Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı mətbuat konfransı keçirilib

Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı mətbuat konfransı keçirilib

Fevralın 16-da Bakı Biznes Mərkəzində İqtisadiyyat və Səhiyyə nazirliklərinin, Tarif (qiymət) Şurasının Katibliyinin nümayəndələrinin iştirakı ilə KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib. Tədbirin keçirilməsində məqsəd dərman vasitələrinin qiymətinin tənzimlənməsi prosesi barədə ictimaiyyətin geniş şəkildə məlumatlandırılmasıdır.
Qeyd olunub ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarının tənzimlənməsinə 2015-ci ilin ortalarından başlanılıb və bu proses intensiv şəkildə davam etdirilib. İndiyədək müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10166 dərman vasitəsinin qiyməti aydın və şəffaf mexanizmlə təsdiq edilib. Dərman vasitələrinin qiymətinin tənzimlənməsi zamanı Avropa ölkələri də daxil olmaqla 20-yə yaxın ölkənin təcrübəsi öyrənilib və beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsulundan istifadə olunub. Bildirilib ki, manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də əhəmiyyətli dərəcədə aşağıdır.
Həmçinin, qiymət intizamına ictimai nəzarət tam təmin edilib. Belə ki, hər bir dərman vasitəsinin ƏDV daxil olmaqla təsdiq edilmiş pərakəndə satış qiyməti qablaşdırıldığı qutunun üzərində göstərilir. Eyni zamanda, dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri ticarət adı, təsiredici maddənin adı və dozası, farmasevtik forması, ticarət qablaşdırılması, qablaşdırmanın miqdarı, istehsalçı ölkə və şirkət göstərilməklə təsdiq edilib və vahid siyahı şəklində Tarif (qiymət) Şurasının, İqtisadiyyat və Səhiyyə nazirliklərinin internet səhifələrində yerləşdirilib. İstehlakçılar həmin cədvəli mobil telefonlara və planşetlərə yükləməklə elektron kitabça kimi istifadə edə bilərlər. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi (195-2) vasitəsilə də müvafiq məlumat almaq mümkündür.
Tədbirdə həmçinin qeyd olunub ki, görülən işlər əczaçılıq sahəsində yerli istehsalın inkişafına və icbari tibbi sığorta sisteminin tətbiqinə öz töhfəsini verməkdədir. Artıq Azərbaycanda əczaçılıq sənayesinin yaradılmasına başlanılıb. Pirallahı Sənaye Parkında İran və Rusiya ilə birgə iki dərman zavodunun təməli qoyulub. Bu zavodlar ölkəmizin əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır. Bundan başqa, hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır.
Tədbir çərçivəsində dərman vasitələrinin qiymətinin tənzimlənməsi mexanizmi əyani şəkildə nümayiş olunub və KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın