Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Media / Bakıda uşaqların istirahəti təhlükə qarşısındadır – REPORTAJ

Bakıda uşaqların istirahəti təhlükə qarşısındadır – REPORTAJ

Bakının bir çox rayon və qəsəbələrində köhnə tikililərin yaşam standartlarına cavab verməməsi uşaqların asudə vaxtlarının təşkilinə də problem yaradır.

Musavat.com-un müxbiri vətəndaşlardan gələn şikayətlər üzərinə bu problemi araşdırıb və Bakının bir neçə rayonunda yaşayış binalarının həyətində uşaqların istirahəti üçün mövcud olan şəraitlə tanış olub.

Bakıda demək olar ki, əksər yaşayış məhəllələrində bir neçə binanın bir ortaq həyəti var, orada isə uşaqların istirahəti, oyun oynaması üçün yerlər nəzərdə tutulmayıb. Bəzi binaların isə ümumiyyətlə həyəti yoxdur, çıxış qapısı birbaşa yola açılır. Tikililərin arasındakı boş yerlər isə avtomobil dayanacağı kimi istifadə olunduğundan uşaqlar üçün demək olar ki, həyətdə oynamağa yer qalmır.

Nəticədə uşaqlar avtomobillərin üstünə çıxmalı, həyətdəki ağaclara dırmanmalı olurlar. Uşaqların həyətdə yaratdığı səs-küy, avtomobillərin cızılması, topla oyun zamanı birinci mərtəbədəki mənzillərin pəncərələrinin qırılması isə tez-tez valideynlər arasında narazılığa səbəb olur.

İkinci tərəfdən həyətlərdə yaşıllıq olmadığından azyaşlılar toz-torpaq içində oynamalı olurlar. Bəzi məhəllələrdə Sovet dövründən qalan yelləncəklər isə artıq istifadə üçün yararsız, hətta təhlükəlidir.

Bəzi məhəllələrdə çəkiliş edərkən həyətlərdə oynayan azyaşlıların nə dərəcədə antisanitar şəraitdə vaxt keçirdiyinin də şahidi olduq. Belə ki, oyuncaq gəlinciyini toz-torpağın içində uzadan qız özü də asfaltın üzərində oturaraq ona layla çalırdı. Yanındakı özündən də balaca olan iki azyaşlı da başının üzərində dayanaraq ona baxır, daha sonra onlar da toz-torpağın içində otururlar. Azyaşlı oğlan uşaqları isə daha da təhlükəli oyun növünə əl ataraq hündür ağaclara dırmanır və həyətdəki dəmirlərin üzəri ilə gəzirdilər.

Həyətdə söhbət edən bir neçə valideynlə də söhbət etdik. Bildirdilər ki, uşaqlar üçün oyun meydançalarının olmaması onları da narahat edir. Həm həyətdə hərəkət edən avtomobillər uşaqlar üçün təhlükə yaradır, həm də uşaqların oyun zamanı ehtiyatsızlıq etməsi avtomobillərə ziyan vurur. Etiraf etdilər ki, bu səbəbdən tez-tez məhəllədə dava da düşür. Bundan əlavə, uşaqların antisanitar şəraitdə istirahəti onlarda tez-tez infeksion xəstəliklərə, mədə-bağırsaq pozğunluğuna gətirib çıxarır.

Başqa bir problem isə həyətlərdə olan su kranlarının “Azərsu” ASC tərəfindən bağlanmasıdır. Sakinlərin sözlərinə görə, bu kranlardan axan suya görə pul ödənilmədiyindən qurum həmin bulaqları ləğv edib.

Nəticədə həyətdəki olan-qalan yaşıllıqlar da qurumağa başlayıb: “Deyirlər ki, yaşıllıq salmaq, ağac əkmək lazımdır. Mən evimin qarşısında bu gözəllikdə gül-çiçək əkmişdim. İndi “Azərsu” həmin kranı bağlayıb, susuzluqdan güllərim yanır. Həyətdəki 40-50 illik ağaclar da quruyur. Bəs, bu quraqlıqda daş-kəsəyin üstündə uşaqlar necə oynasınlar. Bu insanlar oksigeni haradan alsınlar? Axı hər şey pul ilə ölçülmür”.

Paytaxtda mövcud olan bu problemə münasibət bildirən Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri-Hökumət Təşkilatları (QHT) Alyansının milli koordinatoru Nabil Seyidov bildirdi ki, bu durum uşaqların normal inkişafına ziyan vurur: “Biz uşaq hüquqlarının təmin olunması istiqamətində monitorinqlər aparırıq, vəziyyəti dəyərləndiririk. Uşaqların asudə vaxtının təşkili, onların idmana cəlb olunması, bədən tərbiyəsi ilə məşğul olması, oyun və istirahətlərinin təşkili də bizim diqqətimizdədir. Ölkəmizin qoşulduğu uşaq hüquqları ilə bağlı konvensiyalara əsasən deyə bilərik ki, uşağın hərtərəfli tam inkişafı yalnız onun bütün hüquqlarının təmin olunduğu halda mümkündür. Uşağın inkişafı dedikdə burada onun açıq havada oynaması da önəm kəsb edir. Uşaqlar gün ərzində dərsdən sonra, tətil zamanı vaxtlarının böyük bir hissəsini yaşadıqları binanın məhəlləsində, həyətində keçirir. O zaman binaların həyətində onların oynaması, vaxtlarının səmərəli keçirilməsi üçün müvafiq şəraitin olması vacibdir. Amma heç də bütün yaşayış məntəqələrində bu imkan yoxdur. Bir çox məhəllələrdə bu, ümumiyyətlə planlaşdırılmayıb, bir çox yerlərdə həmin ərazini avtomobil dayanacağına çeviriblər, bəzilərində həmin yerlərdə kommersiya obyektləri tikilib. Bu problem yerli icra hakimiyyəti tərəfindən də diqqətdə saxlanılmalı ki, şəhərsalma zamanı uşaqların açıq havada vaxt keçirməsi üçün şəraitin olması önəmlidir. Bu mənada həyətlərdə təhlükəsizlik də nəzərə alınmalıdır”.

Mövcud şəraitin yaşam standartlarına uyğun olmadığını bildirən Ramil Osmanlı da yeni binalar tikilərkən bu problemin aradan qaldırılmasını vacib hesab edir: “Bu məsələ çox ciddi problemdir. Əksər köhnə və yeni tikililərdə bu cür hallar var. Bunun əsas səbəblərindən biri tikinti normativlərində konkret sahə ilə bağlı göstəricilərin olmamasıdır. Məsələn, binanın tikintialtı sahəsi 2000 kvadratmetrdirsə, onun həyətyanı sahəsi bundan neçə dəfə böyük olmalıdır, kimi bir norma mövcud deyil. Hətta həyəti olan yeni tikililərdə MTK rəhbərləri binanın həyətyanı sahəsini öz əmlakı kimi təqdim edir və bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Halbuki qanunvericiliyə görə, çoxmənzilli binaların həyətyanı sahəsi sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır və bura hər hansı bir qurumun müdaxilə etmək, onu alqı-satqı predmetinə çevirmək, orada sakinlərin iradəsindən kənar şəxsi obyektlər inşa etmək ixtiyarı yoxdur. Amma çoxmənzilli binalarda yaşayan sakinlər binanın idarəetməsində maraqlı olmadıqlarından, yaxud idarəetmə ilə bağlı hüquqları barədə məlumatsız olduqlarından bu cür problemlər ortaya çıxır”.














Həmçinin oxuyun

“İnkişafımızı inkar etməyə çalışırlar” – Əli Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə (KİVDF) Azərbaycan …

Bir cavab yazın