Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / “O dörd erməni əsgərini öldürdü və daha üçünü yaraladı”

“O dörd erməni əsgərini öldürdü və daha üçünü yaraladı”

“Bu gün bizim üçün ağır, həm də şərəfli gündür. Biz əsgər Çingiz Qurbanovu itirdik. Amma o, faşistləri məhv edərək həlak oldu. Çingiz Qurbanov dörd erməni əsgərini öldürdü və daha üçünü yaraladı. Çingiz cəmi 20 il yaşadı, amma onun bu ömrü ləyaqətli ömür idi”.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bunu hərbi qulluqçu Çingiz Qurbanovun anım mərasimində çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, DTX-nın rəisi Mədət Quliyev bildirib.

Mədət Quliyev Çingiz Qurbanovun valideynlərinə belə ləyaqətli oğul tərbiyə etdiklərinə görə minnətdarlığını bildirib.

“Çingizin fenomeni nədədir? O, ləyaqətli ailədə böyüyüb və onun valideynləri bütün Azərbaycanın fəxr edəcəyi əsl kişi tərbiyə ediblər. Mən bu gün Azərbaycana və Prezidentə sədaqətinə görə Çingizin atasına təşəkkür edirəm. Bəli, ona da, bizim hamınıza olduğu kimi ağırdır, amma onun oğlu faşistləri və işğalçıları məhv edərək öz şəxsi həyatını bizim firavanlığımıza görə qurban verib”, – deyə Mədət Quliyev bildirib.

DTX rəisi, həmçinin qeyd edib ki, Azərbaycan böyük tarixi yol keçən müstəqil dövlətdir.

“Azərbaycan böyük tarixi yol keçib. Ölkə 1991-ci ildə müstəqillik əldə edib. Amma həqiqi müstəqil dövləti biz ümummilli lider Heydər Əliyevin sayəsində 1993-cü ildə qurduq. Onun həyata keçirdiyi siyasət sayəsində Azərbaycan böyük inkişafı yolu keçdi”, – deyə o qeyd edib.

Sonra mərasimdə şeyxülislam Allahşükür Paşazadə çıxış edib. O öz çıxışında Çingiz Qurbanovu şəhid elan edib və onun üçün belə mərasimdə iştirak etməyin böyük şərəf olduğunu bildirib.

*   *   *14:49

Dekabrın 29-da Ermənistan ordusunun diversiya qrupunun təxribatının qarşısını alarkən şəhid olmuş Çingiz Qurbanovun Heydər Məscidində təşkil olunmuş anım mərasimi davam edir.

Virtualaz.org xəbər verir ki, mərasimdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Müdafiə Nazirliyinin rəhbərliyi, deputatlar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdə çıxış edən Mədət Quliyev bildirib ki, anım mərasimi dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

*   *   *13:23

Bu gün Bakıdakı Heydər Məscidində dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanovun anım mərasimi keçirilib.

Virtualaz.org xəbər verir ki, dövlət başçısının sərəncamı əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan mərasimdə Milli Məclisin deputatları, hərbi təşkilatların, güc strukturlarının qadın nümayəndələri, şəhidin qohumları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edənlər şəhidlərin və onların ailələrinin dövlətimiz tərəfindən böyük qayğı ilə əhatə olunduğunu bildiriblər.

Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Çingiz Qurbanov şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Ermənilər öz mənfur sifətlərini göstərərək uzun müddət şəhidimizin nəşini qaytarmayıblar. Ali Baş Komandanın səyləri nəticəsində onun nəşi geri qaytarılıb və prezident İlham Əliyevin sərəncamı ilə Çingiz Qurbanova Milli Qəhrəman adı verilib.

Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Mehparə Fətullayeva çıxış edərək bütün şəhid analarının qarşısında baş əydiyini deyib:

“Çingiz Qurbanov da səbirsizliklə nə vaxt torpaqlarımızın yağı düşməndən xilas ediləcəyini gözləyirdi. Tərtərdə hərbi xidmətə başlayıb, qısa müddətdə əsgər və zabitlərin hörmətini qazanıb. Fədakarlıqla döyüşərək igidliklə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin böyük səyi nəticəsində şəhidimizin nəşi geri qaytarılıb. Ölkə başçısı şəhidimizin bu fədakarlığını yüksək qiymətləndirib və ona Milli Qəhrəman adı verib. Ölkə başçısı şəhidin atası ilə görüşüb, ona Qızıl ulduz medalını təqdim edib”.

O həmçinin qeyd edib ki, bu gün təkcə Çingizin ruhu ilə deyil, bütün Vətən mücahidlərinin ruhu ilə görüşə gəliblər. M. Fətullayeva Çingizi dünyaya gətirən Nailə xanıma, atası Salman bəyə təşəkkür edib, bütün şəhid analarının qarşısında vaş əydiyini deyib.

Tədbirdə iştirak edən Ailə, Qadın və Uşah Hüquqları üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə bildirib ki, Azərbaycanın müstəqilliyi uğrunda canını verən hər kəs xalqımız üçün əzizdir.

“Çingiz kimi oğulların hesabına dövlətimiz müstəqildir. Dünyada öz sözünü deyə bilir. Bizim şəhidlərimiz hər birimiz üçün örnəkdir. Belə deyirlər, torpaq uğrunda ölən varsa, vətəndir. Deməli, biz vətənimizi, torpağımızı qorumaq üçün ölməyə hazır olmalıyıq. Vətəni olmayan millət, millət deyil. Biz canlarını qurban vermiş şəhidlərin ruhu qarşısında baş əyirik, həmişə onların valideynlərinin yanındayıq. Onların yeri behiştdir. Allah onlara rəhmət eləsin, Vətən sağ olsun”, – deyə S. Qəhrəmanova bildirib.

Şəhidin atası Salman Qurbanov da virtualaz.org-a açıqlamasında bildirib ki, mərasim cənab Prezidentin göstərişi ilə təşkil olunub: “Ölkə başçısına təşəkkür edirəm. Allah bütün şəhidlırimizə rəhmət eləsin, Vətən sağ olsun”.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Xatırladaq ki, şəhid Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub. O, Azərbaycan Texniki Universitetində ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

 

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın