Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / “Camaatla söyüşürük, döyüşürük ki, ora girmə!” – Video

“Camaatla söyüşürük, döyüşürük ki, ora girmə!” – Video

“Qafqazinfo” artıq 2 aydır mövsümü üçün icazə verilən Bakı çimərliklərindən birində-Buzovnada olub. Həmin o çimərlikdə ki, orada “Yuxu” filminin Əliabbası “batmışdı”:

– Vasya, sən atovun canı, gəl bir də bax!

– Əşi mənə inanmırsan sən?! Yoxdu da…

Bəli, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə söhbət zamanı filmdən yaddaşlarda qalan Vasyanı da görürük. Elə təkcə filmin 17 illik tarixinin olduğunu nəzərə alsaq, Vasya kimi tanıdığımız xilasedici 20 ilə yaxın, bəlkə də daha uzun müddətdir ki, bu sulardadır…  

“Bəlkə də bir dəqiqə sonra öləcəkdi, xilas edirik, təşəkkür əvəzinə “özüm çıxırdım da”, – deyir. Qalırsan belə mat-məəttəl…”

Bu sözləri isə 11 ildir ki, Buzovna xilasetmə mərkəzində işləyən Rasim Süleymanov deyir. FHN-in dalğıcı, daxili xidmət çavuşudur. Səhər oyanan kimi ilk işləri havaya baxıb çimərlik ərazisinə təhlükəsizlik lövhələri yerləşdirmək olur. Ancaq ki nə fayda?! Çimərliyə gələn sakinlər həmin lövhələrdən ya daldalanacaq, ya da ki, asqı kimi istifadə edib paltarlarını asırlar.

– Çimərliyə daxil olan zaman “çimmək qəti qadağandır!” yazılı lövhələr gördüm. Ancaq çimərlikdə xeyli adam var.

– Hava şəraitinə görə yerləşdirilib. Hətta gördüyünüz bu insanlara bir-bir xəbərdarlıq etmişik. Ancaq çox insan buna riayət etmək istəmir. İnsanımız nadirən bizim sözümüzə qulaq asır.

– Vətəndaşlar öz təhlükəsizliyini nə dərəcədə düşünür?

– Bizimkilər yəqin bir az ürəkli adamlardır ki, ölümdən qorxmurlar. Küləkli havada suya girirlər, harada qaya, daş varsa, orada üzməyə meyillidirlər. Bu da bizim işimizi çətinləşdirir. Xarici vətəndaşlar da gəlir. Onlara adi lövhə bəs edir ki, suya girməsinlər. Hətta ayaqlarını suya salmağa belə icazə istəyirlər.

Biz camaatla dava edirik bunun üstündə. Söyüşürük, döyüşürük ki, bu, ora girməsin. Elədir, yəni dava-qırğınladır. Bir var ki, gəlib deyəsən ki, “olmaz”! O desin “baş üstə!” Amma elə şey yoxdur. Deyir, niyə olmaz? Mən beləyəm, mən üzənəm. Döyüşə-döyüşə camaatı çəkirik qırağa.

– Yəqin ki, elə bu səbəbdən də gün ərzində boğulma təhlükəsi ilə tez-tez rastlaşarsız.

– Az olmur. Bir dəqiqə gec çatsaq, boğulacaq adamlar sahilə çıxandan sonra “çox sağ ol” əvəzinə, “özüm çıxacaqdım” deyir. 5 dəqiqə sonra görürsən ki, yenə həmin adam eyni yerdədir. 11 ildir işləyirəm, çox nadir hallarda təşəkkür süzünü eşitmişəm. Ötən gün bir hadisə oldu. Ər-arvad qayalıq hissədə boğulurdu. Kişi birtəhər çıxdı, qadını mən zorla çıxardım. Belim, kürəyim qayalıqda parça-parça olmuşdu. Qadın həyəcanlandığından mənim də boğulma təhlükəm vardı. Nəysə, birtəhər sahilə çıxdıq. Əri deyir, – “biz çıxırdıq da onsuz da”.

Ancaq əsas çətinlik çəkdiyimiz məqam uşaqlarla bağlıdır. Bir də baxırsan ki, iki qadın 20 uşaqla gəlir. Uşaqları soyundurub buraxırlar sahilə, özləri də başlayırlar söhbət etməyə. Handan-hana yadına düşür ki, uşaqlardan hansısa yoxdur. Bizə müraciət edir, soruşuruq hansı tərəfə gedib? Başı söhbətə qarışdığı üçün bilmir. Biz də qalırıq belə ki, uşağı suda axtaraq, ya sahildə. Bəzən də elə olur ki, başqaları uşağı gətirir ki, valideynini axtarır. Onda da başayırıq valideyn axtarmağa.

– Boğulma hadisəsi baş verən zaman çox vaxt mühafizə əməkdaşlarını diqqətsizlikdə qınayırlar. 

– Hadisə hər zaman baş verə bilər. 3 min insan dənizə girir, biri çıxmır. Biz tapşırıqlarımızı veririk, kimsə kömək istəyir, ya özümüz yaxınlıqda oluruq, kömək edirik. Ancaq elə də olur ki, hadisə saniyələr ərzində baş verir. Bu zaman xilasedici heç nə edə bilməz. Deyirik içkili suya girmək olmaz. Elə olub ki, dizə kimi suya girən biri yıxılıb, dura bilməyib, orada boğulub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Aqşin Əlilinin sözlərinə görə, iyun ayının 15-dən xidmət apardıqları 40 məntəqə ərazisində bu günə kimi suda boğulan 128 şəxsə köməklik göstərilib:

“Dalğıc axtarış qrupları fasiləsiz olaraq axtarış aparır. Həm yerüstü və yeraltı nəqliyyat vasitələrinin salonlarına, həm də çimərlik ərazisinə təhlükəsizlik qaydaları ilə bağlı xeyli lövhələr quraşdırılıb”.

– Aqşin bəy, bu boyda xəbərdarlıq, nəzarətin olmasına baxmayaraq necə olur ki, hər il onlarla dənizdəboğulma halı baş verir?

– Çox əfsuslar olsun ki, bəzi vətəndaşlarımız tələblərə əməl etmirlər. Qanunvericiliyin tələblərinə görə, nəzarətsiz ərazilərdə çimmək, üzmək üçün işarələnmiş sahil sərhədini keçmək, küləkli havada dənizə girmək, çimərlik ərazisini zibilləmək qadağandır. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra dənizə girmək təhlükəlidir. Çimərliklərdən təhlükəsiz istifadə səhər 09:00-dan axşam 20:00-a kimi müəyyənləşdirilib.

Çimərliyə gedən zaman əvvəlcə ora haqqında məlumat toplamaq lazımdır. Təhlükəsizlik tədbirləri görülməyən yerlərdə suda boğulma riski bədbəxt hadisə ilə nəticələnə bilər. Məsələn, hazırda da dəniz dalğalıdır. Vətəndaşlara xəbərdarlıq edilib, ancaq diqqət edən yoxdur. Elə boğulma halları da bu kimi zamanlarda çıx olur.

– Bəs nəzarət olunan çimərliklərdə boğulma hadisəsi baş verib?

– Xoşbəxtlikdən xidməti ərazilərimizdə ölüm halı baş verməyib. Postlarımızda tibbi briqadalar da fəaliyyət göstərir ki, onlar da boğulma riski yaşamış şəxslərə ilk tibbi yardım göstərir. Ancaq təəssüf ki, çimərlik mövsümü başlayandan bizim xidməti ərazilərimizdən kənarda 33 nəfərin cəsədləri çıxarılıb. Hamısı azərbaycanlıdır, bir nəfərin isə iranlı olduğu deyilir.

– Elə çimərliklər var ki, orada üzmək təhlükəlidir. Ancaq özəl istirahət mərkəzləri salındığı üçün insanlar buna məhəl qoymurlar və çox vaxt bədbəxt hadisələr baş verir. Bununla bağlı nazirlik olaraq hər hansı bir tədbir görüləcəkmi?

– Çimərlik mövsümünə hazırlıqla əlaqədar xidmət əməkdaşları olaraq Xəzərin ətrafında monitorinqlər keçiririk. Nəticələr yerli icra orqanlarında icra başçılarının müavinlərinin müşayiəti ilə təşkil olunmuş geniş müşavirələrdə müzakirə olunur. Aidiyyatı üzrə nöqsanların araşdırılaraq aradan qaldırılmasına tapşırıq verilir. Hələ ki, cərimələr tətbiq olunmur, ancaq bununla bağlı hazırda iş gedir.




Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …