Bu günlərdə tanınmış jurnalist Əntiqə Rəşid çalışdığı “Qarabağ”
qəzetindən qanunsuz yerə işdən çıxarıldığını iddia edən bəyanat yayıb.
Jurnalist bəyanatında bildirib ki, noyabr ayının 3-də öz “Facebook”
səhifəsində ölkə başçısına Qarabağla bağlı müraciət etdikdən sonra,
çalışdığı “Qarabağ” qəzetinin redaksiya rəhbərliyi tərəfindən ona təzyiq
göstərilib.
“Baş redaktor Çingiz İsmayılov, redaktor Salman Alıoğlu və digər iş
yoldaşım cinayət işlətmişəmmiş kimi, “sən niyə Prezidentə müraciət
etmisən”, – deyə sərt sözlərlə mənə hücuma keçdilər. Çox söz-söhbətdən
sonra bildirdilər ki, “ya müraciətini və “Facebook” səhifəni siləcəksən,
bizdən də üzr itəyəcəksən, ya da ərizə yazıb işdən çıxacaqsan, əks
halda kollektivin iclasını çağırıb protokol tərtib edib səni o şəkildə
işdən qovacağıq”. Mən heç bir günah işlətmədiyimdən, nə ərizə yazdım, nə
də səhifəmi sildim. Həmin gün qəzetin kollektiv iclasını çağırıb,
əllərində heç bir hüquqi əsası olmadan protokol tərtib edib məni işdən
çıxartdılar. Beləcə, ayda cəmi 240 manat maaş aldığım işimdən azad
edildim. 5 ildir canla-başla çalışdığım iş yerimdən bir qələmdə
silindim”, – jurnalist qeyd edib.
Ə.Rəşid
əlavə edib ki, həyat yoldaşı Qarabağ müharibəsi əlilidir, bədənində 22
qəlpə daşıyır. Buna görə də işləmək qabiliyyətindən məhrumdur. Bir
övladı olan jurnalist ailəsini özü dolandırmağa məcburdur.
Jurnalist
AYNA-ya açıqlamasında isə bunları deyib: “Baş redaktor əmrdə göstərib
ki, mən mitinqlərə getmişəm və oradan şəkil-video çəkib, öz “Facebook”
səhifəmdə paylaşmışam. Bunlar 8 oktyabr piketində və 19 oktyabr
mitinqində olub. Amma Qarabağla bağlı videomüraciəti 3 noyabrda
paylaşmışam. Nəyə görə 19 oktyabrdan 3 noyabra qədər olan müddətdə mənim
haqqımda bir ölçü götürülmədi, məhz 3 noyabrdan sonra bunlar əl-ayağa
düşdülər? Yəni konkret olaraq 12 noyabrda iclas kecirilməsinin və mənim
işdən cıxarılmağımın səbəbi mitinqdə peşə fəaliyyətimlə məşğul olmağım
deyil, videomüraciət ünvanlamağımdır”.
Ə.Rəşid
işdən çıxarılmasına ölkə Prezidentini və onun komandasını təhqir
etməsinin səbəb göstərilməsinə də münasibət bildirib: “Prezidenti və
onun komandasını təhqir etməyimlə bağlı deyilənlər, tamamilə absurddur.
17 ildir peşəkar jurnalistikadayam, ali təhsilim var, gercəkləri görəcək
və qiymətləndirəcək ağıldayam. Mənim müxtəlif mətbu orqanlarda
məqalələrim var ki, cənab Prezidentin fəaliyyətini təqdir etmişəm.
Məsələn, zirzəmi və yataqxanalarda şəraitsiz məkanlarda məskunlaşan
köckünlərə verilən yeni evlərdən, Qarabağ əlillərinə göstərilən qayğıdan
yazmışam. Həyat yoldaşım da Qarabağ əlilidir və o da, məhz Prezidentin
sərəncamı ilə evlə təmin olunub, biz ailəlikcə dəfələrlə Prezidentə öz
təşəkkür və minnətdarlığımızı bildirmişik”.
“Əgər
mən “Facebook” səhifəmdə hansısa məmuru təhqir və ya tənqid etmişəmsə
də, məni buna görə cəzalandırmaq baş redaktorun vəzifəsi deyil ki.
Təhqir etdiyim məmur, əgər doğrudan da elə bir insident olubsa, məni
coxdan məhkəməyə verə bilərdi. Baş redaktorun məni işdən cıxartmaq
haqqında əmrini oxuyandan sonra ortada məlum olmayan bir qərəzin, eyni
zamanda hüquq tapdalanmasının şahidi oldum”, – deyə o vurğulayıb.
AYNA saytı olaraq Ə.Rəşidin fikirlərinə aydınlıq gətirmək üçün qarşı
tərəflə – “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılovla əlaqə
saxladıq. Ç.İsmayılov bizi Ə.Rəşidin işdən çıxarılması ilə bağlı əmrlə
tanış edib: “Qəzetin əməkdaşı Əntiqə Rəşidqızı öz fəaliyyətində qəzetin
tutduğu mövqeyə zidd olaraq sosial şəbəkələrdə və internet resurslarında
dövlət başçısının komanda üzvlərinə qarşı təhqiramiz ifadələrə,
redaksiyanın icazəsi olmadan, müxalifətin icazəsiz keçirdiyi piket və
mitinqlərdə iştirak edərək şəkillər paylaşdığına görə tutduğu vəzifədən
azad edilib”.
Bu
yerdə bir məqama da diqqət çəkmək yerinə düşər. Jurnalistin işdən
çıxarılması ətrafında yaşanan qalmaqal fonunda iddialar səslənir ki,
“Çingiz İsmayılovun anası ermənidir”, “O, erməni əsilli olduğu üçün,
qəsdən belə mövqe qoyur” və s.
Baş redaktor, bununla bağlı sualımıza da cavab verib: “Birincisi,
anaların milliyəti olmur. Allahın bu dünyada yaratdığı millətlərin –
erməninin, azərbaycanlının, gürcünün, rusun və s. yaradıcısı Allahdır.
Allah səni necə bilirsə, qəbr evinə də elə gedirsən”.
Jurnalistin qeyd olunan ittihamlarla işdən çıxarılmasının hüquqi
tərəflərinə gəldikdə, bunu AYNA-ya hüquqşünas Bəhruz Bayramov
dəyərləndirib: “İşdən çıxarılma barədə belə bir əmr verilməsi
qanunsuzdur. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, işəgötürənlə işçi
arasında müddətli və müddətsiz müqavilələr bağlanır. Və həmin
müqavilədə qarşılıqlı öhdəliklər, yəni hüquq və vəzifələr olur ki, həmin
öhdəliklər pozulduqda müqaviləyə xitam verilir. Jurnalistin işdən
çıxarılması barədə əmrdə göstərilənlər isə biabırçılıqdır”.
“Əmrdə
qeyd edilənlər xanımın konkret olaraq Azərbaycan Konstitusiyasında
təsbit olunmuş hüquq və azadlıqlarıdır. Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 72-ci maddəsinə görə, əmək vəzifələrinin kobud şəkildə
pozulması hesab edilən hallar var. Bu əmrdə həmin halların heç biri
göstərilmir. Bu xanımın sosial şəbəkədə nəsə yazması onun fikir və söz
azadlığıdır. Azərbaycanın tərəfdar çıxdığı söz və fikir azadlığı barədə
beynəlxalq konvensiyalar da var. Əmrdə yazılanlara görə nəinki
jurnalistin, istənilən Azərbaycan vətəndaşının işdən azad olunmasının
heç bir əsası ola bilməz”, – deyə hüquqşünas vurğulayıb.
B.Bayramov onu da qeyd edib ki, Ə.Rəşid problemin həll olunması üçün
məhkəməyə müraciət etməlidir: “İşdən çıxarılması barədə əmri aldığından
bir ay müddətində əmrin surəti və əmək kitabçası ilə məhkəməyə müraciət
edə bilər”.
Məsələyə
Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun da münasibətini
öyrəndik. O, bu məsələdə jurnalisti müdafiə edib: “Əntiqəni uzun
zamandır tanıyıram. İstedadlı və çox zəhmətkeş jurnalistdir. İşdən azad
olunması və səbəbini biləndə çox üzüldüm. Bu, yolverilməzdir. Ümid
edirəm, Əntiqənin pozulmuş hüququ bərpa ediləcək. “Qarabağ” qəzetinin
baş redaktorun anasının erməni olduğu barədə mən də eşitmişəm. Anası,
nənəsi, arvadı, gəlini erməni olanların böyük vəzifə tutduğu, imkan və
söz sahibi Azərbaycanda bu, adi haldır. Olmamalıdır, amma olur. Çox
təəssüf!”.
R.Kərimoğlu onu da xatırladıb ki, Ə.Rəşidin problemi barədə ilk dəfə
AYNA-ya danışır: “Bundan əvvəl haradasa mənim adımdan açıqlama verdiyim
yayılıb. Bu, yalandır. Əntiqə Rəşidlə bağlı bu, ilk açıqlamamdır”.
Ana səhifə / Media / Baş redaktordan erməni əsilli olması ittihamına cavab: – “Anaların milliyyəti olmur”
Həmçinin oxuyun
“Kanal 13” əməkdaşlarının həbs müddəti uzadıldı
“Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov və kanalın əməkdaşı Şamo Eminovun istintaq …