Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / “Bakıdan erməniləri Xalq Cəbhəsi ilə birgə evakuasiya etdik…”

“Bakıdan erməniləri Xalq Cəbhəsi ilə birgə evakuasiya etdik…”

29 il öncə – 1990-cı il yanvarın 13-də  Azərbaycan paytaxtında cəmi bir həftə sonra qaniçən Qorbaçov tərəfindən dinc vətəndaşlarımızın üzərinə qoşun yeridilməsinə bəhanə yaratmış  və Qara Yanvar faciəsinin törədilməsinə rəvac vermiş qondarma “erməni talanları” baş verib.

Moderator.az əməkdaşı həmin dövrdə  Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsini daşımış eks-prezident Ayaz Mütəllibova bu mövzuda bir neçə sual ünvanlayıb.    

-Ayaz müəllim, siz 20 Yanvar faciəsi  ərəfəsində, 13 yanvar “erməni talanlar”ından öncə respublikanın rəhbər şəxslərindən biri olaraq 1-ci katib Ə.Vəzirovdan, yaxud birbaşa Moskvadan paytaxtdakı erməni əhalisi və ya ümumiyyətlə, ictimai-siyasi durumla bağlı hansısa konkret tapşırıq almışdınızmı?  

-Xeyr, mən 13 yanvar “talanları” başlayanadək konkret olaraq nə Moskvadan, nə də Vəzirovdan heç bir tapşırıq almamışdım…

Bilirsiniz, o dövrdə SSRİ hələ  mövcud olduğu üçün  Moskvanın  prosesləri nəzarət altında saxladığı hər kəsə aydın idi. Amma digər tərəfdən də İttifaqın tədrici dağıdılması prosesi gedirdi.  Odur ki,  20 Yanvar faciəsi  ərəfəsində Bakı “qorxulu Tehran” a dönmüşdü. Və bu cür durum da respublikanın rəhbər strukturlarını iflic vəziyyətinə salmışdı….

Bir yandan SSRİ-ni dağıtmaq istəyən xarici xüsusi xidmət orqanları, digər yandan da daxildə fürsətdən yararlanıb hakimiyyətə gəlmək istəyən qüvvələr meydan sulayırdı. Gerçək vəziyyətlə hesablaşmaq,  ermənilərə dəstəvuz verəcək addım atmamaq, düşmənin hiyləgər addımlarına qarşı adekvat taktiki gedişlərlə cavab vermək və s. haqda tövsiyələrimizi heç kəs eşitmirdi. Millətçi ermənilər və ermənipərəst qüvvələr istəyirdi ki, bizim Moskva ilə münasibətlərimiz tamamilə korlansın və onların planlarının həyata keçməsinə şərait yaransın. “Demokratik müxalifət” adlanan qüvvələr də  icra etdikləri maraq və planlara uyğun fəaliyyət göstərirdi. Halbuki, biz o dövrdə bir yumruq kimi birləşib respublikanı, Qarabağı müdafiə etməli idik. Bütün bunlar da sonda məhz Sumqayıt hadisələrinə oxşar ssenari ilə ermənipərəst qüvvələr tərəfindən təşkil edilmiş 13 yanvar “erməni talanları”na və bunun da təkan verdiyi, bəhanə yaratdığı 20 Yanvar faciəsinə gətirib çıxardı…

– Amma  ermənilərin paytaxtdan köçürülməsi prosesində  Mərkəzi Komitə və Nazirlər Soveti də iştirak etdi…

-Bəli, 13 yanvar talanlarından sonra bizə Moskvadan yox,  daxildən tapşırıq verilmişdi ki,  erməniləri müvəqqəti olsa da, Bakıdan uzaqlaşdıraq. Çünki artıq Ermənistandan 200 mindən çox azərbaycanlının qovulması, Qarabağda kəndlərimizin atəşə tutulması, insanların qətlə yetirilməsi, terrorlar və s. fonunda elə bir şərait yaranmışdı ki, sabah yenə də xarici kəşfiyyat və maraqlı ermənipərəst qrupların təhriki ilə  Azərbaycan paytaxtında onlarla yox, yüzlərlə, minlərlə erməni öldürülə bilərdi. Bu da millətçi ermənilərin əlinə bütün dünyanı Azərbaycanın üzərinə qaldırmağa daha böyük bəhanə verərdi. Odur ki, biz Xalq Cəbhəsinin də fəal iştirakıyla Bakıda yaşayan ermənilərin dinc şəkildə  evakuasiyasını təşkil erdik və  çox şükür ki, buna nail olduq. Nəticədə böyük Azərbaycanı daha  böyük bir təhlükədən qurtardıq…

Təsəvvür edin ki, əgər biz 1990-ci ilin yanvarında Bakıdan ermənilərin köçürülməsinə nail olmasaydıq, nələr baş verərdi. Azərbaycan paytaxtında ermənilər kütləvi şəkildə qırılsaydı, bu günədək biz Türkiyə kimi qondarma “erməni soyqırımı”nın girovuna çevrilər və  bəlkə də müstəqil dövlətimizi qura bilməzdik. Ən azı, on illərlə yalançı “soyqırımının” “ləkəsi”ni üzərimizdən yuya bilməzdik…

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …