemo Kartli və Samtsxe Cavaxeti regionlarında olan onlarla məscid və digər müsəlman memarlıq obyektlərini Gürcüstanın mədəni-tarixi irsi siyahısına daxil edib. Bu, bizə xəritələrlə bağlı bu vəziyyətə hüquqi qiymət verilməsi və yol verilmiş nöqsanların aradan qaldırılmasını xahiş etməyə əsas verib.
Milli Turizm Administrasiyasından cavab olaraq bildirdilər ki, xəritələrdə yol verilmiş nöqsanlarımız nəzərə alınacaq və yeni xəritələrə Kvemo Kartli və Samtsxe Cavaxetidə mövcud tarixi-mədəni və etnoqrafik əhəmiyyətli obyektlər daxil ediləcək. Lakin bu məsələ ilə bağlı bu günə qədər heç bir dəyişiklik yoxdur. Əksinə, hazırlanmış video-çarx bizi Gürcüstanda və bütün dünyada gözəgörünməz etdi.

– Gürcüstanda yaşayan azərbaycanlıların məxsus mədəni irsin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?

– Gürcüstanda qanunvericiliklə milli azlıqlara mədəni hüquqlardan istifadə, mədəniyyətə tam formada çıxış və mədəniyyətin möhkəmləndirilməsi və inkişafı müəyyən olunub. Lakin Azərbaycan icmasının mədəniyyətinin qorunub saxlanılması üzrə işlək mexanizm yoxdur. Dövlət tərəfindən səhlənkarlıq və siyasi iradənin olmaması mədəni hüquqlarla bağlı yaranmış hazırkı vəziyyətə haqq qazandırmır. Milli azlıqlar üçün adət-ənənələrin və mədəniyyətin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı imkanlar minimuma endirilib.

Məsələn, Tiflisdəki Heydər Əliyev adına Azərbaycan dram teatrının yerləşdiyi binanın yalnız 22%-i teatra aiddir. Binanın 78%-i isə kommersiya obyektlərinə məxsusdur. Teatr binasının kənar obyektlərdən boşaldılması ilə bağlı bütün şikayət və müraciətlərə icra orqanları tərəfindən etinasızlıq göstərilir. Dövlətin səhlənkarlığı ucbatından bu teatrda tam və hər hansı bir mədəni həyatdan söhbət gedə bilməz. Bu cür vəziyyət azlıqların mədəni həyatda iştirakını mümkünsüz edir.

– Tiflisdəki Azərbaycan teatrının məsələsi nə yerdədir?

– Bu gün Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni yerə və ya yeni binaya köçürülməsi ilə bağlı fikirlər davamlı şəkildə səsləndirilir. Bu, əlbəttə ki, Azərbaycan icması ilə müzakirələr aparılmadan baş verir. Bir sıra dövlət məmurları və “ictimai fəallar” iddia edirlər ki, teatr yalnız bu halda fəaliyyətini bərpa edə bilər. Artıq binanın yalnız teatrın yerləşdiyi hissəsinin qəzalı vəziyyətdə olması ilə bağlı ekspert rəyləri də meydana çıxıb. Nədənsə rəydə binanın 19 ailənin yaşadığı, bar və restoranların olduğu hissəsi ilə bağlı məqam diqqətdən kənarda qalıb. Teatr binasının açıq-aşkar “işğalı” və “perspektivli yer”dən sıxışdırılıb çıxarılması baş verir. Bu cür hal vaxtilə Nəriman Nərimanovun ev muzeyi ilə bağlı da baş verdi.

Qeyd etmək lazımdır ki, teatrın vəziyyəti ilə bağlı söhbətlər artıq icmanı qıcıqlandırır və icmanın artıq yeni teatra ehtiyacı var. Lakin burada vacib məqamlar var. İcma teatrın mədəni irs nümunəsi kimi köhnə binasında qalmağının tərəfdarıdır. Böyük ehtimalla bu cür “ekspertlər”in və onların rəylərinin məqsədi Azərbaycan teatrının olduğu binanı dağıtmaq və yerində biznes mərkəzi olan böyük hotelin tikintisinə nail olmaqdır. Binanın yerləşdiyi yer olduqca bahalı yerdir. Əgər ekspert rəyləri inandırıcı olmasa, o zaman teatr üçün yeni bina məsələsi həllini tapacaq və nədənsə bu, Gürcüstan dövlətinin büdcəsi hesabına deyil, SOCAR şirkətinin maliyyəsi hesabına baş verəcək. Mən şəxsən onun tərəfdarıyam ki, digər teatrlar kimi Azərbaycan teatrı da bizim dövlət tərəfindən maliyyələşsin. Və əgər yeni teatr binası tikilsə, icma çalışacaq ki, köhnə teatr binası onlarda qalsın. Belə ki, icmanın Tbilisidə normal fəaliyyət göstərən mədəniyyət mərkəzi yoxdur. Köhnə binanı icmanın ehtiyacları üçün mədəniyyət mərkəzi kimi istifadə etmək olar.

Bir məqamı da qeyd etmək istərdim. Dövlət Gürcüstanda M.F. Axundov, N.Nərimanov, C.Məmmədquluzadə kimi Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin çoxsaylı ev muzeylərinin olduğunu bildirir. C.Məmmədquluzadənin ev muzeyinin fiziki olaraq saxlanılması məsələsi narahatedicidir. Hazırda muzeyin “çürüməsi”, yararsız hala düşməsi və bağlanması təhlükəsi müşahidə olunur. Bununla yanaşı qeyd edilməlidir ki, mədəniyyət mərkəzlərinin idarə edənlərlə bağlı anlaşılmaz vəziyyətə düşmüşük. Əgər mərkəz azərbaycanlıların mədəniyyət mərkəzidirsə, onun rəhbəri biznesmen olmamalıdır. Əgər muzeyə direktor təyin olunursa, o, aşpaz deyil, akademik biliklərə sahib olan şəxs olmalıdır. Öz yerində olmayan kadrlarsa Gürcüstanda Azərbaycan icmasının mədəniyyətinin inkişafını nəinki dayandırır, hətta mövcud mədəniyyəti məhv edir.

– Elbrus bəy, bir neçə gün əvvəl azərbaycanlıların kompakt yaşadığı bölgələrdə həbslərin həyata keçirildiyi xəbəri yayıldı. Nə baş verir son günlər?

– Bildiyimə görə, 7 nəfər həbs olunub. Soğanlıq kəndində adamlar mütəmadi şəkildə həbs olunur. Bu kənddən 300-ə yaxın adam narkotik ittihamı ilə həbsdə yatıb.

– Deputat Azər Süleymanovla bağlı ittihamların axırı necə oldu?

– Azər Suleymanov 2400 lari girov qoydu, həbsdə oturmadı. Amma hazırda istintaq gedir. Digər ittiham olunan Marneulinin meri Abbasov Temur isə həbsdədir. Bu məsələ svan mafiyasının işi idi. Temur Abbasovu tələyə saldılar. (Musavat.com)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …