Ana səhifə / Manşet / Yeni tikililərlə bağlı fərman: “Korrupsiyaya yol açacaq”

Yeni tikililərlə bağlı fərman: “Korrupsiyaya yol açacaq”

Deputat qərarı doğru sayır, ekspertlər isə bunu çıxış yolu kimi görmürlər

Azərbaycanda yeni tikililərdə kommunikasiya xətləri və kommunal xidmətlərin göstərilməsində dəyişikliyin edildiyi bildirilir.

2023-cü il oktyabrın 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evlərinin kommunikasiya xətlərinə qoşulması qadağan edilir.

Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, amma icazə alınmadan inşa edilən və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərə qoşulması qadağandır.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə bununla bağlı cəza tədbirləri də nəzərdə tutulub.

Tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması – 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Deputat Fazil Mustafa

Deputat Fazil Mustafa bu dəyişikliyi dəstəkləyib.

O, Milli Məclisdə çıxışı zamanı bildirib ki, yeni evlərlə əlaqədar qaydaların sərtləşdirilməsi doğru qərardır.

Deputat deyib ki, bu, vətəndaşların regionlara qayıdışını təmin edə bilər.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, qaydaların sərtləşdirilməsi çıxış yolu deyil. Onun sözlərinə görə, əksinə, sərtləşdirmə korrupsiya hallarının sayını və qiymətini artıra bilər:

“Azərbaycan reallığını bilirik. Belə sərtləşmə olanda ilk növbədə korrupsiyanın həcmi artır. Ödənişlərin miqdarı artır. Obrazlı desək, dünənə qədər simvolik bir məbləğə həmin kommunikasiya xətlərinin çəkilməsinə razılıq ala bilirdilərsə, indi bu məbləğlər arta bilər. Durum buna gətirib çıxaracaq”.

İqtisadçı hesab edir ki, sərtləşməyə gedilmənin əsas səbəbi regionlardan paytaxta köçün qarşısını almaqdır:

Natiq Cəfərli

Bakıya axının səbəbləri müxtəlifdir. Sosial, iqtisadi, hətta mədəni səbəblər var. İş yerləri yoxdur. Yəni bütün bunlar həll olunmadıqca, səhv nəzarət funksiyalarını əldə rəhbər tutaraq, bu məsələnin qarşısını almaq mümkün deyil”.

Natiq Cəfərli deyir ki, qayda sərtləşdirilmədən, cərimələrin tətbiqindən öncə əvvəllər tikilən qeyri-qanuni evlərin aqibəti mütləq həll olunmalı idi:

Öncəki tikililər də nəzərə alınıb, birdəfəlik əmlak amnistiyası verilməli idi. Dövlətin burada məsuliyyəti var. Tikintiyə nəzarət funksiyası olan 14 dövlət və hökumət orqanı var. Onlar niyə nəzarət etməyiblər? Niyə göz yumublar? Əgər onlar nəzarət etməyiblərsə, artıq vətəndaşın üstünlüyü yaranır. Vətəndaşın mülkiyyət hüququ da olmalıdır. Əmlak amnistiyası baş versəydi, bundan sonra bəli, sərtləşdirmədən danışmaq olardı. Bu məsələnin birtərəfli həll yolu yoxdur”.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Meydan TV-yə deyir ki, qadağa sənədsiz evlərin tikintisinin qarşısını ala bilər, lakin hazırda mövcud olan sənədsiz evlərlə bağlı illərlə qalan problemləri çətin həll etsin:

Bakı və Abşeron ərazisində çıxarışı olmayan beş yüz mindən çox fərdi ev var. Üstəlik, xeyli torpaq sahələri də var ki, bələdiyyələrin verdiyi sərəncamlar əsasında əldə edilib. Onların özəlləşdirmələrində ciddi problemlər qalmaqdadır. Bu məsələdə ilk öncə məmurların yaratdığı problemi – sənədsiz evlərin hüquqi statusunu həll etməliyik”.

Əksinə, cərimələrin artırılması rüşvətin miqdarının da artmasına gətirib çıxarır. Problemi həll etmək üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoymaq lazımdır. İndiyədək tikilmiş evlərin sənədləşdirilməsi məsələsi də yekunlaşmalıdır”, – Vüqar Tofiqli deyib.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Meydan TV-yə bildirib ki, sərtləşmə əmlak bazarındakı qiymətlərə təsir etməyəcək:

Qiymətlərdə hansısa artım olacağı gözlənilmir. Onsuz da indiyə qədər kifayət qədər sənədsiz evlər tikilib. Bundan sonra isə bunun mümkün olmadığı üçün əksinə, evlərin tikilməsi və satışı əmlak bazarına müsbət təsir göstərə bilər. Burada əsas məsələ indiyə kimi tikilmiş evlərlə bağlı qərarın verilməsidir”.

Həmçinin oxuyun

16 saylı yataqxananın sakini: “Heyvanı da bura bağlasan, qalmaz”

“Hökumət çarəsizliyimizi görüb bizi ölümə məhkum eləməsin” “Jurnalistlər gəlir, çəkir, gedir icra hakimiyyətindən soruşur, maraqlanır …