Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / Mirkazım Seyidov: “Sədr partiyanı özündən sonra varis xətti ilə qızına ötürməyə hazırlaşır” – Müsahibə

Mirkazım Seyidov: “Sədr partiyanı özündən sonra varis xətti ilə qızına ötürməyə hazırlaşır” – Müsahibə

 “Bir tərəfdən gedib şəhid dəfnində iştirak edib, üzü o tərəfə dönən kimi, rüşvət alıb”

Müsahibimiz yaradılması yeni elan edilən  “Böyük Dayaq” adlı siyasi  partiyanın Təşkilat Komitəsinin sədri Mirkazım Seyidovdur

  • Mirkazım müəllim, bu qədər partiya bolluğu içərisində necə oldu ki, yeni siyasi partiya təsis etmək qərarına gəldiniz?
  • Sizinlə tamamilə razıyam ki, Azərbaycanda doğrudan da siyasi partiyalar bolluğu var.  Nəyinsə bolluğu bizi  adətən bazarda  hansısa əmtəəni  axtaranda qane edir.  Təəssüf ki, biz siyasətə bazar prinsipi ilə yanaşa bilmərik. Bura elə meydandır ki,  partiyaların sayı yox, keyfiyyəti bizi qane etməlidir. Təəssüf ki, bizim siyasi palitramızda   daha çox   sədr və portfelindən ibarət olanların çoxluğunu müşahidə edirik.
  • Siz fərqli nəsə təqdim edəcəksiniz?

Təbii ki, fərqli olacaq. Mən bu işə tək yox, sağlam komanda ilə çıxıram.  Yaratdığımız yeni siyasi partiyada yalnız mən və portfelim olcaqsa, onda  elə  fərdi şəkildə öz adımla fəaliyyət göstərərəm.  Hazırda yalnız mənə aid olan siyasi baqaj bir çox partityaların malik olduğundan daha  çoxdur.

  • Yəni deyirsiniz ki, “vitrininiz” zəngin və cəlbedici olacaq?
  • Bəli, partiya işi komanada fəaliyyətdən ibarət olmalıdır. Avtomobil necə yanacaqsız işləyə bilmirsə, siyasi partiya da komandasız fəaliyyət göstərə bilməz. Bu gün Azərbaycanda YAP-ı çıxmaq şərtilə  böyük elektorata sahib olan ikinci partiya tanımıram.  Çox təəssüflə qeyd eməliyəm ki, hərə siyasi partiyadan bir məqsədlə istifadə etməyə çalışır. 20 il fəaliyyət göstərən bir partiya bir dəfə də olsun parlamentdə təmsil oluna bilmirsə, hakimiyyətə gəlməyə nail olmursa, onda onun fəaliyyət göstərməsi nəyə lazımdır? Ən maraqlısı isə budur ki, bu qəbildən olan bir çox partiyaların heç  sədrləri belə dəyişmir. Özü-özünə hesabatlıq  yoxdursa, belə partiyaların siyasi səhnəni tərk etmələri yaxşı olar.
  • Bu arqumentin qarşısında həmin partiyalar deyir ki, sağlam seçki mühiti olmadığı üçün, onlar  bu aqibəti yaşayır…
  • Onda gəlin parlamentdə uzun müddət təmsil olunan partiyalardan danışaq. Onların fəaliyyəti və ortaya qoyduqları nəticə daha biabırçıdır. Elə partiya var ki, 4 dəfə dalbadal parlamentdə bir mandatla təmsil olunur.  Bilirsiniz ki, qanunvericiliyə görə,  belə partiyalar dövlət büdcəsindən maliyyələşir. Bunların vəziyyəti daha acınacaqlıdır. Həmin maliyyədən istifadə edib, heç bir  ciddi nəticə əldə edə bilməyiblər. Fikir verin,  mandata yalnız partiyanın sədrləri sahiblənir. Onda belə çıxır ki, həmin partiya sədrdən başqa ikinci bir siyasətçi yetişdirə bilməyib.  Hətta bir çox partiyalar öz qanuni adları ilə deyil, sədrlərin adları ilə çağrılır. Məsələn, Həsənin və ya Hüseynin partiyası kimi. Elə partiyalar var ki, uzun müddət parlamentdə təmsil olunub, indi də sədr təşkilatı  özündən sonra varis xətti ilə öz qızına ötürməyə hazırlaşır. Hazırda bir neçə fərqli partiyada sədrlərin qızları atalarından sonra ikinci mövqeyi tutur.  Bu market, ata mülki deyil ki, belə yolla sahiblənilsin. Siyasi partiyalarda olan bu mühitin bir adı var, biabırçılıq. Təəssüf ki, bunlar açı reallıqlardı.
  • Sizin partiyada özünüzdən başqa kimlər olacaq?
  • Hələlik təşkilatlanma  prosesi getdiyi üçün,  ətrafımızda olan şəxslərin adını tam açıqlamaq istəmirəm. Yalnız  bir adamın adı bu qəbildən təsadüfən çəkildi və böyük sensasiyanın şahidi olduq. Zamanında “vitrinizimi”  görəssiniz. Çox dəyərli ziyalılarımız   bizimlə birgə olacaq.
  • Adı açıqlanan şəxs kim idi?
  • Məşhur hərəkatçı, Bakı Kəndlər Birliyinin  yaradıcısı Nəsir Ağayevdən söhbət gedir. Biz daha çox “vitrinə” yox, ətrafımıza çoxlu sayda tərəfdarlar toplamağa üstünlük verəcəyik.  Eyni zamanda partiyamız  “beyin mərkəzi”  rolunu oyanayacaq. Biz hakimiyyətə müxtəlif istiqamətlər üzrə təkliflər pllanı işləyib hazırlamağaı planlayırıq.
  • Siz dövlət təltiflərini diaspor sahəsindəki fəaliyyətinizə görə alıbsınız.  Həmin sahədəki fəaliyyətinizi niyə davam etdirmədiniz?
  • Mən uzun müddət Rusiyada yaşamışam. Onda da ürəyim vətənlə döyünüb. Müsahibələrimdən birində demişdim ki, milyonlarla pulumu vətən yolunda xərcləmişəm. Buna qəti peşman deyiləm. 2010-cu ildən Azərbaycanda yaşayıram. Ölkədə yaşaya-yaşaya diaspor fəaliyyətilə məşğul olmağı zəruri bilmirəm. Onsuz da bizim yaratdğımız partiyanın xaricdə yaşayan soydaşlarımızla ciddi iş prinsipi olacaq.
  • Partiyanın siyasi oriyentasiyası necə olacaq?
  • Biz strategiyamızı fərqli qururuq. Tez bir zamanda hakimiyyətə gəlməyi planlamırıq. Hadisələrə real yanaşmaq lazımdır. Bunun üçün çox ciddi təsir imkanları olan siyasi təsisata çevrilməliyik. Siyasi  xəttimiz isə mərkəzilik olacaq. Biz hakimiyyətə yandaşlıq etməyi düşünmürük. Bunun üçün YAP varsa, başqa bir partiyanın hakimiyyəti ifrat dəstəkləməsi nəyə lazımdır? Ondansa partiyanı ləğv elə və get YAP-a üzv ol. Hətta bir dəfə belə partiyalardan birinin sədrinə dedim ki, niyə qərar verib YAP-a birləşmir? Maraqlı cavab aldım. Dedi ki,  dəfələrlə  təklif edib, ancaq qəbul etmirlər. Belə siyasətlə məşğul olmaqdansa,  gedib    yolunu dəstəklədiyi YAP-a sıravi üzv olmaq daha yaxşı olar. Biz hakimiyyətin də, müxalifətin də bütün neqativlikləırini cidddi tənqid edəcəyik. Xüsusilə də məmurların fəaliyyətinə ciddi ictimai nəzarəti həyata keçirəcəyik. Dövlətçilik maraqları ilə uzlaşmayan nə fəaliyyət görsək, birinci bizim tənqid hədəfimizə gələcək.
  • Partiyanın qeydiyyatı ilə bağlı məsələni necə həll etməyi düşünürsünüz?
  • Bilirsiniz ki, uzun müddət Azərbaycanda siyasi partiyaların qeydiyyatı demək olar dayanmışdı. Ölkə başçısının son inaqurasiya nitqində söylədiyi fikirlərdən sonra, bu sahədə ciddi irəliləyişlərin şahidi oluruq. Xüsusilə də təcrübəli dövlət məmuru Ədalət Vəliyevin Prezident Administarasiyasında bu işlərə məsul olması ciddi irəliləyişlərə səbəb olub.  Yeni siyasi konfiqurasiyanın  təşəkkülü istiqamətində  hakimiyyətlə siyasi partiyalar arasında sağlam dialoq mühiti formalaşıb.  Siyasi partiyaların qeydiyyatı sürətlənib, bugünlərdə isə biz partiyaların  dövlət hesabına ofislə təmin edilməsinin  şahidi olduq. Belə  münasibətlər kontekstində biz də partiyamızın tez bir zamanda qeydiyyata alınacağına ümidliyik.  Artıq sənədləşmə işlərini yekunlaşdırmışıq. Pandemiya şəraiti bir qədər bizə mane olur. Alteranativ vasitələrlə bu boşluğu doldura bilirik. Demək olar ki, hər gün  virtual görüşlərimiz olur. Təsis Qurultayını da  virtual formatda keçirib, dərhal sənədləri qeydiyyata təqdim etməyi düşünürük.
  •  Qarabağdakı Rusiya sülhməramlı kontingenti ilə bağlı tamamilə fərqli mövqe ortaya qoyduğunuzun şahidi olduq. Mövqeyiniz dəyişməyib ki?
  • Xeyr,  elə eyni mövqeni bölüşürük. Biz hesab edirik ki, Rusiya sülhməramlılarının dərhal Qarabağdan çıxarılmasını tələb etmək  sülh prosesini pozmağa yönəlik təxribatdan başqa nəsə deyil. Çünki həmin kontingent ora öz başına gəlməyib. Qarabağ Azərbaycan ərazisidirsə, deməli, bizim ölkə rəhbərliyinin buna icazəsi olub. Hesab edirəm ki, biz bölgədən sülhməramlıların çıxarılmasını deyil, onların səlahiyətləri çərivəsində fəaliyyət göstərməsini tələb etməliyik.  Tərəflər arasında dayanıqlı sülh sazişi imzalananadan sonra bütün bu məsələlərə baxıla bilər.
  • İşğaldan azad edilən ərazilərlə bağlı da hansısa təkliflərinizin olduğunu bildiribsiniz…
  • Bəli, bu istiqmaətdə də hökumətə müəyyən təklifləri verməyi düşünürük.  Hesab edirik ki, həmin ərazilərin yenidən qurulması, əhalinin oralara yerləşdirilməsində bir qədər fərqli yanaşama ortaya qoyulmalıdır. Həmin ərazilərə yalnız məcburi köçünlərin deyil,  başqa gənc ailələrin də köçürülməsini stimullaşdıran addımların atılmasına ehtiyac var.  Eyni zamanda,  bərpa prosesinin hamısını  dövlətin üzərinə yıxmaq lazım deyil. Özəl sektor və xarici investisiyanın cəlbi üçün də ciddi iqtisadi paketlər təqdim edilməlidir. Bu geniş mövzu olduğu üçün, detalları təkliflər paketimizdə ətraflı açıqlayacayıq.
  • Məmmur kontingenti ilə bağlı hansı təklifləriniz var?
  • İlk növbədə icra hakimiyyəti strukturu ləğv edilməlidir. Çünki aparılan anti-korrupsiya addımları göstərir ki, hətta bəzi icra başçıları müharibənin getdiyi dönəmdə belə rüşvət alıblar. Bir tərəfdən gedib şəhid dəfnində iştirak edib, üzü o tərəfə dönən kimi rüşvət alıb. Artıq bu strurkutur tam olaraq ləğv edilib, bütün idarəetmə yerli bələdiyyələrə verilməlidir. Bunun üçün də ölkədə təcili olaraq şəffaf bələdiyyə seçkiləri keçirilməlidir.
  • Deyəsən,  həm də yaradıcılıqla məşğul olursunuz…
  • Bəli, mən çoxlu sayda kitabların müəllifiyəm. Üzümüzə gələn ilin əvvəlində siyasətə aid yeni kitabım, çox nəfis tərtibatda işıq üzü görəcək. Kitab azərbaycan , rus və ingilis dillərində olacaq.
  • Sizə siyasi fəaliyyətiniz və yaradıcılıq işlərinizdə uğurlar arzulayırıq.
  • Çox sağ olun, mən də  sizə və bütün xalqımızı xoş rifah arzulayıram.

Fəxri Turan,

Azinforum.az

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …