Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / O deputata ev verin!

O deputata ev verin!

Ayıbdır. Vallah, ayıbdır. Ölkənin ən populyar deputatı iki otaqlı mənzildə yaşamağa məhkum edilib. Amma 3 cümləni səhvsiz yaza bilməyən jurnalistlərə yeni binalar tikilir…

Deputat Etibar Əliyev hər zaman olduğu kimi yenə də özünü dediyi kimi “ucuzlaşmış sənət”in nümayəndələrinin dağınıq hədəfinə qoyub. İndi deputatımız “atəş altındadır”. Onun düşüncəsinə görə, jurnalistlər snayper kimi peşəkar deyillər. Hədəfi qeyri-peşəkarcasına vururlar. Elə düşündüyü kimi də oldu. İndi deputatımız bilmir özünü haradan müdafiə etsin. Bu “qeyri peşəkarlar” ordusu peşəkar deputata aman vermirlər.

Etibar Əliyev jurnalistlərin, şəhid ailələrinin durumu haqda yazdıqlarından sonra özü haqda yazmağı da unutmayıb: “Mənim mənzil şəraitim bugünkü media kapitanları deyilən şəxslərin mənzil şəraitindən azı 500 dəfə pisdir. Qaraçuxur qəsəbəsində 9 mərtəbəli binanın 9-cu mərtəbəsində 2 otaqlı mənzildə yaşayıram. Lift ara-sıra işləyir. Binaya cəmi 3 saat su verirlər”.

Caan. Adamın həqiqətən ürəyi ağrıyır. Bu qədər zəngin ölkənin istedadlı bir deputatının bu şəraitsizlikdə yaşaması görəsən, kimin günahıdır? Seçiciləri hara baxır, bəs?

Bir deputat hazırkı qanunvericiliyə görə təxminən 40 min seçicinin təmsilçisidir. Onların adından danışır, problemlərinin həlli üçün dövlət qurumları arasında vasitəçilik edir. Bu ritorik sualı dərhal yazmasam olmaz: Bir deputat özünün su problemini, lift müsibətini həll edə bilmirsə, bunu sosial şəbəkədə status yazmaqla ictimailəşdirməyə məcbur olursa, o zaman seçicisinin problemlərinin həlli üçün nə edə bilər?

Mən həqiqətən də inanıram ki, hazırda Milli Məclisdə olan deputatlar içərisində maddi baxımdan ən imkansızı Etibar Əliyevdir. Bəs bu imkansız deputata nə düşüb ki, öz məişət problemlərini həll etmək əvəzinə elə bir rəy yaradır ki, şəhid ailələrinin durumu acınacaqlıdır… İndiki həssas bir vaxtda, müharibənin açdığı yaralardan hələ də qan axdığı bir zamanda jurnalistlərlə şəhid ailələrini üz-üzə qoymaq  kimə lazımdır axı? Görəsən, deputat bu fikirləri paylaşanda hansı ekstrimal vəziyyətdə olub?

Ən ağılasığmaz olan bilirsiniz nədir? Etibar bəy jurnalistlərin maraqlarına zidd, onları aşağılayan bir paylaşım edir. Bu paylaşımda özünə jurnalist deyən hər bir qələm əhlinə pay düşür. Özünə hörmət edən bu “ucuzlaşmış sənət”in nümayəndələri isə təbii olaraq ona cavab verirlər. Sonra bilirsiniz nə baş verir? Etibar Əliyev dost olduğu jurnalitlərə xahiş-minnət edir ki, bəs sosial şəbəkələrdə mənə qarşı kampaniya başlayıb, məni müdafiə et. Beyin bu yerdə həqiqətən error verir. Bu o deməkdir ki, səni söyürəm, amma mənə cavab vermə, de ki, düz deyirsən. Nə bilim vallah, mat qalmalı məntiqdir.

Cənab deputatın jurnalistlərin bunasındakı mənzillərin şəhid ailələrinə verilməsi təklifi və ardınca da öz mənzil şəraitinin pis olması haqda danışması gizli bir istəyi də üzə çıxarır. Olsun. Hər kəsin arzu etmək azadlığı var. Mən də dəstəkləyirəm. Özünün dediyi kimi, elə adamlara mənzil verilib ki, Etibar Əliyevin cəmi 3 köşə yazısı həmin jurnalistin bütün yaradıcılıqlarından faydalıdır. Növbəti binada deputatımıza da mənzil verilsin. Təki bu həssas dövrdə media ilə şəhid ailələrini üz-üzə qoymasın. (Yenisabah)

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …