Ana səhifə / Kriminal / Xaçaturyanın işi üzrə məhkəmə istintaqı başa çatdı: “Onların 95 faizi Ramil Usubova işləyirdi”

Xaçaturyanın işi üzrə məhkəmə istintaqı başa çatdı: “Onların 95 faizi Ramil Usubova işləyirdi”

Prokuror növbəti prosesdə iş istəyəcək

1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Vaqif Xaçaturyanın bir aya yaxındır davam edən məhkəməsi yekunlaşmaq üzrədir. Bu cinayət işi üzrə dindirilməmiş bir şahid vardı ki, o da noyabrın 6-da məhkəmədə ifadə verib.

Vaqif Xaçaturyan haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimlər – Camal Ramazanovla Rafiq Abbasov araşdırır. Məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Noyabrın 6-da keçirilən məhkəmədə öncə şahid qismində ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib. O bildirib ki, əvvəllər SSRİ qoşunlarında xidmət edib. 1990-cı ilin yanvarında Azərbaycana gələrək, Qarabağda xidmətə başlayıb. Şuşada Post-Patrulun qərargah rəisi olduğunu deyən şahidin sözlərinə görə, həmin dövrdə Qarabağda bir sıra şəxslər insanları milli münaqişələrə cəlb edirdilər.

“Köçəryan, Sarkisyan, Balasanyan, Babayan… Bu Xaçaturyan da onlara qoşulmuşdu. Adamları qızışdırıb, mitinqlərə cəlb edirdilər”.

Azay Kərimovun dediyinə görə, münaqişəyə qoşulmaq istəməyən erməniləri də özləri şantaj edir, cəzalandırırdılar.

Şahidin sözlərinə görə, 1991-ci il dekabrın 23-də Meşəli hadisəsi baş verən gün o, Malıbəyli kəndində xidmətdə olub:

“Mən Malıbəylinin müdafiəsini təşkil edirdim. Meşəli kəndinə hücumu eşitdim. Hadisənin ikinci günü ora getdik. Ora hücum edənlər 11 nəfər olub. Onlardan 8-ni biz zərərsizləşdirdik. Onların meyitini götürənlərdən biri də bu Vaqif idi. Orada təkcə adamları öldürməmişdilər. Evləri qarət eləmişdilər, it-pişiyi də güllələmişdilər”.

Azay Kərimov ifadəsində bildirib ki, 1991-ci ildə Meşəli hadisələrindən bir neçə ay öncə Vaqif Xaçaturyanı həbs edib, Şuşa türməsinə salmışdılar. Onun sözlərinə görə, Xaçaturyan türmədə dişləriylə damarlarını kəsərək intihara cəhd edib:

“Onu Şuşa xəstəxanasına apardıq. Axşam gördüm ki, damarına atılan tikişi də dişiylə açmaq istiyir. Sonra bunları buraxdılar. Bunlar da gedib Meşəlidəki qətliamı törətdilər. Niyə buraxdılar? Bu da özbaşına deyildi…”.

Ramil Usubov

Keçmiş daxili işlər naziri Ramil Usubovun o zaman cinayət-axtarış idarəsinin rəisi olduğunu xatırladan şahidin sözlərinə görə, bir çox erməni ondan çəkinirdi:

“Oradakı ermənilərin 95 faizi ona işləyirdi. Bu yolla əvvəldən məlumatları əldə edə bilirdik. O məlumatlar əsasında da hadisə yerinə gedirdik”.

Vaqif Xaçaturyan əvvəlki məhkəmə iclaslarında olduğu kimi, budəfəki iclasda da bildirib ki, Meşəli hadisələrində iştirakı olmayıb. Onun sözlərinə görə, həmin hadisələr vaxtı evində, ailəsilə birlikdə olub.

Şahid Azay Kərimovun dediklərinə gəlincə, təqsirləndirilən şəxs bildirib ki, onu tanıyır:

Amma o, məni tanımadı. İstintaq vaxtı məni də gətirmişdilər, onu da. Mən onu tanıdım, o isə məni tanımadı”.

Azay Kərimov isə onu tanımaması haqda deyilənlə razılaşmayıb. O bildirib ki, hətta üzləşmədə ondan İsgəndəri xatırlayıb-xatırlamadığını da soruşub.

“İsgəndərlə birlikdə işləmişik. Dost-qardaş olmuşuq…”, – Vaqif Xaçaturyan məhkəmədə belə deyib.

Şahid dindiriləndən sonra məhkəmədə sənədlərin elanı mərhələsi başlayıb. Cinayət işindəki ekspertiza rəyləri, üzləşdirmə protokolları açıqlanıb.

Daha sonra hakim Zeynal Ağayev məhkəmə istintaqının başa çatması məsələsini müzakirəyə çıxarıb. Prokuror bildirib ki, istintaq yekunlaşa bilər. Vaqif Xaçaturyan və vəkili də etiraz etməyib.

Vaqif Xaçaturyan deyib ki, törətmədiyi cinayətə görə mühakimə olunur. Bu üzdən məhkəmə prosesini uzatmağın faydası yoxdur. Onun sözlərinə görə, məhkəmədə gəlib adını çəkən şəxslər orada iştirakıyla bağlı dəqiq heç nə demirlər.

Məhkəmə istintaqının yekunlaşdığı elan olunandan sonra çıxış üçün dövlət ittihamçısına söz verilib. Lakin prokurorlar çıxışa hazır olmadıqlarını bildirib və vaxt istəyib. Onlara bir gün vaxt verilib. Noyabrın 7-də prokuror Vaqif Xaçaturyana cəza istəyəcək.

1955-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi.
Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …