Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Media / Bazarlarda qiymətlər od tutub yanır

Bazarlarda qiymətlər od tutub yanır

Məhsul bol, alıcı isə daha qıtdır; marketlərin vitrinlərindəki qiymətlərlə kassa çeklərindəki qiymətlər arasında fərq davam edir…

Paytaxtın bazar-dükanlarında qiymətlər qalxıb. Manatın devalvasiyasından sonra bahalaşan ərzaq məhsullarının qiymətlərinin nisbətən ucuzlaşacağı güman edilsə də, bu, baş verməyib. Əvvəllər yalnız xaricdən gətirilən məhsulların qiyməti qalxsa da, çox keçmədən artıq yerli məhsullar da bahalaşıb.

 
Əhalinin narazılığını görən aidiyyəti qurumlar süni bahalaşmanın qarşısını almaq üçün müəyyən işlər görüldüyünü bəyan eləsələr də, bunun müsbət təsiri hiss olunmadı. Əksinə, gün keçdikcə qiymətlər hər gün qəpik-qəpik artmağa doğru getdi. 
Hazırda bazarlarda satıcılar, məhsullar bol, alıcı isə qıtdır. Baş çəkdiyimiz “Yaşıl bazar”da meyvələrin və kənd təsərrüfatı məhsullarının qiymətində hansısa ucuzlaşma müşahidə etmədik. Əksinə, qiymətlər bir neçə həftə öncəki ilə müqayisədə artmışdı.
Belə ki, ərzaq səbətimizin əsas tərkib hissəsini təşkil edən kartof 1 manat 20 qəpik-1 manat 50 qəpik arası, soğan 1 manat-1 manat 30 qəpik,  göyərti 5-6 dəstəsi 1 manat, tək aldıqda isə biri 20 qəpik, pomidor 2- 4 manat, xiyar 2-3 manat, badımcan 3-4 manat, bibər isə 5 manata satılırdı.
Meyvələrə gəlincə isə onlara da qiymətlərinə görə yaxın düşmək olmurdu.
Bazarda nisbətən ucuz satılan tək meyvə alma idi, desək yanılmarıq. Belə ki, bu meyvənin qiyməti 60 qəpikdən başlayıb 3 manatadək artırdısa, digər meyvələrin qiyməti 1 manatdan başlayırdı. Mandarin 2 manat 50 qəpik-5 manat, nar 4-5 manat, armud 2-4 manat, banan 2 manat 50 qəpik, çiyələyin bir kiloqramı 20 manat, balaca qablaşdırmada isə 5-10 manata, alçanın bir kiloqramı 25 manat, içində 10 ədəd alça olan kiçik qablaşdırma isə 3 manat, şaftalı 10 manata satılırdı.
Meyvələr bol olsa da meyvə alıcıları az idi. Alıcılar meyvələrin bahalığından şikaytlənirdilər və doyunca meyvə yeyə bilmək üçün yayı gözlədiklərini deyirdilər. Alıcı Rəna İbrahimova bir müddətdən sonra meyvələrin qiymətlərinin ucuzlaşacağını güman etdiyini dedi: “Meyvələr hələ ki, bahadır. Bir azdan bol olacaq. Onda satıcılar ucuz qiymətə satacaqlar. Hələ ki bir sıra meyvələrə sadəcə baxmaqla kifayətlənirik”.
Digər alıcı Mətanət Əliyeva isə əksini düşünür: “Meyvələrin də, digər ərzaqlarında qiymətində hansısa endirim, ucuzlaşma olmayacaq. Əksinə, bahalaşacaq. Əvvəllər bir neçə zənbil bazarlıq edir, hər şeydən 2 kilodan az olmayaraq alırdımsa, indi az qalıram dənə ilə alım”.
Söhbətə qatılan başqa bir alıcı Anar Ağayev isə artıq bu duruma öyrəşdiklərini dedi: “Camaatı qışqırda-qışqırda bu qiymətlərə, vəziyyətə öyrəşdirdilər. Artıq nəsə demək mənasızdır. Guya bizim sözümüzə qulaq asıb qiymətləri endirəcəklər?!”
Satıcılar alıcıların şikayətləri ilə razılaşsalar da, bahalığın onlardan asılı olmadığını deyirdilər. Həmçinin digər ərzaqları almaq, dolanmaq üçün bu cür qiymətə satmağa məcbur olduqlarını deyirdilər. Satıcı Sənubər Qasımova qiymətlərin artmasını bir sıra məhsulların artıq qurtarması ilə əlaqələndirdi: “Elə məhsullar var ki, onların vaxtı artıq bitir. Məsələn, mandarin artıq azdır. Ona görə də bahadır. Digər məhsullar isə bizə baha gəlir, ona görə də üstünə 20-30 qəpik qoyub satırıq”.
Ərzaq mağazaları da bahalığa görə bazardan fərqlənmirdi. Baş çəkdiyimiz “Makromarket”də əvvəllər alıcı çoxluğundan tərpənmək olmurdusa, indi alıcılar barmaqla sayılacaq qədər azalmışdı. Bir sıra məhsulların qiyməti də “ceyran belində” idi.
“Sabko”, “Sirab” marketlərində də vəziyyət eyni idi. Dəfələrlə bir sıra mağazalarda vitrindəki qiymətlərlə kassadakı qiymətlərin bir-birinin əksi olduğunu yazsaq da, müşahidələrimiz dəyişən bir durumun olmadığını göstərirdi. Vitrində 2 manat 70 qəpik olan məhsul kassada 3 manatdan hesablanırdı. Bir sözlə, hər məhsulun qiyməti vitrindəki qiymətdən 10-50 qəpik arasında artıq hesablanırdı. Bir sıra marketlər isə ümumiyyətlə, vitrinə qiymət qoymayıb. Aldığınız məhsulun qiymətini bilmək üçün gərək kassaya yaxınlaşıb öyrənəsən. Görünür, bu tip mağazalar həm alıcıları, həm də yoxlamalar aparan aidiyyəti qurumları aldadır.
Günel MANAFLI
Fotolar müəllifindir



Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …

Bir cavab yazın