Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / Əli Hüseynli: “Bu fikirləri mən nə zamansa deməliydim…”

Əli Hüseynli: “Bu fikirləri mən nə zamansa deməliydim…”

“Əgər İntizam komissiyası etik davranışın kobud pozulması qərarına gəlsə, bəli, o, mandatdan məhrumetməyə gətirib çıxara bilər”

Milli Məclisin payız sessiyasının son iclasında spiker Oqtay Əsədov parlamentin il ərzində məhsuldar işlədiyini, 31 iclasda 463 qanun qəbul etdiyini deyib, onun fəaliyyətindən razı qaldığını söylədi. Əksər qanun layihələri və ya qanunlara dəyişikliklərin təqdimatını Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli etdi.

Biz də “Yeni Müsavat” olaraq Əli Hüseynli ilə həmsöhbət olub bizi maraqlandıran suallara cavablar aldıq. Yeri gəlmişkən, elə söhbətimiz başlayar-başlamaz Ədliyyə Nazirliyinin əməkdaşları icazə alıb kabinetə daxil oldular. Onlar qurumla sıx əməkdaşlıq edən Ə.Hüseynlini “Azərbaycan ədliyyəsinin 100 illiyi” (1918-2018)” yubiley medalı ilə təltif edib sağollaşdılar. Biz də müsahibimizi təbrik edib söhbətimizə başladıq:

  – Əli bəy, əvvəlcə sizə illərdən sonra qəzetimizə geniş müsahibə üçün zaman ayırdığınıza görə təşəkkür edirəm. Komitə sədri olaraq rəhbərlik etdiyiniz komitənin və ümumən parlamentin ötənilki fəaliyyətini necə qiymətləndirirsiniz?

– Parlamentin fəaliyyəti əsas iki istiqamətdən ibarət olur: birinci, milli qanunvericilik, ikinci, beynəlxalq əməkdaşlıq. Hesab edirəm ki, hər iki istiqamətdə 2018-ci ildə hiss olunan müsbət nəticələr əldə olunub. Bir çox beynəlxalq təşkilatlarda bizim nümayəndə heyətləri Azərbaycanın maraqlarının qorunması, xüsusən ərazi bütövlüyünün təmin olunması ilə bağlı qərarların qəbuluna nail olublar. Eyni zamanda bizim keçirdiyimiz tədbirlər, o cümlədən Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər çərçivəsində və digər beynəlxalq parlament tədbirləri çərçivəsində Azərbaycan parlamentində 2 mindən yuxarı qonaq olub. Bizim imkanımız olub ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın mövqeyi ilə bağlı obyektiv məlumatlar verək. Beynəlxalq əməkdaşlıq sahəsində bizim digər parlamentlərlə sıx dostluq münasibətlərimiz yaranıb. Mən Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun rəhbəri kimi də bunu deyə bilərəm ki, bu sahədə də bizim ciddi irəliləyişlərimiz oldu. Milli qanunvericiliyə gəldikdə isə, işgüzarlıq kifayət qədər artıb. Bunun da səbəbi növbədənkənar prezident seçkisindən sonra cənab prezidentin başlatdığı islahatların keyfiyyətcə yeni mərhələsi oldu. Cənab prezident tərəfindən yeni qanunlar təqdim olundu, bir sıra layihələri isə biz parlamentdə, işçi qruplarında işləyib hazırladıq. Hesab edirəm ki, bu qəbildən iqtisadi sahədə qəbul olunan qanunlar xüsusi əhəmiyyət kəsb edir. Milli qanunvericilik sahəsindəki fəaliyyətimizlə bağlı isə onu qeyd etmək istəyirəm ki, biz bu il Milli Məclisin Daxili Nizamnaməsinə və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna bir sıra dəyişikliklər etdik.

– Bu dəyişikliklər xeyli narahatlıq doğurdu və geniş müzakirə mövzusuna çevrildi. Hətta bəzi deputatlar özləri də çaşqın durumdaydılar ki, bu dəyişikliklər kimlərə qarşı yönəlib, kimlərə qarşı plan hazırlanıb? “Hökumət nədən narahatdır” kimi suallar da eşidildi. Bütün bunlara aydınlıq gətirmək üçün imkan var.

Eli Huseynli (1).jpg (105 KB)

“Millət vəkili təkcə parlamentdəki, Milli Məclin iclasındakı fəaliyyətində yox, Milli Məclisdən kənardakı fəaliyyətində, davranışında belə, bu qanunun təsiri altına düşür” 

– Birincisi, sualınıza cavab olaraq bunu demək istəyirəm ki, əslində bizim işgüzarlığımızın artmasına həm də o sənəd təsir etmiş oldu. Çünki artıq yeni nizamnamə ilə həm komitə, həm Milli Məclisin plenar iclasları, onların davamlılığı pozitivliyə doğru artmağa başladı. Yəqin siz jurnalistlər də bunu müşahidə edə bilirsiniz. Xüsusən də payız sessiyası belə yadda qaldı. Məruzə etdiyimiz sonuncu məsələlər də Azərbaycanın növbədənkənar seçkilərdən sonra həyata keçirilən islahatların davamı ilə bağlıdır. Gördüyünüz kimi, biz son plenar iclasda Dünya Bankının “Doing Business 2019″ hesabatında verilmiş tövsiyələrlə bağlı paket layihələr qəbul etdik. Mən əminəm ki, gələn ildən etibarən onlar işləməyə başlayanda biznes, sahibkarlıq, məhkəmə hüquq islahatları sahəsindəki vətəndaşlarımız nəticəni bir neçə aydan sonra artıq hiss etməyə başlayacaqlar. Qeyd etdiyim kimi, 2018 həm 100 illik tədbirləri ilə yadda qaldı, həm də bəli, işgüzarlıq tempi də artıb. Onu da qeyd edə bilərəm ki, yəqin növbəti illərdə daha işgüzar, daha müzakirələri olan bu tip parlament iclasları davam edəcək.

– Dediyiniz kimi, qanunvericiliyə kifayət qədər dəyişikliklər edilib, eyni zamanda tələbkarlıq artıb. Bəs parlamentin tərkibi necə, qanunvericiliyin tələblərinə, bu tələbkarlığa cavab verirmi?

– Mən o məsələyə şərh vermək səlahiyyətində deyiləm. Çünki parlament formalaşıb, onun formalaşmasını seçicilər həll edib. Bu gün bizim qanunvericilik prosesində müsbət hal ondan ibarətdir ki, normativ hüquqi aktlar haqqında qanunun tələbinə görə, qanunlar həm də əsaslandırılmalıdır və bu, yazılı olmalıdır. Bu baxımdan müşahidə onu göstərir ki, qanunlara əlavə olunan həm arayışlar, həm də izahat artıq millət vəkillərini, onların ixtisasından asılı olmayaraq, qanunvericilik prosesi, qanunların özü ilə bağlı məlumatlandırmada çox rahatlıq yaradıb. Hətta ixtisası uyğun olmayan bir şəxs layihənin əsaslandırılmasını oxumaqla söhbətin nədən getdiyini bilir. Bu baxımdan mən son dövrlər hansısa bir ciddi mübahisəli məsələlər görmürəm. O ki qaldı bizim artıq qəbul olunmuş nizamnamə ilə bağlı dəyişikliklərə, həqiqətən də ilkin mərhələdə narahatlıq, suallar yaranmışdı. Mən də mətbuatda o məsələnin şərhindən çəkindim.

– Niyə?

– Ona görə çəkinirdim ki, hər bir millət vəkilinin özünün yanaşması, öz fikri var. O fikir hətta bizim komitə, ya məruzəçi olaraq fikrimizlə üst-üstə düşməsə belə, biz ona hörmətlə yanaşmalıyıq. İkincisi, elə məsələlər var ki, çox spesifikdir, saatlarla qanunvericiliyin araşdırılmasını tələb edir. Əgər millət vəkili bunu etmədən bir təklif irəli sürübsə və o, əslində qanunvericiliklə ziddiyyət yaradan bir fikirdirsə, buna da dözümlə yanaşmaq lazımdır. Amma nizamnamənin etik davranış qaydası ilə bağlı müzakirələrin növbəti mərhələlərində apardığımız məlumatlandırma işi, digər komitələrlə müzakirələr nəticəsində ümumi bir aydınlıq yarandı. Mənə elə gəlir ki, böyük əksəriyyət bu fikirdə olmağa başladı ki, Milli Məclisin nizam-intizamı, onun etik davranış qaydası millət vəkili kimi yüksək ada əvvəl deyilən kimi, xələl yox, əksinə, nüfuz gətirir.

– Əli bəy, bu dəyişikliklər növbədənkənar parlament seçkilərinə hazırlıq kimi də yozuldu…

– Yox, yanlış yozulmalar idi. Mən sizə deyim ki, konstitusiyaya referendumla edilmiş dəyişiklərdən sonra bu proses sürətləndi, çünki 2016-cı ildə konstitusion öhdəlik yarandı, etik davranış qaydasının qəbulu və s. Bunu qəbul etmək üçün bizim üzərimizə öhdəlik düşdü. Amma siz biləsiniz, stenoqram da var, hələ neçə illər bundan əvvəl biz bu fikri səsləndirmişik. O zamankı İntizam komissiyasının sədri, həmkarım Siyavuş müəllim Novruzov və mən özüm də təxminən 5-6 il bundan əvvəl deputatın da etik davranış kodeksinin qəbulu ilə bağlı təklif irəli sürmüşdük. Çünki bütün Avropa ölkələrində, ümumiyyətlə, hüquq sistemində olan bütün ölkələrdə bu, mövcuddur. Əgər bu, hakimiyyətin digər qollarında mövcuddursa, məhkəmə sistemində hakimlərin, dövlət qulluqçularının, icra hakimiyyəti orqanlarının etika davranış qaydası mövcuddursa, nədən hakimiyyətin üçüncü qolunda bu, olmamalıdır? Bu, var, mövcuddur və mən sizə deyim ki, digər ölkələrdə bəlkə də əksinə, bunu parlament, deputatlar edir.

Eli Huseynli.jpg (87 KB)

– Amma digər ölkələrin parlamentində, elə MDB ölkələrində bir-biri ilə əlbəyaxa olan, bir-birini yumruqlayan parlamentarları da vaxtaşırı müşahidə etməkdəyik. Şükürlər olsun, bizdə belə hallar olmur. Elə hallarda deputat heç də mandatdan məhrum edilmir. Bizdə elə hallar baş versə, deputatın taleyi necə olar?

– Deputatın mandatdan məhrum olunması ilə bağlı müddəa bizim konstitusiyadan irəli gəldi. Amma biləsiniz ki, bütün ölkələrdə etik davranış qaydasının pozulması məsuliyyətə səbəb olur. Əgər İntizam komissiyası etik davranışın kobud pozulması qərarına gəlsə, bəli, o, mandatdan məhrumetməyə gətirib çıxara bilər. Əgər İntizam komissiyası bu qərarı versə… Əslində bizim müzakirələr zamanı fikir ayrılığı ondan ibarət idi ki, nə üçün bu məsələni İntizam komissiyası həll edir? Yəni millət vəkilinin mandatdan məhrum olunması məsələsini bu komissiya həll edir.

“Müəyyən edilsə ki, deputat qanunvericilikdə nəzərdə tutulmuş digər bir fəaliyyətlə məşğuldur, onda bu məlumatlar araşdırılır, təsdiqini tapırsa, MSK qərar qəbul edir”

– Əvvəl 9 nəfər idi, indi isə 11 nəfər, eləmi?

– Bəli, 11 nəfər təklif etdik. Yaxud nə üçün bu məsələ ilə bağlı qərarı MSK verir? Amma sonra biz məlumatlandırma işləri apardıq və qanunvericiliyə birbaşa istinadlar etdik ki, onsuz da bu səlahiyyət MSK-dadır. Misal üçün, konstitusiyaya və Seçki Məcəlləsinə müvafiq olaraq əgər müəyyən edilsə ki, deputat qanunvericilikdə nəzərdə tutulmuş digər bir fəaliyyətlə məşğuldur, onda bu məlumatlar araşdırılır, təsdiqini tapırsa, MSK qərar qəbul edir. Yəni onsuz da bu funksiyalar var idi. İkincisi də, bizim yanaşma bundan ibarət idi ki, bu ixtisaslaşmış araşdırma tələb edir. Bu, Milli Məclisin qəbul edəcəyi qərarlar siyahısında ola bilməz. Çünki biz, yəni parlament İntizam komissiyasını formalaşdırırıq və ona səlahiyyət veririk ki, qanunla müəyyən edilmiş hallarda bizim taleyimizi siz həll edirsiniz. Bu, çox normal bir haldır. Misal üçün, məhkəmə hüquq sistemində Məhkəmə Hüquq Şurası yaradılıb, onların bir qrupu həm də hakimlərdir və elə hakimlərlə bağlı qərarı Məhkəmə Hüquq Şurası qəbul edir. Ondan sonra hakim şikayət verə bilir. Burada da həmin prosedurdur. Qərarı qəbul edir bizim orqan, özümüzün yaratdığımız və özümüzün seçdiyimiz qurum. Yeri gəlmişkən, o, hər il seçilir, biz tərkibi dəyişə bilirik. Onlar da bizimlə bağlı qərar qəbul edir, bizim də həmin qərardan şikayət etmək hüququmuz yaranır. Hesab edirəm ki, biz qanunvericiliyə bu dəyişikliyi etməklə həm də əslində dövlət adamı, yəni hakimiyyət orqanı nümayəndəsinin etik davranışı ilə bağlı mövcud olan sistemi tamamladıq. Yoxsa bu sestemdə bir boşluq var idi. Millət vəkili təkcə parlamentdəki, Milli Məclin iclasındakı fəaliyyətində yox, Milli Məclisdən kənardakı fəaliyyətində, davranışında belə, bu qanunun təsiri altına düşür. Ümumiyyətlə, müstəqillik fikrin irəli sürülməsində, qərarların qəbulunda düşüncənin müstəqilliyidir. Amma hakimiyyət orqanının nümayəndəsinin davranışı sıravi vətəndaş davranışından fərqlidir, o, müəyyən məhdudiyyətlər çərçivəsindədir. Yəni millət vəkili, yaxud digər hakimiyyət orqanının nümayəndəsi, dövlət qulluqçusu, hakim sıravi vətəndaş kimi davrana bilməz. İctimaiyyət arasında, cəmiyyətdə belə, onun davranışı müəyyən çərçivədədir.

– Deyək ki, hansısa deputat sərxoş halda qeyri-etik hərəkətlərə yol verib. Bəs bunu kim araşdırmalıdır?

– İntizam komissiyası. Bunun üçün İntizam komissiyasına müraciət daxil olur. Bundan başqa, hətta mətbuatda yazılanlar da əsas götürülüb araşdırıla bilər. Hesab edirəm ki, bu, çox pozitiv, çox müsbət bir qərardır. Biz tənqidi fikirlərə dözümlə yanaşdıq. Amma mən parlamentdə bir neçə çıxışlar gördüm ki, onlar bizim qanunun əsl mahiyyətini duya bilmişdilər. Biri Əflatun Amaşovun çıxışı idi, digəri Aydın Hüseynov. Misal üçün, Əflatun Amaşovun yanaşması çox obyektiv idi ki, hətta bu nizamnamənin tələbləri belə, onun təsəvvüründə yumşaq idi. Çünki əgər dövlət qulluqçusu olmayan, heç bir vəzifə öhdəliyi olmayan siz jurnalistlərin belə, etik davranış kodeksi varsa, hakimiyyət nümayəndəsinin necə olmaya bilər? Necə ola bilər ki, biz jurnalistin hər hansı yazısına öz iradımızı bildiririk ki, burada etik qaydanı pozdun, amma cəmiyyət hakimiyyət orqanının nümayəndəsindən bunu tələb edə bilmir? Bu, çox normal və artıq sivil hüquq sistemində oturuşmuş bir hadisədir. Mən çox sevinirəm ki, nəticə etibarilə həmkarlarım bunu dəstəklədilər. Birmənalı demək olar ki, bu layihə hər hansı seçki, yaxud başqa siyasi proseslə bağlı deyil. Bunu çoxdan etməliydik, edə bilməmişdik. Amma 2016-cı il referendumu bunu artıq bir öhdəlik kimi bizim üzərimizə qoydu və biz də bunu sürətlə həyata keçirdik. Bu fikirləri mən nə zamansa deməliydim, sizə dedim…

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …