Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / Prezidentin sakinlərin yazılı müraciətlərini şəxsən qəbul etməsindən cəmiyyətə iki mühüm mesaj…

Prezidentin sakinlərin yazılı müraciətlərini şəxsən qəbul etməsindən cəmiyyətə iki mühüm mesaj…

Son vaxtlar ölkə başçısı İlham Əliyevin əhalinin müxtəlif təbəqələrilə daha intensiv şəkildə  birbaşa təmaslara keçdiyinin şahidi oluruq. Bu heç də Prezidentin həmin kateqoriya insanların problemləri ilə yalnız indiki dönəmdə maraqlanması kimi başa düşülməməlidir.

Ölkə başçısı xalqın problemləri, onların həlli yolları ilə yaxından maraqlanmasaydı, təbiidir ki, bütün seçkilərdən qalib ayrıla bilməzdi. Amma gəlin, bunu da etiraf edək ki, müharibə şəraitində yaşayan, Dağlıq Qarabağ kimi qlobal problemi olan bir ölkənin başçısı kimi  cənab Prezidentin hər bir vətəndaşın qayğısı, problemi ilə şəxsən maraqlanmaq üçün vaxtı da kifayət qədər deyil. Əslində,  bunun üçün Prezidentə kömək etməsi vəzifə borcu olan kifayət qədər məmur kontingenti var.  Aşağı pillədən tutmuş Prezidentə qədər olan böyük məmur ierarxiyası ola-ola əhalinin yürüyərək ölkə başçısına çoxlu sayda məktubları şəxsən  vermək istəməsi hər halda məmur eşelonunun işində ciddi problemlərin mövcudluğunu ortaya çıxarır. Çünki   əhalinin adi məişət problemlərini həll  etmək kimi məsuliyyət Prezidentin deyil, birbaşa onların üzərinə düşür. Ancaq son vaxtlar ölkə başçısının daha mütəmadi şəkildə xalqın içində olması, vətəndaşlarla hətta rəsmi protokol qaydalarından kənara çıxaraq söhbət etməsi məmurlarla bağlı tamamilə fərqli mənzərəni canlandırmış oldu.  Bir müddət əvvəl baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı gedən işlərlə tanış olmaq üçün Şamaxı və Ağsu rayonlarına etdiyi səfərlər zamanı biz əhalinin  Prezidenti xüsusi sevgi və mehribanlıqla qarşılaması ilə yanaşı, eyni zamanda ona zərfin içində məktubların verildiyinin də şahidi olduq. Ölkə başçısı bütün məktubları aldı və söz verdi ki, həmin məktublardakı problemlərlə şəxsən tanış olacaq.  Bu vəziyyət bir tərəfdən sevindiricidir ki,  ölkə başçısı xalqın problemləri ilə şəxsən tanış olmaq imkanına sahib olur. Onun şəxsi istəyinə əsasən, məktubları birbaşa özü götürür. Ancaq məsələnin bir qədər də məyyusedici tərəfləri var. Bu da sözügedən məsələlərlə bağlı cavabdehlik daşıyan məmurlarla bağlıdır. Bilirik ki, əhalinin üzləşdiyi problemləri  həll etmələri, bu istiqmaətdə şikayət vermələri üçün Prezidentə qədər kifayət sayda instansiyalar mövcuddur. Ancaq maraqlıdır ki, sadə əhali o kanlllardan istifadə etmir. Məktubları əlbəəl ölkə başçısına təqdim etməyə üstünlük verirlər. Deməli, sadə əhalinin Prezidentlə bu üsulla təmas qurmasına səbəb olan faktorlardan biri də bəzi məmurların əhalini narazı salmasıdır. Digər faktor isə Prezidentə rəsmi kanallarla göndərilən şikayətlərin ünvana yetişmədiyi ilə bağlı olan narahatlıqdır. Məhz buna görə də ölkə başçısı ona məktub verən vətəndaşlara  söz verərək, bunları dedi:”Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verilib. Dağılmış evlərin yerində artıq bu gün yeniləri tikilir. Bütün dağılmış evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq. Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”.

Çox yaxşı olardı ki, ölkə başçısının etimad göstərib vəzifələrə təyin etdiyi məmurların  da əsas qayəsi  ölkə başçısı kimi Azərbaycan xalqına ləyaqətlə xidmət etməkdən ibarət olaydı.  Hər bir məmur ona tapşırılan işi vicdanla yerinə yetirsə, biz bu qədər şikayət məktublarının Prezidentin üstünə axdığının şahidi olmarıq.  Ümid edək ki, ölkə başçısının  xalqla olacağı növbəti səfərlərində o bu mənzərə ilə bir daha rastlaşmayacaq. Biz heç də bu məsələnin inzibati üsullarla, yəni əhaliyə məktub vermək kimi qadağanın tətbiqi ilə həllinin tapılmasını nəzərdə tutmuruq. Onsuz da indiki məqamda bunu etmək mümkün deyil. Çünki Prezident istənilən yerdə  avtomobilini saxladıb, istənilən evdə, kənddə qonaq ola, əhalinin problemi ilə yaxından maraqlana bilər.  Bunun yeganə yolu əhaliyə əsl məmur xidməti göstərməkdən keçir – Prezidentdən öyrənin…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …