Şənbə , Aprel 27 2024
Ana səhifə / Müsahibə / “Qarabağ probleminin həlli daha çox özümüzdən asılıdır” – Arzuxan Əlizadə

“Qarabağ probleminin həlli daha çox özümüzdən asılıdır” – Arzuxan Əlizadə

Müsahibimiz Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadədir.

– Prezident İlham Əliyev Tərtər rayonuna səfəri zamanı etdiyi çıxışında separatçı rejimin keçirdiyi qondarma seçkilərə toxundu və Avropa Şurası Parlament Assambleyasının bu məsələyə münasibət bildirməməsinə sərt mövqe sərgilədi. Sizin bununla əlaqədar mövqeyinizi bilmək istərdik.

– AMİP olaraq işğal altında olan torpaqlarımızda keçirilən qondarma seçkilərə zamanında münasibət bildirmişik. Əlbəttə ki, Dağlıq Qarabağ məsələsi daima hər birimizin diqqət mərkəzində olmalıdır və buna görə də bir daha bəzi məqamlara aydınlıq gətirməkdə və həqiqətləri çılpaqlığı ilə insanlarımızın diqqətinə çatdırmaqda fayda vardır. Əvvəla onu yada salaq ki, koronavirus pandemiyasının yayılması təhlükəsi ilə bağlı bütün dünyada qlobal karantin rejiminin hökm sürdüyü və seçkilər də daxil olmaqla, bütün kütləvi tədbirlərin təxirə salındığı bir dövrdə, martın 31-də həm “parlament”, həm də “prezident” “seçkiləri”, iki həftə sonra təkrar seçkilər keçirməsi ilə qondarma rejim ilk növbədə dünya birliyinə, beynəlxalq təşkilatlara və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə saymazlığını göstərdi və bir növ dünyaya meydan oxudu.

– Pandemiya belə erməniləri geri addım atmağa vadar edə bilmədi.

-Bəli, diqqət etdinizsə, hətta təcavüzkar rejimin bilavasitə idarəedicisi Ermənistanın özündə belə bu dövrə təsadüf edən 5 aprel referendumu təxirə salındı. Çünki, dünyanın “COVİD-19” pandemiyası ilə mücadilə etdiyi, bütün kütləvi tədbirlərin təxirə salındığı dönəmdə seçki keçirilməsi heç bir çərçivəyə sığmırdı. Bütün bunlara baxmayaraq qondarma “Dağlıq Qarabağ Respublikası”nda “seçkilər” keçirildi, mayın 21-də isə hətta nümayişkəranə surətdə “inauqurasiya” mərasimi də düzənləndi.

– Separatçılar istədikləri nəticəni əldə etdilərmi?

– Xeyir. Ermənilər bu dəfə gözlədikləri dəstəyi əldə edə bilmədilər və bu seçkilər əvvəlkilərlə müqayisədə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən daha sərt tənqid olundu. Belə ki, Avropa Birliyi, ATƏT Parlament Assambleyası, NATO, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Türk Parlament Assambleyası və digər nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Böyük Britaniya, Almaniya, İtaliya, Belçika, İsveç, Çexiya, Latviya, Litva, Estoniya, Rumıniya, Kanada, Avstraliya və adlarını çəkmədiyim daha bir neçə ölkə bununla əlaqədar yaydıqları bəyanatlarda bir ağızdan qondarma “seçkilər”i tanımadıqlarını, qeyri-qanuni hesab etdiklərini, “seçkilər”in heç bir hüquqi qüvvəyə malik olmadığını və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini birmənalı bəyan etdilər.

– AŞPA isə bütün bunları susqunluqla izlədi…

– Təəssüf ki, bu sırada yalnız AŞPA-nın qondarma seçkilərə yönəlik mövqeyinin şahidi olmadıq. Əslində məsələyə münasibət bildirməməklə bu qurum növbəti dəfə Azərbaycana qarşı qərəzli olduğunu, ikili standartlardan çıxış etdiyini və bununla da dolayısı ilə işğalçı rejimə havadarlığını nümayiş etdirmiş oldu. Bunu da təsadüfi hesab etmirəm. Çünki, son illər ərzində müxtəlif məsələlərlə bağlı bu qurumun fəaliyyətində müşahidə etdiyimiz qeyri-obyektiv yanaşmalar, ayrı-ayrı nümayəndələrinin adının rüşvət və korrupsiyada hallanması onu deməyə əsas verir ki, Avropa Şurası heç də gözlədiyimiz kimi həmişə hüququn aliliyinə əsaslanan və ədalətli qərarlar vermək iqtidarında olan təşkilat deyildir.

-AŞPA Qarabağ məsələsində hər zaman belə xoşagəlməz mövqe sərgiləyib?

-Obyektivlik naminə onu da deməliyəm ki, zamanında AŞPA-da Dağlıq Qarabağla əlaqədar Azərbaycanın haqlı mövqeyini təsbit dən Qətnamələr də qəbul olunub. Lakin, bunu yetərli hesab etmirəm. Çünki, müstəqil Azərbaycanın 2001-ci ildən tamhüquqlu üzv olduğu və üzvlüyə qəbul olunarkən öz üzərinə bir sıra öhdəliklər götürdüyü bu beynəlxalq təşkilatdan ölkəmizin taleyüklü məsələlərlə bağlı davamlı və obyektiv mövqe sərgiləməsini tələb etmək haqqı da vardır. Avropa Şurası bu illər ərzində bir üzv dövlət tərəfindən digər üzv dövlətin iyirmi faizdən artıq ərazisinin işğal olunması faktına, işğal nəticəsi olaraq bir milyondan artıq insanımızın hələ də qaçqın həyatı yaşayaraqbir sıra insan və vətəndaş hüquq və azadlıqlarından məhrum olunmasına biganə yanaşırsa, əsirlikdə olan mülki vətəndaşlarımızın azad olunmasında qətiyyətli addımlar atmağa səy göstərmirsə və faktiki olaraq işğalçı ilə işğala məruz qalan dövlətə eyni yanaşma sərgiləyirsə, əlbəttə ki, bu təşkilatın obyektivliyi də yumşaq desək şübhə doğurmaya bilməz. Bu məsələdə Dövlət Başçısının dediyi fikirlərlə razılaşmamaq mümkün deyildir. Nəhayətdə hesab edirəm ki, olanlardan nəticə çıxarmalı, bir məlum həqiqəti unutmamalıyıq ki, Dağlıq Qarabağ, eləcə də işğal altında olan digər torpaqlarımızı azad etmək siyasi mövqeyindən asılı olmayaraq bizim hər birimizin müqəddəs borcudur və problemin həlli də daha çox özümüzdən asılıdır. Bu ümdə məqsədimizə çatmaq üçün bütün qüvvələrimizi səfərbər etməli, beynəlxalq təşkilatların və maraqlı dövlətlərin bu məsələdə bizimlə hesablaşması üçün millət və dövlət olaraq güclü olmalıyıq.

VİDADİ, Azinforum.az

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …