Cümə , Aprel 26 2024
Ana səhifə / Media / İşlənmiş mobil telefon almaq təhlükəlidir – FOTOLAR

İşlənmiş mobil telefon almaq təhlükəlidir – FOTOLAR

Kredit vasitəsilə alınmış telefonlar satıla bilməz. Musavat.com saytının redaksiyasına daxil olan məlumata görə, son zamanlar kreditlə alınmış telefonlar vasitəsi ilə özünə biznes quran şəxslər peyda olub.

Belə ki, bəzi şəxslər böyük telefon mağazalarından kreditlə telefon alıb, həmin telefonu dəyərindən ucuz qiymətə, nağd pula kiçik mağazalara satırlar. Bu formada da özlərinə biznes qururlar. Amma bu biznesin ömrü uzun çəkmir. Çünki işin sonu ikiqat maddi ziyan və ya həbslə nəticələnə bilər.

Kredit borcu ödənməmiş telefonu alan satıcılar həmin telefonu digər bir müştəriyə satır, bir müddət sonra isə telefon mağazaya geri qayıdır. Səbəb isə imei kod vasitəsilə telefonun kilidə salınmasıdır. Məsələ burasındadır ki, kreditlə alınmış mobil telefonun ilk sahibi kredit borcunu ödəmir. Bu zaman dükan bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edir və nəticədə telefon imei kod vasitəsilə qapadılır.

Satdığı telefon üstünə qayıdan satıcı isə nə edəcəyini bilmir. Çünki mağaza sahiblərinin sözlərinə görə, onlar işlənmiş telefon alan zaman sadəcə qarşı tərəfin şəxsiyyət vəsiqəsi ilə alqı-satqı əməliyyatını edirlər. Bu zaman isə aldıqları telefonun kredit borcunun olduğunu müəyyənləşdirmək mümkün olmur. Ümumiyyətlə belə bir sistem mövcud deyil.

Çətin vəziyyətə düşən satıcıların polisə müraciət etməkdən başqa çarələri olmur. Bu isə uzun proses olur və zaman alır. Üstəlik dəymiş ziyanın geri qayıtması da çətin olur. Qısaca desək, ziyan mağaza sahibinə dəyir.

Məsələni bir az araşdırmaq üçün bir neçə mobil telefon satışı ilə məşğul olan brend dükanlara və kiçik mağazalara baş çəkdik. İlk üz tutduğum yer “İntegral” mağazalar şəbəkəsi oldu.

Buradan öyrəndik ki, kredit şərtləri elə qoyulub ki, mağaza bu tipli problemlər yaşamır: “Biz krediti kredit kartları ilə veririk. Yəni ödənişi bankdan alırıq. Kreditin ödənməməsi kimi problemlər yaşananda onu bank özü həll edir”.

“Ödəniş bitənə qədər satılan mal bizim sayılır”

“Kontakt Home” mağazası isə oxşar problemlər zamanı məsələni belə həll edir: “Bizim kredit şərtlərimiz məlumdur. Kredit müqaviləsində özəlliklə belə bir bənd var, kredit tam ödənilənə qədər satılan mal heç kimə satıla bilməz. Çünki ödəniş bitənə qədər satılan mal bizim sayılır. Əgər krediti bitirmədən telefon ikinci bir mağazaya satılırsa, bu, oğurluq sayılır. Biz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edirik və telefon imei kod vasitəsilə qapadılır. Həmin telefon artıq heç bir işə yaramır. Bundan sonra alan da, satan da məsuliyyətə cəlb edilir”.

“Niyə almısan? Necə almısan?”

Buradan çıxıb, kiçik telefon dükanlarına baş çəkdik. Rüfət adlı satıcının sözlərinə görə, bu kimi fırıldaqçılarla məsuliyyətli yanaşılarsa və yeni sistem yaradılarsa mübarizə aparmaq mümkün olar: “Bizə də elə telefonlar gətirən olur. 700 manatlıq telefonu qutusunda gətirib, 300 manata satırlarsa, deməli bu işdən şübhələnmək lazımdır. Mən şəxsən elə telefonları almıram. Bəziləri tamahına qalib gələ bilməyib, alırlar. Sonra da başları ağrıyır. Bu yaxınlarda bir neçə mağaza sahibi eyni halla rastlaşmışdı. Nazirliyə müraciət etdilər, telefonlar blokdan çıxarıldı.

Biz alqı-satqı zamanı ev telefonundan tutmuş, şəxsiyyət vəsiqəsinə qədər hər şeyi yoxlayırıq. Amma bir məsələ var ki, problem yarananda bizim də başımız ağrıyır. “Niyə almısan? Necə almısan?” kimi suallara cavab verirsən və üstəlik vaxtın gedir. Həmin şəxs tutulsa belə, sənə dəyən ziyanın ödənməsi çətin məsələdir. Ona görə də, işlənmiş telefon alanda ehtiyatlı olmaq lazımdır. Düzdür, bəzən telefonu mağazaya satan adamla anlaşmaq olur. Gəlir, pulu qaytarır və telefonu aparır. Amma bu, hər zaman olmur.

Bizə dövlət tərəfindən bir balaca yardım lazımdır. Bu da online imei kodun yoxlanması üçün bir sistemin yaradılmasıdır. Məsələn, sayt yaradılsın. Telefon kreditlə alınan kimi imei kodu həmin saytda qeydiyyata salınsın. Beləcə kimsə mağazaya telefon gətirəndə satıcı onun imei kodunu o saytda axtarışa versin. Əgər kreditə alınıbsa və hələ də kredit borcu ödənməyibsə, orada yazılacaq. Satıcı da aldanmayacaq və ya aldığı telefon haqda məlumat əldə edə biləcək. Sadəcə belə bir saytın yaradılması lazımdır”.

“Həmin telefon Azərbaycanda işləməyəcək”

Bu sahə üzrə mütəxəssis Nəriman Zeynalov musavat.com-a bildirib ki, Azərbaycanda hələ ki, belə bir sistem mövcud deyil: “Telefonların kredit borcunu yoxlamaq üçün sistem yoxdur. Yaradılsa bu kimi problemlərdən qurtulmaq olar. O ki, qaldı imei koda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi telefonların istifadəsinə rahat şəkildə qadağa qoya və ya telefonun yerini təyin edə bilir. Telefonun imei koduna blok qoyub, telefonun şəbəkəyə qoşulmasını əngəlləmək mümkündür. Nazirlik bunu edərsə, həmin telefon Azərbaycanda işləməyəcək”.

“İmei kodu dəyişərək bloklanmış telefonu açmaq olurmu” sualına isə ekspert belə cavab verib: “Olur, amma telefonun imei koddan əlavə mac adresi də olur. Mac adresi dəyişmək bir az çətindir. İmei kodu dəyişib, telefona nömrə taxıb istifadə etsə və ya internetə daxil olsa, həmin telefonun yerini təyin etmək mümkündür. Yəni ki, bu da çıxış yolu deyil. Ən yaxşısı bu yollara əl atmamaq və qanuna riayət etməkdir. Çünki belə etdikdə həmin şəxsin işi daha da ağırlaşa bilər”.

Qeyd edək ki, mobil telefonların imei ünvanı imei.az saytı vasitəsilə qeydiyyata alınır. Musavat.com









Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın