Şənbə , Aprel 27 2024
Ana səhifə / Müsahibə / “Çoxları hakimiyyətin heç nəyi bilmədiyini düşünür” – Sülhəddin Əkbər

“Çoxları hakimiyyətin heç nəyi bilmədiyini düşünür” – Sülhəddin Əkbər

AXC-Müsavat hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində işləmiş, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Yenisabah.az saytının suallarını cavablandırır.

– 2014-cü ildə təsis etdiyiniz Azad Demokratlar Partiyası nəhayət, 6 il sonra dövlət qeydiyyatına alındı. Bu qərar sizin üçün gözlənilən idimi?

– Xeyr, belə bir qərarın veriləcəyini gözləmirdim. Çünki 6 il müddətində dəfələrlə qeydiyyat üçün müraciət etmişdik. Lakin müxtəlif bəhanələrlə qeydiyyat məsələsi yubadılırdı. Nəhayət, biz məcbur olub məhkəməyə müraciət etdik. İllərlə məhkəmə çəkişməsi oldu. Azərbaycanda bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa Məhkəməsinə üz tutduq. Artıq iş icraata qəbul olunmuşdu. Əslində, biz məhkəməni gözləyirdik. 

– O zaman bu qəfil “xoş xəbəri”n səbəbi nədir? Yəni, hakimiyyətin bu addımını nə ilə izah edirsiniz?

– Açığı sizin bildiyinizdən artıq bilgim yoxdur. Onu deyə bilərəm ki, mart ayının ortalarında Prezident Admnistrasiyasından mənə zəng edildi. Bildirildi ki, artıq ölkədə yeni siyasi şərait yaranıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşdırılır, müxalifətə münasibət dəyişir və yəqin ki, sizin də partiyanın qeydiyyat məsələsinə yenidən baxılacaq. Deyildi ki, sizinlə Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdaərsindən əlaqə saxlayacaqlar. Həqiqətən də mart ayının sonlarına doğru həmin idarədən mənimlə əlaqə saxladılar və bildirdilər ki, sənədlər hazırdırsa, yenidən təqdim edin. Sənədlər təbii ki, hazır idi. Sağ olsunlar, vəziyyətə uyğun olaraq online şəkildə sənədləri təqdim etməyimizə şərait yaratdılar, notarial yardım göstərdilər və bizi çətinə salmadılar.

Nəhayət, aprelin 15-də Ədliyyə Nazirliyində kollegiya iclasında partiya qeydə alındı və bir gün sonra bizi nazirliyə dəvət etdilər. Orada Ədliyyə nazirinin müavini Toğrul Musayev və Notariat və Qeydiyyat Baş idarəsinin rəisi İlqar Məmmədovla görüşümüz oldu. Təxminən 1 saat çəkən görüşdə dövlət başçısının çıxışına istinad olunaraq ölkədə yeni siyasi nizamın yaradılması, müxalifətə münasibətin dəyişməsi barədə fikirlər səsləndirildi. Biz də bu istiqamətdə təkliflərimizi irəli sürdük. Bütün bunların kampaniya xarakteri daşımayacağına, ardıcıl siyasətə çevriləcəyinə ümid etdiyimizi bildirdik. Qeyd etdik ki, partiyaları qeydiyyata almaqla iş bitmir. Onların fəaliyyətinə də normal şərait yaradılmalıdır. Fikirləmizə müsbət cavab verildi. İndi baxaq görək nə olur.

– Prezident Admnistrasiyaından sizə dialoq təklifi edilibmi?

– Qeydiyyat prosesindən əvvəl və sonra danışıqlarımız olub. Qeydiyyatdan əvvəl demişdilər ki, bu məsələ həllini tapdıqdan sonra görüş olacaq. Qeydiyyatdan sonra isə zəng vurub təbrik etdilər və görüş olacağını bir daha xatırlatdılar. Hələ ki, görüş baş tutmayıb. Belə bir görüş olacağı təqdirdə bu barədə mediaya məlumat verəcəyəm. 

– Ölkədə siyasi sistemin yeni konfiqurasiyasının formalaşdırıldığı barədə vaxtaşırı açıqlamalar verilir. Bu, siyasi sferada ən müxtəlif mülahizələrə səbəb olub. Sizin fikirlərinizi bilmək maraqlı olardı. Sizcə, hakimiyyət nə etmək istəyir?

– Açığı məsələlərə Prezident Admnistrasiyasının paradqimasından baxmaq bir qədər çətindir. Çünki onların öz dəyərləndirmə sistemi var. Lakin onu deyə bilərəm ki, mən hələ 2011-ci ildə avtoritarizmdən demokratiyaya yumşaq keçid strategiyası ilə bağlı məqalə ilə çıxış etmişdim. Həmin məqalə “Azadlıq” qəzetində dərc edilmişdi. O zaman da, indi də məsələyə strateji və konseptual baxışın tərəfdarıyam. Əgər hakimiyyət həqiqətən səmimidirsə, siyasi mühitin normallaşmasına çalışırsa, məsələyə konseptual yanaşmalıdır. Siyasi münasibətlərin normallaşdırılması üçün ilkin hazırlıq işləri görülmlədir. İndi atılan addımlar təbii ki, müsbətdir. Partiyaların qeydiyyat probleminə baxılır, müəyyən dialoq təklifləri var və s. Arzu edək ki, davamı olsun.

Hesab edirəm ki, siyasi münasibətlərin normallaşdırılması üçün ilk növbədə fundamental hüquq və azadlıqlar təmin olunmalıdır. Söz və mətbuat, sərbəst toplaşmaq, vicdan azadlıqlarının təmin olunması əsas şərtdir.  Siz özünüz KİV sahəsində çalışırsınız. Bu gün Azərbaycanda media tək-tük istisnalarla bu və ya digər formada dövlət nəzarətinə alınıb. Hesab edirəm ki, müstəqil medianın fəaliyyətinə şərait yaradılmalı və hətta dövlət belə mətbuat orqanlarına dəstək veriməlidir. O mənada ki, həmin KİV-lərin maliyyə-iqtisadi müstəqilliyinə şərait yaratmalıdır, reklam bazarını onların üzünə açmalıdır. Siyasi məhbuslar azad olunmalı, sərbəst toplaşmaq azadlığı problemə çevrilməməlidir. Mən hələ ilkin hazırlıqlardan danışıram. Yəni, bunları həyata keçirmək köklü demokratik dəyişikliklərə getmək anlamına gəlməməlidir. Əslində isə ölkədə köklü demokratik islahatlara ehtiyac var və bu islahat bütün sahələri əhatə etməlidir. 

– Gözləntiləriniz nədir? Hakimiyyət bu məsələdə nə dərəcədə səmimidir?

– Gözləntilərim birtərəfli deyil. Hesab edirəm ki, yalnız Prezident Admnistrasiyasına, hakimiyyətə göz dikməyə gərək yoxdur. Dünyada, regionda ciddi siyasi proseslər gedir və bu, ölkənin siyasi həyatına da təsirsiz ötüşmür. Müxalifətlə başlanan və “siyasi dialoq” adlandırılan proses də həmin qlobal siyasi təlatümlərin elementlərindən biridir. 

Hesab edirəm ki, dünyada və regionda baş verən dəyişikliklər daha da dərinlşəcək və bu da təbii olaraq Azərbaycanda başlanan prosesin dərinləşməsini şərtləndirəcək.

Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Çoxları Azərbaycan hakimiyyətinin məlumatsız olduğunu, heç nəyi bilmədiyini düşünür. Mən əksini düşünürəm. Hakimiyyət dünyada və regionda baş verənlər barədə kifayət qədər məlumatlıdır və bu proseslərin Azərbaycana hansı təsrilərinin olacağını dəqiq bilir. Sadəcə şəxsi qrup maraqları ilə milli maraqlar arasında sıxışıblar. Bu da müəyyən probemlər yaradır, prosesin ləngiməsinə səbəb olur. Müxalifət bunu nəzərə almalıdır. 

– Müxalifətin hazırki fəaliyyəti situasiyaya adekvatdırmı?

– Müxalifət, cəmiyyətin aktiv siyasi kəsimi dünyada və regionda gedən prosesləri diqqətlə izləməlidir. Təəssüf ki, buna adekvat fəaliyyət görmürəm. Adekvat münasibət də yoxdur. Bu baxımdan müxalifətin proseslərə hazır olmadığını düşünürəm. Bəlkə hansısa siyasi liderin gizli hazırlığı var. Amma publik siyasətdə bu müşahidə olunmur. 

Əslində, Azərbaycanda siyasi-iqtisadi landşaft çoxdan dəyişib. Bu, manatın birinci devalvasiyasında özünü açıq şəkildə göstərib. Həmin hadisədən sonra ölkədə yeni maliyyə-iqtisadi şərait yaranıb. Bu isə yeni sosial-siyasi çağırışları şərtləndirib. 

Bir məqama da diqqət yetirmək lazımdır. Azərbaycanda dinc dəyşikliklərin hərəkətverici qüvvələri milli burjuaziya və orta təbəqədir.

– Məgər bizdə milli burjuaziya və orta təbəqə formalaşıb ki?

– Hansı ölkədə milli burjuaziya legitim formada formalaşıb ki? Hamısı bu və ya başqa zaman kəsiyində vəhşi kapitalizm dövrünü keçiblər. Legitimləşmə prosesi bundan sonra başlayıb. Biz də bu prosesə hazır olmalıyıq. Orta təbəqəyə gəlincə, əslində Azərbaycanda orta təbəqə var. Sadəcə onlar özlərini orta təbəqə kimi aparmırlar. 

– Bunun səbəbi nədir?

– Təbii ki, hakimiyyətin yürütdüyü siyasət. Bu gün Azərbaycanda orta təbəqə siyasətə qarşımağa ehtiyat edir. Mövcud şərtlərlə qane olmağa üstünlük verir. Aşağı təbəqəyə baxıb özünün də dığırlanıb onların yanına düşməsini istəmir. Amma bayaq dediyim kimi dünyada və regionda gedən proseslər avtomatik olaraq Azərbaycanda da yeni siyasi şəraitin yaranmasına stimul verib. Hakimiyyət də bunu indidən dəyərləndirməyə başlayıb. 

İndi yuxarı və orta təbəqə bir şeyi anlamalıdır: Demokratiya olmayanda itirən, olanda isə qazanan onlardır. Xüsusilə, orta təbəqə bu barədə düşünməlidir. Orta təbəqə sosial mobilliyi olan təbəqədir. Demokratik dəyişikliklər olacağı təqdirdə ən çox onların yuxarı təbəqəyə doğru sosial liftdən yararlanmaq imkanı olacaq. Demokratik inkişafın isə sosial lifti yaradacağı şübhəsizdir. 

– Bu gün dünyanın gündəmində əsas müzakirə mövzusu koronavirus pandemiyasıdır. Pandemik virusla bağlı müxtəlif konspiroloji nəzəriyyələr var. Siz həm də ixtisasca həkimsiniz. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

 – Bu virusun iki yarım növü var: SARS hCov-1 və SARS hCov-2. Bunlar qısa zamanda iki ciddi mutasiyaya məruz qalıblar. Bu bir qədər şübhəlidir. Yəni virusun arda-arda iki dəfə təbii şəkildə mutasiyaya məruz qalması inandırıcı deyil. Bu virus əsasən heyvanlarda olur. Virus bir dəfə heyvandan insana keçməsi, ikinci dəfə isə insandan insana keçməsi üçün mutasiyaya məruz qalmalıdır. Bu prosesin qısa müddətdə ard-arda baş verməsi virusun təbii şəkilədə mutasiyaya uğradığına şübhələri artırır. 

Digər tərəfdən, ABŞ-ın elmi jurnalı olan “Nature” dərgisində belə bir məqalə dərc edilmişdi ki, 2014-cü ildə bu viruslar üzərində tədqiqat aparılıb. Lakin tədqiqat nəticəsində təhlükəli virusun ortaya çıxdığı aydın olub. Bu səbəbdən ABŞ hökuməti tədqiqatı qadağan edib. Sonradan araşdırmalar Çinin Uhan vilayətində davam etdirilib. Uhanda Çinin hərbi laboratoriyaları yerləşir. İnfeksiya da bu vilayətdən dünyaya yayıldı. 

Bundan başqa, ötən il Çin və Rusiya silahlı qüvvələrinin Novosibirski yaxınlığında birgə hərbi təlimi keçirilib. Ondan əvvəl isə Novosibirsk yaxınlığında yerləşən hərbi laboratoriyada yanğın baş vermişdi. Orada da virusun ilkin əlamətləri aşkarlanmışdı. Belə məlumat var ki, oradan sızan virusları Çin əsgərləri öz ölkələrinə daşıyıblar. Bu informasiyaları ciddi hesab edirəm.

İndi dünyanın aparıcı ölkələrinin kəşfiyyat xidmətləri xüsusi araşdırma aparırlar. Güman ki, yaxın bir neçə ayda koronavirusla bağlı suallara daha peşəkar formada cavab ala biləcəyik. 

Mən bunun bioloji silah olduğunu düşünürəm. Lakin virusun məqsədli, yaxud qeyri-peşəkarlığın nəticəsi olaraq yayıldığını demək çox çətindir. 

– Pandemiyanın həm də dünyanın siyasi mənzərəsinin dəyişəcəyi barədə fikirlər səsləndirilir…

– Bu məsələdə daha inamlı danışa bilərəm. Çünki virusun məqsədli, yaxud hansısa qəza nəticəsində yayıldığı bəlli olmasa da, bundan istifadə olunduğu aydındır. Mən neçə illərdir ki, deyirdim, dünyada qlobal konfrantasiya həlledici mərhələyə qədəm qoyur. Pandemiya prosesi bir qədər də sürətləndirəcək. Hesab edirəm ki, əsas hədəfdə Çin olacaq. Daha doğrusu, artıq hədəfdədir. ABŞ və dünyanın bir neçə aparıcı ölkəsi Çinə qarşı təzminat davası açmaq niyyətindədirlər. Çin də artıq baş verənləri başa düşür. Ona görə də ABŞ-la dil tapmağa çalışır. Artıq siyasi büronun 3 üzvünün Əfqanıstanda ABŞ dövlət katibi Pompeo ilə görüşdüyünü və bu məsələnin də müzakirə olunduğu barədə məlumatlar var. 

Çin kobud desək təslim olacağı təqdirdə qalır Rusiya. Güman ki, gələn ildən Rusiya məsələsi gündəmə gələcək.

Digər tərəfdən, pandemiyanın yaratdığı iqtisadi böhran nəticəsində strateji potensialı aşağı olan ölkələr çökəcək. Artıq 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına borc üçün müraciət edib. 

Bir sözlə, yeni dünya nizamının yaradılacağı barədə fikirləri bölüşürəm və hesab edirəm ki, pandemiya prosesi daha da sürətləndirəcək.

– Azərbaycanın pandemiya ilə mübarizəsini necə qiymətləndirirsiniz?

– Mən bu məsələyə milli təhlükəsizlik məsələsi baxıram. Doğrudur, tənqid də lazımdır. Amma tənqid əsaslı olmalıdır. Biz bu məsələdə mümkün olan qədər hakimiyyətə yardım etməliyik. Birgə şəkildə insanlığı təhdid edən bu bəladan qurtulmalıyıq.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …